Xəbər verildiyi kimi, Brüsseldə Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib. Bu barədə özünün “Twitter” hesabında bildirən Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin baş katibi Stefano Sannino Aİ-nin tərəflərini regionda təhlükəsizliyi yaxşılaşdırmaq və delimitasiya üzrə irəliləyişə nail olmaq üçün addımlar atmağa çağırdığını bəyan edib. Gözləntilər nədir, Soçi görüşündən sonra Brüsseldə məlum komissiyalar hansı nəticəyə nail ola biləcək?
Bu istiqamətdə hafta.az-a açıqlama verən politoloq Əhəd Məmmədli bildirib ki, II Qarabağ müharibəsindən sonra tam oyundankənar vəziyyətdə qalan Qərb itirilmiş mövqelərini qaytarmaq üçün danışıqlar prosesində fəal iştirak etməyə başladı.
Ə.Məmmədli qeyd edib ki, istər Vaşinqton, istərsə də Brüssel eyni mövqedən çıxış etdiklərinə görə bu tandemi Qərb olaraq səciyələndirir. Onun sözlərinə görə Soçi görüşündən sonra Brüssel görüşünün nəticəsi minimum səviyyədə ola bilər:
"Amma hansısa bir gözəçarpan dəyişiklik olacağını, nəticə əldə ediləcəyini düşünmürəm. ABŞ və Rusiyanın ümumi bir sülh müqaviləsi təklifi var. Bu ikisini müqayisə edəndə ABŞ-ın təklifi daha konkret və daha çox reallığı əks etdirir. Düzdür, hər ikisi Azərbaycanın maraqlarına cavab vermir. Çünki hər ikisində Ermənistanın, Qarabağ ermənilərin maraqları müdafiə edilir. Məsələyə bu aspektdən baxsaq hələlik sülh danışıqları prosesində Qərb Rusiyanı üstələyir. Amma Rusiyanın Ermənistana təsirini, regiondakı rolunu nəzərə alsaq Rusiya qərbi üstələyir. İstənilən hallarda hər iki tərəfin təklifləri Azərbaycana qarşıdır, Ermənistnın yanındadırlar".
Politoloq hesab edir ki, Azərbaycan Qərb-Rusiya rəqabətindən öz maraqlarına maksimum istifadə etməlidir:
“Vaxt uzadılmamalıdır. Vəziyyət dondurulmuş hala gətirilir və bu vaxtın uzadılması da Ermənistanın özünün tənzimləməsinə şərait yarada bilər. Azərbaycan tərəfi buna imkan verməməlidir”.
O ki qaldı, məlum komissiyaların hər hansı bir nəticəyə nail olmalarına, ekspert hesab edir ki, əldə olunacaq hər bir nəticə, diplomatik müstəvidə dövlətlər və tərəflər arasında əldə olunan razılaşmaya əsasən müəyyən oluna bilər.