Azərbaycanın qeyri-neft sektoru məhsullarının ixracı istiqamətində növbəti uğurlu addım atılıb. Prezident İlham Əliyevin xüsusilə diqqətində olan kənd təsərrüfatı sahəsində yaradılam münbit şəraitdən faydalanmaq və milli iqtisadiyyata öz töhfəsini verən “Green Quba” Şirkətinin direktoru Xalid Popal, Dubayda yerləşən NRTC Şirkətinin rəhbəri Abdulrahim Nassar əl-Refai və direktoru Aqil Mümtaz arasında strateji müqavilə imzalanıb.
Hafta.az-ın yazdığına görə, Azərbaycanın Dubayda yerləşən ticarət nümayəndəliyinin icraçısı Elnur Şükürovun iştirakı ilə keçirələn mərasimdə imzalanmış sənədin Azərbaycanın meyvə ticarətinin inkişafında böyük bir addım olaraq qiymətləndirilir və ölkəmizin meyvə ixrac potensialını artırmaq məqsədi daşıyır.
Altı ildən çoxdur ölkənin meyvə sektorunda böyük təcrübə qazanan “Green Quba” şirkəti xüsusulə alma meyvəsinin xarici bazarlarda tanıdılması və təşviqi istiqamətində xeyli işlər görüb.
NRTC şirkəti ilə əməkdaşlıq, “Green Quba” üçün həm də beynəlxalq bazarda möhkəmlənmək, Azərbaycan məhsullarını daha geniş istehlakçı kütləsinə təqdim etmək imkanı yaradır. NRTC şirkəti də bu əməkdaşlıqdan məmnun olduğunu bildirir və Azərbaycanın yüksək keyfiyyətli meyvələrini Dubayda və digər BƏƏ ölkələrində tanıtmaq üçün əllərindən gələni edəcəyini vurğulayır.
Bu əməkdaşlıq təkcə ”Green Quba” şirkəti üçün deyil ümumilikdə Azərbaycanın meyvə sektoruna böyük fayda gətirəcəkdir. Yerli bazarda əldə etdiyi təcrübələri beynəlxalq arenaya daşımaqla Azərbaycanın kənd təsərrüfatı məhsullarının tanıdılmasına və ixracının artırılmasına böyük təkan verəcək.
Qeyd olunan sənəd eyni zamanda Azərbaycan meyvə sektorunun inkişafında yeni bir dövr açacaq və ölkəmizin iqtisadiyyatına müsbət təsir göstərəcək. “Green Quba” və NRTC şirkətləri arasında bağlanan bu müqavilə Azərbaycan meyvələrinin dünya bazarında layiqli yer tutmasına və ölkəmizin kənd təsərrüfatı potensialının daha geniş miqyasda tanıdılmasına xidmət edəcək.
Təməli yeni atılan bu əməkdaşlıq çərçivəsində “Green Quba” Dubay və Birləşmiş Ərəb Əmirlikləri bazarlarına Azərbaycan meyvələrinin, xüsusilə də almaların tanıdılması üçün bir sıra tədbirlər planlayır. Bu tədbirlər çərçivəsində Azərbaycan meyvələrinin yüksək keyfiyyəti və təbii dadı vurğulanacaq, həmçinin bu məhsulların regionun pərakəndə və topdan satış bazarlarına çıxarılması üçün müxtəlif tədbirlər həyata keçiriləcək.