Azərbaycan torpaqları işğaldan azad olunandan sonra Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən infrastruktur layihələr, rayonları bir-birinə bağlayan yolların çəkilişi istiqamətində aparılan işlərin əhəmiyyəti müxtəlif aspektlərdə təhlil olunur.
Məlum olduğu kimi bu gün işğaldan azad olunan Qarabağ və ətraf rayonlarda 700 kilometr uzunluğunda əlavə halqa yollar çəkilir. Qarabağın dağlıq ərazisinin mənimsənilməsi, əhalinin köçürülməsi, erməni təxribatlarının qarşısının alınması baxımından Azərbaycanın öz nəzarətində olan ərazilərində belə alternativ yolların çəkilməsi təbii ki, lazımdır, mütləqdir.
Amma sülhməramlıların nəzarətində olan ərazilərdəki yollarımızın aqibəti də bizi narahat etməkdədir. Bəs bu yollardan nə zaman istifadə edə biləcəyik?
Nəqliyyat eksperti Ərşad Hüseynov hafta.az-a açıqlamasında bildirib ki, sülhməramlıların nəzarətində olan ərazilərdə yolların təmiri, yaxud o yollardan istifadə bu gün üçün məqbul görünmür.
Onun sözlərinə görə, birinci növbədə o ərazilərin rejimi müəyyən olunmalıdır. Bu da ondan ibarətdir ki, Azərbaycan yol inşaatı şirkətləri, mülki, hərbi, dövlət təşkilatları ora gələndən sonra o yollar çəkilməlidir. Bir sözlə, bütün yollar tam Azərbaycanın nəzarətinə keçəndən sonra təmir oluna bilər.
Politoloq Fikrət Sadıqov hafta.az-a bildirib ki, Azərbaycan ərazilərində yolların tikilməsi, ora nəzarətin edilməsi Azərbaycanın əsas prioritet məsələsidir. Sülhməramlıların burda olması bizi narahat etməməlidir.
Politoloq hesab edir ki, birinci növbədə rus sülhməramlıları öz missiyalarını anlamalı və öz işləri ilə düzgün məşğul olmalıdırlar. Əgər sülhməramlılar üçün hər hansı çıxış aktuallaşarsa, onlar Azərbaycanın icazəsi və köməkliyindən istifadə edə bilərlər.
“Sülhməramlılar bilməlidirlər ki, onlar öz torpaqlarında deyillər, ora müvəqqəti gəliblər. Bu da o demək deyil ki, burda ev sahibliyi etməlidirlər”.
F.Sadıqov bildirib ki, Azərbaycan öz nəzarətində olmayan ərazilərində sülhməramlılarla razılaşdırılmış şəkildə olsa da, yollar çəkəcək.
“Təbii ki, burda onların müəyyən şərtləri, xahişləri də ola bilər. Biz o yolları da nəzarət altına götürəcəyik. Onlar bizim maraqlarımıza zidd olmadığı təqdirdə xahişlərini yerimə yetirməyə hazır olacağıq. Əsas məsələ odur ki, bu torpaqlar Azərbaycana məxsus ərazilərdir. Yolların çəkilməsi üçün kimdən icazə almalıyıq?”
O ki qaldı sülhməramlıların nəzarətində olan yolların təmir olunub onlardan necə istifadə olunmasına F. Sadıqov hesab edir ki, bu gün əsas məsələ istifadədən yox, nəzarətin təşkilindən gedə bilər. Biz yollarımıza nəzarət etməli, monitorinqini aparmalıyıq. Biz nəzarətimizdə olmayan yolların istifadəsinin də yollarını tapacağıq. Ola bilər ki, burda müəyyən çətinliklər əmələ gəlsin. Amma onlar bilməlidirlər ki, sülhməramlılar daimi deyillər”.
Politoloq Qabil Hüseynli hafta.az-a açıqlamasında bildirib ki, Azərbaycanın öz nəzarətində olmayan yollardan istifadə etməsi mümkün deyil. Onun sözlərinə görə, yollardan istifadə olunması məsələsindən qabaq biz sülhməramlıların səlahiyyətləri ilə bağlı hüquqi şərtlər işlənib hazırlanmalıdır.
“Sülhməramlılar haqqında siyasi qərar verilib. Amma onların hüquqi səlahiyyətləri, davranışları və bütövlükdə tabeçilik üsulları haqqında hələ ki, əsasnamə yoxdur. Sülhməramlıların fəaliyyəti ilə bağlı Rusiyanın təklif etdiyi əsasnamə isə bizi qane etmir. Bu səbəbdən də danışıqlar gedir. Bu kontekstdə də bu mərhələdə sülhməramlıların nəzarətində olan ərazilərdə yolların çəkilməsi və ordan istifadə olunması məsələsinin ortaya atılması tezdir. Ona görə də bu gün Azərbaycan Ağdərədən Kəlbəcərə gedən yolu təmir etmək fikrində deyil və hesab edirəm ki, buna lüzum da yoxdur”.
Politoloq hesab edir ki, Azərbaycan ərazi bütövlüyünün tam tanınması, suverenliyinin bütün ərazilər üzərində bərqərar olunmasından sonra bütün ərazilər üzrə təmir işlərini həyata keçirməyə davam edəcək.
“İndi isə işğaldan azad olunmuş və ərazinin böyük hissəsini təşkil edən yerlərdə tikinti, quraşdırma, yolsalma, infrastruktur məsələlərinə diqqət yetirilir. Sülhməramlıların nəzarəti altında olan və erməni silahlılarının qaldığı ərazilərdə yollar salınmasının hələ vaxtı deyil”.