Azərbaycanda qeyri-neft sektoru niyə ləng inkişaf edir? - TƏHLİL

17:09 24.07.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan iqtisadiyyatının neftdən asılılığı hələ də yüksək olaraq qalmaqdadir. Son illər bu istiqamətdə müəyyən işlər görülsə də, birbaşa asılılıq hələ də davam edir. Elə buna görə də enerji sektorunun hələ uzun illər Azərbaycan üçün əsas gəlir mənbəyi olacağı proqnozlaşdırılır.

Yeri gəlmişkən, Azərbaycanda neft gəlirlərinin dövlət büdcəsində payı həmişə yüksək olub. Elə bu il üçün dövlət büdcəsinin 24 milyard manatlıq gəlirlərinin 11 milyard 350 milyon manatını Dövlət Neft Fondundan transfert təşkil edəcək. Bundan əlavə, neft-qaz sektorunda çalışan şirkətlərdən mənfəət vergisi və digər vergilər formasında da büdcəyə xeyli həcmdə vəsait daxil olur. Təkcə, bu ilin 6 ayında Neft Fondundan dövlət büdcəsinə 5 milyard 675 milyon manat köçürülüb.

Amma nəzərə almaq lazımdır ki, neft-qaz qiymətləri heç də həmişə stabil olmur və dünyada baş verən proseslərin təsirindən qiymətlər mütəmadi olaraq “oynayır”. Biz bunu bir neçə ay ərzində daha yaxından müşahidə etdik. Belə bir şəraitdə isə çox təəssüflər olsun ki, ölkəyə kütləvi valyuta axınını təmin edə biləcək konkret hansısa yeni istehsal sahəsinin adını çəkə bilmirik. Halbuki təkcə son 5 ildə qeyri-neft sektorunun inkişafının təmin olunması üçün kifayət qədər samballı qərarlar qəbul edilib, ciddi islahatlar aparılıb. Bəs, görəsən, aparılan islahatlar, qəbul edilən qərarların hansı səbəbdən nəticəsi zəifdir? Azərbaycanda qeyri-neft sektoru niyə ləng inkişaf edir?

Məsələyə münasibət bildirən “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın hafta.az-a açıqlamasında deyib ki, ölkənin əsas gəlirlərinin neft-qaz sektorundan olması reallıqdır: “Statistik məlumatlar onu göstərir ki, Azərbaycanın neftdən gələn gəlirlərinin zirvə nöqtəsi 2011-ci il olub.

Ancaq neft və qaz satışından Azərbaycan Dövlət Neft Şirkətinin mənfəəti nəzərə alınmadan 19,4 milyard dollar xalis mənfəət əldə olunub. Ümumilikdə, o zaman Dövlət Neft Fondunun qazancı isə 19,8 milyard dollar idi. İndi biz 2019-cu ilə nəzər yetirək. Bu rəqəm 8,6 milyard dollara düşub. Yəni, 8 ildə 2 dəfədən çox azalma var. Biz bunu 2025-ci ilə də proqnoz edə bilərik. Tutaq ki, 2025-ci ildə “Şahdəniz” layihəsi üzrə 2 milyard mənfəət əldə edə bilərik. 400 milyon dollarlıq mənfəətimiz isə neft məhsullarından olar. Bundan başqa, neftdən ən aşağısı 5 milyard dollar gəlir əldə edə bilərik. İkinci bir tərəfdən, neft sektoru şaxəli sahədir. Yəni, neftin, qazın nəqlindən əldə olunan gəlir, həm ölkə daxilində, həm də ölkə xaricində Dövlət Neft Şirkətinin müəssisələrinin gəlirləri və s. Bu da təxminən 1 milyard dollar gəlir deməkdir. Beləliklə, Azərbaycan 2025-ci ildə neft-qaz sektorundan təxminən 8,5-9 milyard gəlir əldə edəcək. Bu bir mif deyil, reallıqdır”.
Ekspert vurğulayıb ki, qeyri-neft sektorundan əldə olunan gəlir neft sektorundan əldə edilən gəlirlə müqayisə olunmayacaq səviyyədədir: “Baxaq görək, 2019-cu ildə qeyri-neft sektorundan nə qədər gəlir əldə olunub. Statistika göstərir ki, ötən il qeyri-neft məhsullarından əldə olunan gəlir 1,8 miyard dollar həcmində olub. Həmin vəsaitin təxminən 300 miyon dolları Dövlət Neft Şirkətinin müəssisələri hesabına əldə edilib. Bu rəqəm də gəlirdir, mənfəət deyil. İqtisadiyyat Nazirliyi qeyri-neft sektorundan əldə olunan mənfəəti nədənsə, açıqlamır. Amma təxminən bu istiqamətdə mənfəətimiz 200 milyon dollardan çox ola bilməz. Ona görə də neft-qaz sektorundan əldə olunan mənfəəti qeyri-neft sektorundan əldə olunan mənfəətlə müqayisə edə bilmərik. Yəni, reallıq ondan ibarətdir ki, 10 il sonra da qeyri-neft sektorundan əldə olunacaq vəsaitləri neft sahəsindən əldə olunacaq vəsaitlərlə müqayisə edə bilməyəcəyik. Necə ki, 1994-cü ildə Heydər Əliyev özünün baxışları ilə hasilatın pay bölgüsü ilə bağlı bir müqavilə yaratdı və neft sahəsinin fəaliyyətini, bu istiqamətdə xaricilərlə necə işləniləcəyini, əldə olunacaq gəlirlərin necə saxlanılacağını sxemə saldı. Hesab edirəm ki, qeyri-neft sektorunda da belə bir sxem yaradılmalıdır”.

”Azərbaycan hələ də, sovet dövrünün texnologiyalarından istifadə edir”

Onun fikrincə, qeyri-neft sektorunda real inkişafın əldə olunması üçün xüsusi sxemin yaradılması zəruridir: “Məsələn, görün son 5 ildə ölkədə nə qədər aqropark yaradılıb. Dövlət tərəfindən bu istiqamətdə milyardlarla investisiya qoyulub. Amma gəlin görək, həmin aqroparklardan əldə olunan gəlirlərin hesabatı varmı? Təbii ki, yoxdur. Çünki ortada gəlir, filan yoxdur, axı?. Bizdə elə düşüncə var ki, indi kənd təsərrüfatını ayağa qaldırmaq üçün kəndlinin əlinə bel alıb sahəyə çıxması kifayətdir. Ona da ayda 300 manat verilsə, hər şey düzələcək. Bu yanaşma sovet dövründə qaldı. Artıq dünya tamamilə başqa sistemdə inkişaf edir. Bunun üçün elm, ixtisaslı kadrlar lazımdır. Artıq kənd təsərrüfatına əməkyönümlü sahə kimi baxılmır. Məsələn, Türkiyənin özündə tutaq ki, 50 kilometrlik əraziyə cəmi 100 nəfərlik işçi qüvvəsi qulluq edir. Çünki sistemin böyük hissəsi avtomatlaşdırılıb. Lakin Azərbaycan hələ də, sovet dövrünün texnologiyalarından istifadə edir. Təsəvvur edin, biz 15 il öncə Hacıqabuldan tutmuş Yevlaxa qədər olan boş əraziləri dünyada kənd təsərrüfatı üzrə lider olan Almaniya, Fransa, İsrail, Amerika kimi ölkələrin özəl sektorlarına icarəyə versəydik, bu gün tamamilə başqa mənzərə ilə qarşılaşardıq. İsrailin kənd təsərrüfatı üzrə özəl sektorları bizdən dəfələrlə icarə üçün torpaq istədilər. Onların bir məqsədi var idi ki, burda iribuynuzlu heyvanları çoxaltmaq istəyirdilər. Halbuki biz bu istiqamətdə indiyədək özumuzu cəmi 70 faiz təmin edə bilmişik. 30 faiz isə idxal hesabına formalaşır”.

Rəqabət niyə yoxdur?

Ekspert həmçinin deyib ki, bu gün kənd təsərrüfatının ən böyük problemi rəqabətin olmaması ilə bağlıdır: “Rəqabət niyə yoxdur? Azərbaycanın öz varlıları var, axı…Bizdə hər şey dəb hesabına formalaşır. Məsələn, əvvəllər şadlıq evi tikmək, bina tikintisi, klinika açmaq dəbdəydi. İndi isə təhsil mərkəzləri açmaq, 3-5 hektar yer əldə edib kənd təsərrüfatı üzrə mərkəzlər yaratmaq dəbə düşüb. Bunu da kabinetdə oturmaqla bir zəng hesabına həll edirlər. Ona görə də sıravi kəndliyə nə su çatır, nə də hansısa texnika. Nəticə də ondan ibarət oldu ki, 5 il bundan əvvəl südün 1 litri 1 manat idi, indi 2 manatdır. Rusiyadan idxal olunan süd isə 3 manatdır. Yəni, aqrar məhsullar ilbəil bahalaşır. Tutaq ki, bu gün dollar 1,70 qəpikdən 1,80 qəpiyə qalxarsa, yerli istehsal olan bütün ərzaq məhsulları bahalaşacaq. Səbəbini soruşanda da deyəcəklər ki, filan məhsulun xammalı filan ölkədən gətirilir. Elə bir ölkə yoxdur ki, bütün məhsullar üzrə 100 faiz özünü təmin etsin. Sadəcə, başqa ölkələrdə rəqabət olduğundan qiymətlər qalxmır. Sizə sadə bir misal çəkim, gəlin həm 2015-ci ildə, həm də bu gün taksinin qiymətinə baxaq. Bu sahə yeganə sektordur ki, rəqabət var və rəqabət olduğundan da qiymətlər 2015-ci illə müqayisədə təqribən 2 dəfədən çox ucuzlaşıb. Baxmayaraq ki, indiyədək real olaraq 60 faizdən çox yanacağın qiyməti bahalaşıb. Yəni, taksi xidməti sektorunda rəqabət olduğundan normal olaraq qiymətlər də ucuzlaşıb. Məsələ bu qədər sadədir və istənilən sahədə rəqabət olarsa, bazar qiymətləri də reallığı əks etdirər.”

İslahatları real iqtisadiyyata transformasiya edə bimirik

Mövzu ilə bağlı hafta.az-a danışan iqtisadçı ekspert Rəşad Həsənov da hesab edir ki, iqtisadi sahədə fundamental dəyişikliklərə ehtiyac var:

“Hazırda neft sektoru Azərbaycan iqtisadiyyatında 38 faizlik payını saxlayır. Eyni zamanda, ixracda 90 faizlik payını, büdcə gəlirlərində 55-60 faizlik payını qorumaqdadır. Yəni, bundan sonra da iqtisadiyyata yanaşma dəyişməzsə, mövcud şərtlər konyuktur liberal iqtisadi mühitin formalaşması istiqamətində dəyişdirilməsə, iqtisadiyyat açılmasa, beynəlxalq ticarət şərtlərinə uyğun mühit formalaşdırılmasa, xarici ticarət bloklarında təmsilçiliklə bağlı konservativ mövqe dəyişməsə, biz qeyri-neft sektorunun iqtisadiyyatda xüsusi çəkisinin artmasını çətin ki, müşahidə ola bilək. Hazırda təbii bir proses gedir və neft sektoru kiçilir. Yəni, neft sektorunda hasilatın azalması fonunda biz qeyri-neft sektorunun iqtisadiyyatdakı payında müəyyən dinamika hiss edirik. Əslində neft sektorunun ölkə iqtisadiyyatında payının yüksək olması bizi xarici təsirlərdən asılı vəziyyətə salır. Biz bunu həm müstəqilliyin ilk illərində, həm də pandemiya dövründə çox acı şəkildə hiss etdik. Neft gəlirlərinin azalması həm fiskal daxilolmalara, eyni zamanda, strateji valyuta ehtiyatlarına,tədiyyə balansının strukturuna çox ciddi mənfi təsir göstərir. Digər tərəfdən, dövlətin maliyyə dayanıqlığını, iqtisadiyyatın davamlı inkişafını risk altına alır. Bizdə olan məlumata görə, dövlət tərəfindən post-pandemiya ilə əlaqədar strategiya hazırlanmaqdadır. Umumiyyətlə, Azərbaycanda 2020-2025-ci illər üçün iqtisadiyyatın inkişafına dair strategiyanın hazırlanması nəzərdə tutulurdu. Bununla bağlı hətta Nazirlər Kabinetinin qərarı da var idi. Amma pandemiya müəyyən qədər konyukturu dəyisdirdiyindən bu strategiyanın yeni elementləri ortaya çıxdı. Düşünürəm ki, strategiya məhz iqtisadi mühitin liberallaşdırılması, o cümlədən rəqabətli fəaliyyət mühitinin yaradılması, dövlət tənzimləmələrinin müəyyən qədər yumuşaldılması, iqtisadi sferada ədalətli məhkəmə sisteminin təmin edilməsi və işlək mexanizlərin hazırlanması vacib elementlərdir. Digər tərəfdən, biz iqtisadiyyata xarici investisiya cəlb edə bilməliyik. Ötən illərə nəzər salsaq, məsələn, 2016-cı ildə ölkəmizdə 12 strategiya qəbul olundu. Bu strategiyalar ötən 4 il ərzində icra olunarkən bir çox təşviq mexanizmləri hazırlandı, bir çox sahələr üzrə müəyyən instisional dəyişikliklər baş verdi. Amma biz bu strategiyaların real iqtisadiyyata transformasiyasını görə bilmədik. Məsələn, qeyri-neft sektorunun böyüməsi aşağı templə, təxminən 1-2 faizlə inkişaf edir. Düzdür, bu doymuş iqtisadiyyatlar üçün məqbul hesab edilə bilər. Amma Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatları üçün qeyri-məqbul böyümədir. Qonşu Gürcüstan son 4 ildə 4,5 faizlik orta artım tempi nümayiş etdirir. Biz 2016-cı illə müqayisə aparmış olsaq görürük ki, islahatların əsas ölçü meyarlarında biri də xarici investisaya qoyuluşları olmalı idi. Lakin statistika onu göstərir ki, bu illər ərzində qeyri-neft sektoruna qoyulan xarici sərmayələr artmaq əvəzinə azalıb. Halbuki bizim apardığımız islahatlar nəticəsində Azərbaycanın qlobal reytinq agentliklərində mövqeyi möhkəmlənib, “Doing Bussines” indeksində ölkə 2019-cu il göstəricinə görə 25-ci yerə yüksəlib, qlobal rəqabətlilik indeksində, eyni zamanda iqtisadi azadlıqlar indeksində irəliləmələr olub. Bu istiqamətdə hər şey yaxşıdır. Amma biz bunu real iqtisadiyyata transformasiya edə bimirik. Səbəb isə iqtisadi islahatların siyasi islahatlarla əvəz olunmamasıdır”.

Əvvəlki oyun qaydaları ilə iqtisadiyyatı idarə etmək mümkün deyil

Ekspert deyib ki, burada əsas amillərdən biri investisiyaların, ələlxüsus xarici yatırımların cüzi risklərə belə çox həssas olmasındadır: "İnvestorlar ən müxtəlif mənbələrdən məlumat alırlar, reallığı hər kəsdən yaxşı bilirlər, beynəlxalq reytinqləri verən və hesabatlar hazırlayan qurumlardan belə yaxşı təhlil apara bilirlər. Hər hansı problemləri çıxacağı təqdirdə hüquqlarını nə dərəcədə qoruya biləcəkləri məsələsi onlar üçün mühüm əhəmiyyət kəsb edir. Əslində xarici investisiya sadəcə pul deyil, eyni zamanda 100 illərlə formalaşmış peşəkar təcrübə, qlobal bazarlarda işgüzar əlaqələrdir. Yəni münbit şəraitin yaradıldığına əmin olsa, investor yatırım edib, çox qısa zamanda dünya bazarına çıxmaq potensialına malikdir.

Düşünürəm ki, bundan sonrakı dövrdə artıq həm institusional, həm iqtisadiyyatın liberallaşdırılması, həm də ölkənin qlobal iqtisadiyyata inteqrasiyası baxımından əməli addımlar atılmalıdır. Çünki artıq əvvəlki oyun qaydaları ilə iqtisadiyyatı idarə etmək mümkün deyil. Əks təqdirdə, biz 10 il sonra da eyni məsələləri müzakirə edib, eyni sözləri deyəcəyik".