Azərbaycana idxal olunmuş mobil telefonların qeydiyyat prosedurları

17:57 29.04.2013
Yazını böyüt
Yazını kiçilt
Ölkəmizdə mobil telefon istifadəçilərinin sayı artdıqca mobil telefon aparatlarına tələbat da yüksəlir. Respublikamızda mobil telefon bazarı genişləndikcə, ölkəyə gətirilən mobil telefon modellərinin sayı da çoxalır. Amma bu gün Azərbaycanda leqal qaydalarla yanaşı, qeyri-leqal yollardan istifadə edib, gizli yolla mobil telefon və müxtəlif telefonlara aid aksessuarlar gətirmək istəyənlərin də sayı az deyil. Hətta Dövlət Gömrük Komitəsinin gömrük nəzarətindən gizlədilmiş, ölkəyə qanunsuz yolla keçirilməsinə cəhd edilən telefonlarla bağlı yaydığı xəbərlərə də rast gəlinir. Onu da bildirək ki, bu gün təkcə Bakı şəhərində deyil, ayrı-ayrı bölgələrdə də müxtəlif telefon istehsalçı şirkətlərinin məhsulları olan mobil telefonların fərqli qiymətlərlə satışına rast gəlinir. Təbii ki, maddi imkansızlıq üzündən təzə və bahalı telefonlara nisbətən daha ucuz qiymətə satılan köhnə və saxta telefonları alan, yaxud almaq istəyən müştərilər çoxdur. Amma satışa çıxarılan saxta və köhnə telefonlara rəsmi sənədin verilməməsi ciddi problemə çevrilib. Halbuki telefon satılarkən istehlakçıya onun pasportu, zəmanət talonu və uyğunluq sertifikatı da verilməlidir. Üstəlik, həmin pasportdakı göstəricilər mütləq Azərbaycan dilində göstərilməlidir. Təbii ki, bütün bunlar istehlakçıların hüquqlarının kobud şəkildə pozulması ilə yanaşı, həm də onların sağlamlıqlarına ziyan vurur.
Xatırladaq ki, mövcud qanunvericiliyin tələbinə görə satışa çıxarılan mobil telefonlar müvafiq orqanlar tərəfindən sertifikatlaşdırılmalıdır. Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən, mobil telefon aparatları sertifikatlaşdırılmalı mallar sırasına daxildir. Bundan əlavə, Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında qərar»ına əsasən, ölkəyə idxal edilən telefonlar harada istehsal olunmasından asılı olmayaraq, “Mobil cihazların qeydiyyat sistemi”ndə qeydiyyata alındıqdan sonra satışa çıxarıla bilər.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirir ki, "Mobil cihazların qeydiyyatının aparılması Qaydası"nın təsdiq edilməsində məqsəd Nazirlər Kabinetinin 2009-cu il 8 oktyabr tarixli sərəncamı ilə təsdiqlənmiş «Terrorçuluq barədə bilə-bilə yalan məlumatların yayılması hallarının qarşısının alınmasına dair Kompleks Tədbirlər Planı»nın icrasını təmin etməkdir. Onun sözlərinə görə, sözügedən qaydalar Azərbaycanda mobil cihazlar bazarının tənzimlənməsinə, ilk növbədə, mobil cihazların istifadəçilərinin təhlükəsizliyi və rahatlığına xidmət göstərəcək: «Bu ilin may ayının 1-dən etibarən Azərbaycanda istifadə olunan bütün mobil telefonlar və digər mobil cihazlar qeydiyyata alınacaq. Bundan sonra mobil telefonların oğurlanması minimuma endiriləcək. Bununla yanaşı, telefonun sahibinə qaytarılması şansı dəfələrlə artacaq. Bu, hər bir mobil telefonun beynəlxalq IMEI kodunun Mobil Cihazların Qeydiyyatı Sistemində (MCQS) qeydiyyatı ilə bağlıdır. Bu sistem vasitəsilə oğurlanmış və itirilmiş mobil telefon bloklaşdırılacaq və onun Azərbaycanda istifadəsi mümkünsüz olacaq. Bunun üçün telefon sahibinin mobil rabitə operatorlarının müştəri xidmətləri mərkəzlərinə və ya Mobil Cihazların Qeydiyyat Mərkəzinə müraciət etməsi kifayət edəcək. Həmçinin oğurlanmış mobil telefonun IMEI kodu beynəlxalq qara siyahıya salınaraq onun dünyanın bir çox ölkələrində istifadəsinin qarşısı alınacaq».
Nazir müavini qeyd edir ki, «Mobil cihazların qeydiyyatının aparılması Qaydası»na əsasən, MCQS-ə mobil telefonun bir sıra göstəriciləri daxil ediləcək. Bura mobil telefonların IMEI-kod adlanan beynəlxalq identifikasiya nömrəsi, telefonun mobil şəbəkə (abunəçi) nömrəsi, SİM kartın seriya nömrəsi, eləcə də mobil cihaz tipinin təsdiq kodu aiddir. Qaydalara görə, MCQS-də qeydə alınan mobil cihazlar qanuniliyinə görə bir neçə kateqoriyaya bölünəcək: «Ağ səhifəyə daxil olanlar qanuni qeydiyyata alınan, qara səhifəyə daxil olanlar isə qanuni qeydiyyata alınmayan cihazlardır. Qaydaya görə, mobil operatorlar qara səhifədə olan mobil cihazlara xidməti məhdudlaşdırmalıdırlar. Başqa sözlə, MCQS-da qeydiyyata düşməyən mobil cihazlardan istifadə etmək praktiki olaraq mümkün olmayacaq. Boz səhifəyə daxil olan cihazlar isə ağ və qara səhifələrə düşməyənlərdir. Qaydalara əsasən, IMEI nömrələri ağ səhifədə olan mobil cihazlar yalnız uyğunlaşdırıldığı mobil (sellülar) telefon nömrələri ilə istifadə edilir. Başqa sözlə, belə telefonları yalnız qeydiyyatdan keçdikləri telefon nömrələri ilə istifadə etmək mümkün olacaq. Ölkəyə satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə mobil cihazları idxal edən şəxslər idxal etdikləri, ölkə daxilində belə cihazların istehsalı ilə məşğul olanlar isə istehsal etdikləri mobil cihazlar barədə göstəriciləri təqdim etməklə həmin cihazların qeydiyyatı üçün qeydiyyat mərkəzinə müraciət etməlidirlər».
Onun dediyinə görə, Azərbaycana mobil telefonu şəxsi istifadə məqsədilə gətirənlər də onların qeydiyyata alınması üçün bilavasitə qeydiyyat mərkəzinə və ya mobil operatorların müştəri xidmətlərinə, yaxud poçt şöbəsinə müraciət etməli olacaqlar. Mobil cihazların qeydiyyatı ilə bağlı qaydalara ölkəyə poçt vasitəsilə göndərilən cihazlara da aiddir: «Ərizədə göstərilmiş IMEI nömrəsinin ağ səhifədə olduğu və ya onun surətinin köçürüldüyü aşkar edilərsə, həmin IMEI nömrəsi dərhal qara səhifəyə daxil edilir və bu barədə müraciət edən şəxsə rəsmi məlumat göndərilir. Mobil cihaz istifadə edildiyi halda isə abunəçiyə aidiyyəti mobil operator tərəfindən qısa mesaj göndərilir, mobil operatorlar qara səhifəyə daxil edilmiş IMEI nömrələri üzrə mobil cihazların fəaliyyətini 24 saat ərzində məhdudlaşdırırlar. Yeni qaydalara görə, mobil telefonu itən və ya oğurlanan şəxs həmin telefona xidmət göstərilməsinin məhdudlaşdırılması üçün qeydiyyat mərkəzinə müraciət edə bilər. Bu müraciət nəticəsində telefona xidmət kəsilir. Həmin cihazdan istifadəyə icazə verilməsi üçün də (məsələn, telefon tapıldıqda) abunəçi eyni qayda ilə qeydiyyat mərkəzinə müraciət etməlidir. Qərara əsasən, mobil cihazların MCQS-də qeydiyyatına bu sistemin qurulmasından sonra başlanacaq. Eyni zamanda bildirilir ki, bu günədək istifadə olunan mobil cihazların qeydiyyatında problem olmayacaq. Qərara əsasən, MCQS-nin istismarına başlanıldığı tarixədək mobil operatorların şəbəkələrində istifadə edilən mobil cihazların IMEI nömrələri qeydiyyat mərkəzi tərəfindən mobil operatorların təqdim etdikləri məlumatlar əsasında ağ səhifəyə daxil edilir. MCQS-də qeydiyyata alınmış mobil cihazların istifadəçiləri dəyişdikdə, həmin cihazların təkrar qeydiyyatı tələb olunmur».
RİTN rəsmisi abonentlərin İMEİ kodlar barədə məlumatlanmasını da vacib sayır. Bildirir ki, İMEİ kod hər bir mobil telefonun 15 rəqəmdən ibarət unikal kodudur: «Bu kod istehsalçı şirkət tərəfindən telefon istehsal olunarkən onun yaddaşına (proqram təminatına) daxil edilir. Hər bir istehsalçının xüsusi alqoritmi əsasında hazırlanan İMEİ koda əsasən istehsalçının adını, olduğu ölkəni müəyyən etmək olar. İlk 8 rəqəm konkret modelin seriyasını göstərir, sonrakı 2 rəqəm isə hansı ölkədə istehsal olunduğunu göstərir. İMEİ kod telefonun yaddaşına yazıldığından, çox asanlıqla telefonda *#06# kombinasiyasını yığmaqla ekranda İMEİ kodu görmək olar. İki Simkartı olan telefon aparatlarına 2 İMEİ kod mənimsədilir. Bundan əlavə, İMEİ kod telefon batareyasının altında, zəmanət talonunda və telefon qutusunda da yazılır. Oğurlanmış və itmiş telefonların tapılmasında İMEİ kod əvəzedilməz vasitədir. Bu kod telefon aparatının yaddaşına yazılmış adi rəqəmlər deyil».
Nazir müavini vurğulayır ki, mobil telefon istifadəçilərinin sayının artması şəraitində, mobil aparat oğrularının sayının artması ehtimalı var. Bu cür oğurluq faktı ilə hər bir istifadəçi həyatında azı bir dəfə rastlaşır və bu, bizə gələcəkdə də mobil telefon oğurluğu ilə rastlaşmayacağımız təminatını vermir: «Mobil telefon oğurluğuna əsasən insanların daha çox sıx toplaşdığı yerlərdə - nəqliyyatda, küçədə rast gəlinir. Adətən, oğurlanmış telefonda ilk görülən iş onun sim kartının çıxarılması və telefonun yenidən işlənmiş telefonların satış bazarına daxil olmasıdır. Bu zaman zərərçəkənlə alıcının, cinayətkarı tutmaq üçün atmalı olduğu ilk addım bu cür olmalıdır. Yəni zərərçəkmiş telefonunun İMEİ kodu vasitəsilə polisin rəsmi müraciəti ilə operatora (oğurlanmış aparat hansı mobil şəbəkədə işləyirsə, məhz həmin şəbəkənin operatoru onu tapa bilər) həm sim kartı, həm də aparatı blok etdirə bilər. Alıcı isə təbii ki, ona gətirilmiş telefonun hər hansı bir cinayətdə işlədilib-işlədilməməsini yoxlamaq üçün oğurlanmış və ya itirilmiş telefon aparatlarının İMEİ kodlarından ibarət bazanın “qara siyahı”sına baxmalıdır».
İltimas Məmmədov xatırladır ki, «Mobil cihazların qeydiyyatının aparılması Qaydası"nın təsdiq edilməsi haqqında qərar qəbul edildiyi tarixdən sonra ölkəyə idxal edilən mobil cihazların İMEİ nömrələri gömrükdə qeydiyyata alınmalıdır və qeydiyyat sistemi yaradılandan sonra həmin sistemin məlumat bazasına daxil edilməlidir. Hər bir mobil cihaz yalnız bir dəfə qeydiyyata alınacaq. Əvvəllər idxal edilən və satılan mobil cihazların qeydiyyatı həmin telefonlara nömrə quraşdırılan andan mobil operatorlar tərəfindən aparılacaq: «İlk dəfə 2012-ci ilin fevral ayından Azərbaycanda mobil operatorların şəbəkələrində mobil cihazların IMEI kodlarının monitorinqinə başlanılıb. IMEI kodların monitorinqi Azərbaycana qeyri-leqal idxal olunan və ölkənin mobil rabitə şəbəkələrində istifadə olunan mobil cihazları üzə çıxarmağa imkan verir. Monitorinq nəticəsində saxta IMEI kodları olan mobil cihazlar da aşkar olunub. Eyni zamanda, aşkarlanmış qeydiyyatsız mobil cihazların şəbəkədə istifadəsinin məhdudlaşdırılması da nəzərdə tutulub. Şəbəkədən məhdudlaşdırma prosesi MCQS istifadəyə verilməsindən sonra planlaşdırılır. Ümumiyyətlə, MCQS-in işə düşməsi mobil telefon oğurluğu hallarının azalmasına, qeyri-qanuni yolla idxala nəzarəti artırmağa imkan verəcək, həmçinin belə telefonların satışı zamanı dövlət büdcəsindən gizlədilən milyonlarla manatın aidiyyəti üzrə yönəlməsinə imkan yaradacaq. Azərbaycanda mobil telefon abunəçilərinin daha keyfiyyətli avadanlıq və aksessuarlarla təmin olunması isə yalnız yuxarıda qeyd olunan sistemin tam fəaliyyətə başlamasından sonra mümkün olacaq.
İstehlakçılar yeni fəaliyyətə başlayan www.imei.az ünvanı vasitəsilə IMEI nömrələrini yoxlaya və ya “1677” xidmətinə zəng etməklə ətraflı məlumat əldə edə bilərlər».
Biz də öz növbəmizdə inanırıq ki, MCQS-in yaradılması abunəçilərin mobil cihazlardan tam rahatlıqla istifadə etmələrinə və onların saxta telefonların yaradacağı fəsadlardan qorunmasına şərait yaradacaq.

Vüsal Tağıbəyli

Yazı «Mobil cihazların qeydiyyat sisteminin istehlakçılar üçün üstünlükləri»nə dair jurnalist müsabiqəsinə təqdim edilir
rubrikasından digər xəbərlər