Cənubi Qafqazın və Azərbaycanın ən böyük çayı Kür sürətlə quruyur. Son bir neçə ildir ki, cayda suyun səviyyəsinin kəskin azalması müşahidə edilir. Çayın Salyan, Neftçala ərazisindən keçən hissəsində vəziyyət daha ciddi hal alıb, bu ərazidə demək olar ki, Kür tamamilə quruyub. Qış aylarında sululuq dövrünün olmasına baxmayaraq, son günlər çayda suyun səviyyəsi sürətlə aşağı düşür. Təkcə 4-5 gündə çayda suyun səviyyəsi 80 santimetrə yaxın azalıb. Bu da əhalinin ciddi narahatlığına səbəb olub.
Bəs, görəsən çayın qurumasına səbəb nədir? Ölkə ərazisinə yağıntı düşməsinə baxmayaraq Kürdə sululuq niyə artmır? Bunun hansı fəsadları ola bilər? Hökümət ekoloji fəlakətin qarşısını almaq üçün hansı tədbirlər görmək niyyətindədir?
Qeyd edək ki, ötən ay Kür çayının aşağı axınında çay və ətraf ərazilərdəki təbii-antropogen ekosistemlərdə baş verən dinamiki dəyişmələri öyrənmək məqsədilə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin əməkdaşları 4 gün müddətində ezamiyyətdə olublar. Əraziyə səfər edən tədqiqatçılar çayın aşağı axınında baş verən suyun azalması prosesinin bilavasitə Kür çayı hövzəsində intensivləşən təbii və antropogen təsirlərlə bağlı olduğunu müəyyən ediblər.
Çayın yatağı son ilyarımda 2 dəfə kiçilib
Alimlər bildirirlər ki, iqlim dəyişmələri və Xəzər dənizinin səviyyə tərəddüdləri çay və çayətrafı ekosistemlərə ciddi təsir göstərir. Belə ki, hava temperaturunun ölkə ərazisində artması və yağıntıların azalması suya olan tələbatı çoxaldıb ki, bu da Kür çayı hövzəsindəki çaylardan daha çox su götürülməsinə və onlarda suyun azalmasına, bəzən isə qurumasına gətirib çıxarıb. Dənizin səviyyəsinin 1978-ci ildən 1995-ci ilə kimi 2,5 m-dən çox qalxması dəniz sularının çayın aşağı axınında çay yatağına dolmasına səbəb olub. Bu zaman duzlu dəniz suyu ağır olduğundan çay yatağının dibi ilə yuxarıya doğru irəliləyib.
Müşahidələr göstərir ki, çay yatağının indiki vəziyyəti 1,5 il əvvəlki dövrlə müqayisədə 2 dəfəyə qədər kiçilib. Yatağın quruyan hissələrində artıq davamlı yulğun-liğvər kolluqları əmələ gəlib. Alimlərin qənaətinə görə, Kürdə suyun səviyyəsinin aşağı düşməsinin bir neçə səbəbi var, amma əsas səbəb iqlim dəyişməsidir.
Kürü qurudan səbəblər isə konkret olaraq aşağıdakılardır:
1. Lazımsız ərazilərdə yeni suvarılan torpaqların istifadəyə verilməsi ilə köhnə suvarılan sahələrin susuz qalması.
2. Kür çayının deltasında balıq yetişdirmək üçün geniş imkanların olmasına baxmayaraq Kür-Araz ovalığının daxili hissələrində suvarılan əkinaltı və otlaq sahələrdə süni balıq gölməçələrinin yaradılması.
3. Kürün qolları üzərində kütləvi şəkildə su anbarlarının tikilməsi ilə çayın aşağı axınında suyun azalması.
4. Qum-çınqıl karxanalarında çay yatağına müdaxilə ilə asılı gətirmələrin təbii dinamiki vəziyyətinin pozulması.
5. Antropogen təsirlərlə Kür hövzəsi çaylarında dib eroziyasının artması nəticəsində çay yatağında hidrogeomorfoloji şəraitin kəskin dəyişməsi.
6. Çay suyundan özbaşına su götürülmələri və s. Bütün bu səbəblər yaxın illərdə vəziyyətin düzələcəyini vəd etmir.
Məsələni hafta.az-a şərh edən Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun rəhbəri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Rauf Sultanov bildirir ki, hazırda dünya miqyasında şirin su problemi qlobal məsələyə çevrilib: “Bunu törədən səbəblərdən biri də atmosferdə temperaturun 1,5 dərəcə artmasıdır. Bunun nəticəsində Yer kürəsindən çoxlu miqdarda su buxarlanır. Böyük və kiçik su dövranının olduğunu nəzərə alsaq, o zaman buxarlanan su yenidən yerə qayıtmalıdır. Yəni dağlardakı çaylar vasitəsilə dəniz və okeanlara qarışmalıdır. Amma indiki dövrdə Yer kürəsinin müəyyən hissəsində quraqlıq, digər tərəfində isə yağıntılar müşahidə olunur. Yağıntılar isə o qədər çoxdur ki, sellər əmələ gəlir və ölkələrə ziyan vurur. Bir sözlə təbiətdə iqlim dəyişir. Son 70-80 ildə Azərbaycanda fevral ayında bu ilki qədər isti müşahidə edilməyib. Bunun təsiridir ki, Kür çayında suyun səviyyəsi olduqca aşağı düşüb”.
Ekspert vurğulayır ki, su qıtlığı böyük problemdir və qlobal istiləşmə Azərbaycanda kənd təsərrüfatı sahəsinə, eyni zamanda bu sahə ilə əlaqəli sektorlara ciddi ziyan vura bilər: “Kənd təsərrüfatının 60-65 faizi Aran bölgəsində cəmləşib. İstiləşmə olduqda isə ölkəmizdə su qıtlığı yaranacaq. Bu da aqrar sektora mənfi təsir göstərəcək. 70-80 ildir ki, çayların sululuğu, Kürün suyunun qalxması və quruması ilə bağlı bir sıra tədqiqatlar aparılıb. Azərbaycanda içməli suyun 2/3-si transsərhəd suların hesabına formalaşır. Kürdə suyun səviyyəsinin enməsi təkcə Azərbaycanın problemi deyil, bu, eyni zamanda çayın keçdiyi ölkələr üçün də həyəcan təbili olmalıdır. Məsələn, Kür mənbəyini Türkiyədən, Qars vilayətinin ərazisindəki Qızıl Gədik dağının şimal-şərq yamacından, 2740 metr yüksəklikdən götürür. Türkiyə, Gürcüstan ərazisindən axaraq Azərbaycan ərazisinə daxil olur. Uzunluğu 1515 kilometr, hövzəsinin sahəsi 188 min kvadratkilometr olan çayın 906 kilometri Azərbaycan ərazisindən keçir. Deməyim odur ki, Kürün quruma səbəbi qlobal problemdir. Qışın sərt keçməməsi və dağlarda qarın miqdarının az olması Kürdə suyun səviyyəsinin aşağı düşməsinə səbəb olur. Bu suların kənd təsərrüfatı üçün həddindən artıq istifadə olunması da buna təsir edən amillərdəndir. Hazırda Gürcüstanda kənd təsərrüfatı Azərbaycan qədər inkişaf etməyib, əhalisi də azdır. Əgər əhali çox olsaydı və kənd təsərrüfatı inkişaf etsəydi, ümumiyyətlə, Kürdə su tamamilə qurumuş olardı.
Ekoloq habelə qeyd edir ki, Azərbaycanda su anbarlarının daha çox tikilməsi və suya olan tələbatın ödənilməsi vacibdir: “Bu istiqamətdə xeyli işlər görülüb. Amma atılan addımlar kifayət etmir. Azərbaycanda içməli sudan normadan artıq istifadə edilir. Su isə çox qiymətlidir. Ona görə də, çaylarda suyun səviyyəsinin azalmasının qarşısını almaq üçün vacib addımlar atılmalıdır ki, içməli suya olan tələbatda problemlər yaranmasın”.
Son 30 ildə su ehtiyatlarımız 15 faizədək azalıb
Məsələ ilə bağlı hafta.az-a açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib ki, qlobal iqlim dəyişmələrinin təsiri nəticəsində son illərdə temperaturun1,4 dərəcə selsi artması, yağıntının azalması, buxarlanmanın artması, Kür çayının və ölkənin digər çaylarının su ehtiyatlarının azalmasına səbəb olub: “90-cı illərləmüqayisədə son 30 ildə su ehtiyatlarımız Kür hövzəsində və ölkəmizin digər çay hövzələrində 15 faizədək azalıb. Əlbəttə ki, iqlim dəyişmələrinin təsiri ilə yanaşı sudan istifadənin çayda suyun azalmasına mənfi təsiri var. Çaylardan həddindən artıq su götürülməsi, sudan səmərəsiz istifadə, suyun nəqli və istifadəsi zamanı itkilərin yüksək olması bu problemi daha da kəskinləşdirib. Məhz bunun nəticəsində Kür çayının aşağı hissəsində həm əhalinin su təchizatında və eyni zamanda, suvarma və s. məsələlərdə bəzi problemlər yaranıb. İkinci bir tərəfdən də Kür çayının suyunun az olması çayın Xəzər dənizinə töküldüyü yerdə müəyyən ekoloji problemə səbəb olub ki, bu da suyun keyfiyyətinə, duzluluğunun atrmasına gətirib çıxarıb. Əgər əvvəllər Kürün aşağı axınında yayda 200-300 kubmetr su olurdusa, indi 70-80 kubmetrsaniyədir. Nəticədə Kür çayının səviyyəsi aşagı düşərək dənizin səviyyəsinə yaxın olub. Bu, öz növbəsində dənizdən duzlu suların şərq küləkləri zamanı çay boyu 20-30 kilometr hərəkət etməsinə səbəb olur, adi halda Kürdə duzluluğun 0,5 - 0,7 qram/litr olduğu halda, cənub-sərt küləkləri zamanı külək duzluluğu bəzən 8-10 qramadək artırılır və duzlu suları 20-30 kilometrə qədər gətirir. Bu da əhalinin su təchizatında ciddi problemlərə səbəb olur".
Kürün əvvəlki qolları bərpa oluna bilər
R.Verdiyev vurğulayır ki, dövlət tərəfindən problemin qarşısının alınması üçün müvafiq işlər görülür: “Ölkə Prezidentinin sərəncamı ilə yaradılan su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiya məhz 2020-2022-ci illər üzrə Tədbirlər Planı hazırlayıb. Bu plan ölkənin su ehtiyatlarından səmərəli istifadə, su təsərrüfatı obyektlərində olan itkilərin qarşısının alınması ilə bağlı konkret tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Planda Milli Su Strategiyasının hazırlanması, qəbul edilməsi və müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılır ki, bunlar arasında Kürün aşağı axınında su probleminin həlli də nəzərdə tutulur. Burada Kürün əvvəlki qollarının bərpası və yaxud da çay üzərində müvafiq qurğular qurmaqla dənizdən dalğalanma zamanı duzlu suların daxil olmasının qarşısının alınması, eyni zamanda, Kürün aşağı axınında müəyyən qədər çox axımın da təmin olunması kimi məsələlər öz əksini tapır”.
Onun sözlərinə görə, Milli Hidrometeorologiya Xidməti hər gün Kürün səviyyəsinin necə dəyişməsini, küləklər zamanı hansı proseslərin baş verməsini, duzluluğun necə dəyişməsini müşahidə edir:“Həmin məlumatlar üzərində iş aparılır. Bu məlumatlar təhlil ediləcək və daha sonra müvafiq işlər görüləcək. Müvafiq qurumlar da bu istiqamətdə işlər aparır, Kür boyu əraziyə vaxtaşırı baxış keçirirlər. Məqsəd gələcəkdə su ilə bağlı problemin kəskinləşməsinin qarşısını almaqdır.