Azərbaycan liderinin nitqini bir gün İrəvandan eşitsəniz, bilin ki... - Zahid Oruc

11:37 31.10.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Qələbə təqvimimizin 5-ci ilində əsrlərlə məruz qaldığımız torpaq və sərvət itkiləri, məcburi köçkünlük və qaçqınlıq dərdi, daimi inamsızlıq və dərin genetik qorxularımız tarixə qovuşur, yeni qalib milli kimlik erası başlanır”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc bildirib. Qeyd edib ki, tariximizdə ilk dəfə Birinci Şəxs bütün döyüş meydanlarında öndə getdiyi üçün hamı bir axına çevrildi. Yeraltı sərvətlərimiz, yerüstü qüvvələrimiz və göylərdəki ordumuz həndəsi dillə desək, üçölçülü fəzada bir amala yönəldi.

Z.Oruc bildirib ki, qalibiyyətin yüzlərlə səbəbi sırasında biri hamısından üstündür - prezidentin qətiyyəti və inamı:

“Vətən müharibəsinin 44 müqəddəs günü təkcə silahların döyüşü deyil, həm də liderin millətə birbaşa xitabının səlnaməsi oldu. 30 ildir Konstitusiyada yazılan Ali Baş Komandanlıq statusu İlham Əliyevin Prezident kimi deyil, müharibədə qazandığı ali hərbi tituldur. 20 sentyabr 1994-cü ildə neft savaşının udulması ilə 20 senyabr Xankəndi Zəfəri bir amalda birləşdiyi üçün Qələbəmizin birinci müəllifi Ulu öndərdir.
Azərbaycansa ən qısa müddətdə, ən az itki ilə, ən böyük nəticə qazanan tək dövlətdir. Tarix göstərir ki, hər millətin öz “zəfər dövrü” olur. Azərbaycan Qurtuluş savaşında tam və qəti qələbə ilə təkcə savaşı qazanmadı, həm də müharibəni bitirməyi bacardı. Bir əsr əvvəl Topçubaşov Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi üçün Vilsona təvəqqe edirdi. Bu günsə ABŞ prezidenti İlham Əliyevə qalib lider kimi heyranlığını göstərir. Yüz ildə millətimizin statusu dəyişib, indi bizi Kürəkçay müqaviləsini imzalamağa deyil, Vaşinqtonda Qələbə Zirvəsinə dəvət edirlər. Tariximizdə ilk dəfədir ki, dinc və könüllü şəkildə Xankəndini tərk etməklə, erməni məsələsi coğrafiyamızdan kənara çıxıb. İndi “Böyük Ermənistan”, “Qafqaz Ermənistanı”, “Türkiyə Ermənistanı”, “dənizdən-dənizə Ermənistan”ı deyil, “real Ermənistan”ı tanıtdırmaq üçün ermənilər Bakıdan qərar gözləyir. Qələbəmizin coğrafiyasını genişləndirən Azərbaycan liderinin nitqini bir gün İrəvandan eşitsəniz, bilin ki, İlham Əliyev Qafqazı 1-ci Pyotrdan geri alıb. Ən Böyük Qayıdış bax o olacaq”.