Bu il Azərbaycanda ötən illə müqayisədə daha çox bal istehsal olunub. Hazırda bal süzümü davam edir və proses avqustun sonunda başa çatacaq.
Bunu hafta.az-a açıqlamasında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.
O bildirib ki, bu il 7 min ton bal istehsalı proqnozlaşdırılıb. Ötən il bu rəqəm 6 min ton təşkil edib.
Onun sözlərinə görə, ölkədə bal istehsalının artmasına işğaldan azad olunmuş ərazilərə arı ailələrinin köçürülməsi də təsir göstərib:
“Ümumiyyətlə bu il bütün bölgələrdə məhsuldarlıq yüksəkdir. Azad olunmuş ərazilərə pilot olaraq arı ailələrinin köçürülməsi də işimizə müsbət təsir göstərib. Bu il arı ailələrinin də sayıda artım var. Ötən il 500 min arı ailəsi var idisə, bu il 540 mindir. Biz gələcəkdə təxminən 300 min arı ailəsinin işğaldan azad olunmuş ərazilərə köçürülməsini planlaşdırırıq”.