Azərbaycanlıların Ermənistanda kəndlərinə qayıtması beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır - ekspert

17:54 10.08.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Hərbi ekspert Şair Ramaldanov hafta.az-a açıqlamasında bildirib ki, bu gün azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarına qayıtması haqqında danışmaq bir qədər tezdir. Onun sözlərinə görə, əgər Azərbaycanda erməni millətindən olan vətəndaşlar yaşayırsa, Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər.   Azərbaycanda yaşayan digər azsaylı xalqların nümayəndələri kimi bütün konstitusion hüquqlara malik və bütün qanunlara riayət eliyərək yaşamalıdırlar. Azərbaycanlılar da əgər qayıdıb Ermənistanda yaşamaq istəyirlərsə, eyni yanaşma da orda olacaq. Ermənilərlə yanaşı yaşamaq istəyirlərsə, orda Ermənistan vətəndaşlığını qəbul etməlidirlər”.

Ş.Ramaldanov hesab edir ki, burda yanaşma sadədir. Ramaldanov bu barədə danışmağın tez olduğunu onunla əlaqələndirib ki, Ermənistanın bugünkü acınacaqlı vəziyyəti hələ davam edəcək. Ermənistanın yenə də xilaskarı yalnız Azərbaycan ola bilər. Müəyyən Enerji yolları Ermənistandan açılsa, onlar da Gürcüstan kimi bu tranzitdən istifadə edə bilərlər. Digər tərəfdən, əgər Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlasa, o zaman Türkiyə də bu dövlətlər sərhədlərini açmağa hazırdır. Hazırda hər şey Ermənistandan asılıdır. Çünki Azərbaycan öz sözünü deyib və qonşuluq siyasətinı köklənmiş və istiqamətləndirilmiş niyyətini göstərib. Eləcə də sülh müqaviləsinin bağlanması ilə əlaqədar öz fikrini bildirib. Gərək Ermənistan öz addımını atsın. Ola bilər ki, zaman gələcək biz də bir qonşu kimi yaşaya biləcəyik və bizim azərbaycanlılar da doğma ata-baba yurdlarına gedə biləcəklər.  Bu, gələcəyin sözüdür, bu gün bu haqda danışmaq tezdir. Ona görə ki, hələ də Ermənistan tərəfi dövlət sərhədində atəşkəsi pozur, hələ də orda revanşist fikirlər irəli sürülür. Hələ də sülh müqaviləsi bağlanmayıb. Bu gün biz hələ də müharibə şəraitindəyik”.

Ş.Ramaldanov hesab edir ki, sülh müqaviləsi bağlanan ərəfədə şərtlər iki dövlət arasında müəyyən ediləcək. Onun fikrincə, indidən bu barədə fikir bildirmək tezdir:

“Hər halda Ermənistanın öhtəçiliyi olacaq. İndiki şəraitdə Ermənistan sərhəddə sülhə əməl etməlidir. Azərbaycanlıların Ermənistanda olan Azərbaycan kəndlərinə qayıtması beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır. Düşünürəm ki, gələcəkdə bu məsələ də qalxacaq”.