Azərbaycanın üzləşdiyi mina problemi Avropa mətbuatında işıqlandırılıb 

12:44 25.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi  ilə  «Ekoloq-2010» Ekoloji Maarifləndirmə İctimai Birliyi(EMİB)  tərəfindən həyata keçirilən  “Mina çirklənməsi ekoloji təhdid kimi” layihəsinin icrası başa çatıb.

EMİB-dən verilən məlumatda bildirilib ki, 3 ay müddətində icra olunan layihənin əsas məqsədi Ermənistanın  30 il müddətinə işğalda saxladığı Azərbaycan torpaqlarında törətdiyi müharibə cinayətləri barədə  Avropa  ictimaiyyətini məlumatlandırmaq olub.

Layihənin icrası məqsədilə erməni icmalarının daha aktiv fəaliyyət göstərdiyi Fransa, İtaliya, Rumıniya və  İsveçin  aparıcı KİV-lərində  Ermənistanın Azərbaycana

qarşı həyata keçirilən ekoloji və müharibə cinayətlərindən bəhs edən  məqalələr yerləşdirilib. Özünü “demokratik” dövlət adlandıran Ermənistan hakimiyyətinin iç üzünü  Avropa  ölkələri ictimaiyyətinə göstərməyi çalışılıb. Və buna qismən nail olunub. Belə ki, layihə çərçivəsində   fransız, italyan və ingilis dillərində hazırlanan məqalələr yuxarıda sadalanan ölkələrin mətbu orqanlarında dərc edilib.

Məqalələrdə qeyd edilib ki,ətraf mühitə və inkişafa dair Rio-de-Janeyro bəyannaməsinə görə, müharibələr davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərməməlidir. Bu səbəbdən dövlətlər silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər. Lakin Ermənistan nəinki bu prinsipləri gözləməyib, əksinə onları kobud surətdə pozaraq işğal etdiyi Azərbaycan  torpaqlarında  təbiəti viran qoyub.Yeraltı və yerüstü sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində bu bölgədə ekoloji tarazlıq pozulub və Azərbaycanın ekologiyasına sağalmaz ziyan dəyib.

Bununla da Ermənistan qoşulduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaları, o cümlədən, “Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi” haqqında BMT konvensiyasını pozub.

Bütün bunlar bir yana, bu gün Azərbaycan dünyada mina terrorundan ən çox əziyyət çəkən on ölkədən biridir.Hesablamalara görə, Ermənistan 30 illik işğalçılıq siyasəti zamanı Azərbaycan torpaqlarında 1,5 milyondan çox  mina yerləşdirib. Başqa sözlə, ölkə ərazisinin 12 faizi minalarla və partlamamamış sürsartlarla çirklənib.Bu isə ölkənin kənd təsərrüfatı üçün yararlı torpaq fondunun 28 faizi deməkdir.

Görünən odur ki, mina terroru Ermənistanın müharibə cinayətlərinin ayrılmaz tərkib hissəsi olub. Rəsmi rəqəmlərə görə müharibənin 2020-ci ildə başa çatmasından bu günə qədər əksəriyyəti mülki olan 421 Azərbaycan vətəndaşı mina qurbanı olub, onlardan 72-i həlak olub, 349-ü isə ağır yaralanıb. Ümumilikdə isə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3500-dən çox azərbaycanlı  minalardan zərər çəkib, onlardan 358-ni uşaqlar, 38-ni isə qadınlar təşkil edir.

Dəqiq xəritələrin olmaması səbəbindən Azərbaycanın minatəmizləmə prosesində üzləşdiyi çətinliklər yenidənqurma və bərpa işlərinə əngəllər yaratmaqla yanaşı, 1 milyona yaxın keçmiş məcburi köçkünün öz doğma evlərinə qayıtmasına ciddi maneə törədir.

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş əraziləri öz hesabına əsaslı bərpa edən və yenidən quran Azərbaycan  paralel olaraq mina probleminin həllinə də böyük vəsaitlər sərf etmək məcburiyyətindədir.

 Bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Mina təmizləyənlərin fədakar əməyi sayəsində 261 min hektardan artıq ərazi minalardan təmizlənib.

Bu işdə qadın mina təmizləyənlərin də xidməti az deyil. 2023-cü ildə yaradılan qadınlardan ibarət minatəmizləmə qrupları işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətini həyata keçirir. Hazırda 18 qadın minaaxtaran və 2 qadın paramedik fəaliyyət göstərir. Qadın minaaxtaranlar tərəfindən indiyədək 600 hektardan çox ərazi minalardan təmizlənib, 550 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb. Minaaxtaran qadınlarla yanaşı, minaaxtaran it bələdçisi xanımlar da fəaliyyətə cəlb olunub.

İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesinin sürətləndirilməsi üçün isə dəqiq xəritələrin olması çox vacibdir.Lakin bütün beynəlxalq təşkilatların səylərinə baxmayaraq Ermənistan mina xəritələrinin rəsmi Bakıya təqdim edilməsindən müxtəlif bəhanələrlə yayınmaqdadır.

Dəqiq nina xəritələrinin Azərbaycana verilməsindən imtina Ermənistanın da tərəfdar olduğu insan hüquqları sahəsindəki beynəlxalq müqavilələrdə əks olunmuş yaşamaq, mülkiyyət, sağlamlıq və s. hüquqların davamlı pozuntularına səbəb olmaqdadır.

Məqalələrdə vurğulanıb ki, yuxarıda qeyd edilənlər beynəlxalq ictimaiyyəti düşündürməli və nüfuzlu beynəlxalq təşkilatlar Ermənistandan Azərbaycana qarşı yürütdüyü ekoloji və mina terroru siyasətinə son qoyulmasını, işğal altında saxladığı ərazilərdə basdırdıqları minaların dəqiq xəritələrini nəhayət Azərbaycan tərəfinə təqdim olunmasını tələb edilməlidirlər. Eləcə də , özünü “demokratik ölkə” adlandıran Ermənistanı Azərbaycanla  Böyük Sülh Sazişinin imzalanması istiqamətində konkret addımlar atmağa tələsdirməlidirlər.