“Azərsu” ASC-nin rəhbərliyi Tərtər və Ağdamda vətəndaşları qəbul edib - FOTO

16:15 31.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin yanvarında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” ASC-nin sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər.

ASC-dən hafta.az-a bildirilib ki, yanvarın 29-da “Azərsu” sədrinin birinci müavini Teyyub Cabbarov Tərtər, yanvarın 30-da isə sədr müavini Köçərli Həsənov Ağdam rayonunun sakinləri ilə görüşüb. Qəbullardan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub.

Qəbullarda Tərtər və Ağdam rayonlarından olan 39 vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər içməli su təchizatı və kanalizasiya, işə qəbul və digər məsələlərlə bağlı olub. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.