Bakı fərqli şəhər olacaq - TƏFSİLAT  

15:35 13.01.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bakının siması 2040-cı ilə kimi tamamilə dəyişəcək.  Qeyd edək ki, paytaxtın yeni açıqlanan və geniş müzakirələrə səbəb olan Baş Planı belə deməyə əsas verir. Belə ki, Bakı şəhərinin Baş Planında əhali sıxlığı, mobillik, metro və dəmiryol şəbəkəsi, küçə-yollar, avtomobilləşmə səviyyəsi, ekoloji durumun yaxşılaşdırılması, qəbiristanlıqlar, mühəndis-kommunikasiya infrastrukturu, elektrik, istilik, su təchizatı, tullantı, yağış suları, rabitə sistemi və digər məsələlər öz əksini tapıb.

Mərkəzlər üç kateqoriyaya bölünəcək

Baş Plana əsasən deyə bilərik ki, prioritet hədəflərə görə, Bakıda metro sistemi genişləndiriləcək, şəhərətrafı yerlərin cəlbediciliyi artırılacaq, köhnəlmiş mənzil fondu modernləşdirilərək yenidən qurulacaq, infrastruktur və xidmət təminatı yaxşılaşdırılacaq, çirklənmiş ərazilər bərpa olunacaq, ictimai yaşıllıqların sayı artırılacaq. Həmçinin piyada gəzinti, velosiped yolları genişləndiriləcək, memarlıq abidələri və təbii landşaft əraziləri qorunacaq, bərpaolunan enerji təsərrüfatları, turizm vüsət tapacaq. Bütün bunların nəticəsində yaxın 20 ildə paytaxta investisiya qoyuluşları və turist sayı artacaq, ev və iş arasındakı orta səfər müddəti azalaraq 45 dəqiqəyə enəcək və s.

Baş Plan çərçivəsində mərkəzlər üç kateqoriyaya bölünüb. Əsas şəhər mərkəzi (Mərkəzi Bakı) paytaxt üçün spesifik və ixtisaslaşmış şəhər xidmətlərinin təmin edildiyi və yüksəksəviyyəli mədəniyyət obyektlərinin yerləşdiyi iqtisadi və inzibati mərkəz kimi fəaliyyət göstərəcək. Regional mərkəzlər Mərkəzi Bakının analoqları rolunu oynayaraq, öz təsir dairəsinə daxil olan ərazilərdə yüksəksəviyyəli şəhər xidmətlərinin göstərilməsini təmin edəcək.

Alt-mərkəzlər Mərkəzi Bakının hüdudlarında yerləşən strateji əhəmiyyətli mərkəzlər olaraq periferiyanın müxtəlif istiqamətlərindən şəhər mərkəzinə doğru giriş qapıları rolunu oynayacaq. Bu ərazilər və əsas şəhər mərkəzi arasında əlaqə effektiv ictimai nəqliyyat sistemi və magistral yollar vasitəsilə təmin ediləcək.

Əsas Şəhər Mərkəzinə Bakının altı inzibati rayonu (Səbail, Yasamal, Nəsimi, Nərimanov, Nizami, Xətai) və Qaraçuxur qəsəbəsi daxildir. Qaraçuxur qəsəbəsinin Mərkəzi Bakıya daxil edilməsinin səbəbi onun çox hissəsinin şəhərdaxili ərazilərə xas tikinti sıxlığına sahib olması və qəsəbə ərazisinin metro sistemi ilə əlaqələndirilməsi ilə bağlı perspektiv planların olmasıdır. Mərkəzi Bakının əhatə dairəsinə gələcək metro şəbəkəsinin əhatə edəcəyi ərazi və əsas inkişaf əraziləri daxildir.

Şəhər ərazisində iki regional mərkəzin yaradılması nəzərdə tutulur.

Mərdəkan – Bakının şərqində yerləşən qəsəbə özünün kəndtipli məntəqə xarakterini qoruyub-saxlayacaq. Fərdi evlər olan ortasıxlıqlı ərazilərdəki boş torpaq sahələri nöqtəvi inkişaf konsepsiyası əsasında inkişaf etdiriləcək.

Ələt – Bakının cənub hissəsində Azad İqtisadi Zona ətrafında yaranacaq yüksəksıxlıqlı yaşayış ərazilərindən ibarət yeni iqtisadi mərkəz olacaq. Ələt Azad İqtisadi Zonasının inkişafı onun ətrafındakı yaşayış məntəqələrinin iqtisadi inkişafına təkan verəcək.

Şəhər ərazisində 4 alt-mərkəzin yaradılması da planlaşdırılır. Zığ və Hövsan – Bakının şərqində şəhər qapısı rolu oynayan, ortasıxlıqlı yaşayış məhəllələri, sahilyanı yaşayış məntəqələri və istirahət məkanlarının birgə inkişaf etdiriləcəyi ərazi kimi nəzərdə tutulur.

Sabunçu – çoxfunksiyalı yaşayış ərazilərindən ibarət hava limanı şəhəri kimi nəzərdə tutulur.

Binəqədi – Şimal qapısı rolunu oynayan, orta sıxlıqlı yaşayış ərazilərindən ibarət mərkəz kimi inkişaf etdiriləcək. Binəqədi alt-mərkəzi şəhərin şimalında Böyükşor gölünün bərpa planı çərçivəsində yaradılan istirahət imkanlarından istifadə etmək imkanı əldə edəcək.

Lökbatan – şəhərin qərb qapısı rolunu oynayan, şərq hissə boyu yaşıl zolağın bir hissəsini təşkil edən logistika və istehsal mərkəzi kimi inkişaf etdiriləcək. Bundan əlavə, Lökbatan Xocasən gölündən Xəzər dənizinə qədər inkişaf etdiriləcək şərqi yaşıl kəmərin bir hissəsini təşkil edəcək. 2027-ci ildən əvvəlki dövrlərdə Lökbatanda dəmir yolu stansiyası və xidmətləri təkmilləşdirilərək sərnişindaşıma məqsədi üçün istifadə olunacaq və burada Lökbatandan Bakı Mərkəzi Dəmir Yolu Stansiyasına müntəzəm dəmir yolu reysləri həyata keçiriləcək.

Universitet şəhərcikləri yaradılacaq

Mərkəzi Bakı ərazisində nəqliyyat sıxlığının qarşısını almaq və Abşeron yarımadasının bütün yaşayış məntəqələrindən rahat nəqliyyat və əlaqələndirmə imkanı olan ərazidə təhsil müəssisəsini yaratmaq məqsədilə Baş Planla Bakının mərkəzi hissəsinin hüdudlarının birbaşa yaxınlığında yaşıl universitet şəhərciyinin yaradılması təklif olunur. Universitet şəhərciyi Hibrid Yaşıl Dəhlizlər Şəbəkəsinə bütünlüklə inteqrə ediləcək ki, bu da əraziyə aşağı sürətli nəqliyyat vasitələri ilə gediş-gəliş imkanı təmin edəcək. Yeni universitet şəhərciyində özəl və dövlət ali təhsil müəssisələri ilə yanaşı tələbə yataqxanaları, xarici tədqiqatçılar üçün qonaq evləri, professorlar və müəllimlər üçün qonaqlama və yaşayış yerləri təmin ediləcək. Universitet şəhərciyi yaxınlıqda cəlbedici ticarət və qarışıq istifadə xidmətləri təklif edən yeni İNYŞ sistemlərinin (dəmir yolu, metro və avtobus xidmətləri) üstünlüklərindən faydalanacaq. Mərkəz daxilində həmçinin əraziyə əlavə inzibati xidmətlər göstərən özəl və dövlət qurumları yerləşəcək. Nəticədə, tədqiqat klasteri və İNYŞ sistemi birləşərək universitet şəhərciyini Bakının yeni Bilik Biznes Mərkəzinə çevirəcək.

Baş Planla Xocasən bilik mərkəzinin yaradılması da nəzərdə tutulur. Moskva Universitetinin yataqxanasının və universitet şəhərciyinin 2040-cı ilə qədər "Bilik Mərkəzi"nin yaradılması təklif olunur. Bu mərkəz universitet təhsili ilə peşə və digər təhsil pillələri arasında əlaqəni təmin edəcək. Bilik mərkəzinin Xırdalan ilə Lökbatanın arasında yerləşməsi mərkəzə əlavə faydalar qazandıracaq. Yeni Xocasən gölü parkının yaxınlığında yerləşən bu mərkəz müasir təhsil mərkəzi olacaq. Bu ərazi Xocasənin gündəlik tələbat xidmətlərini, rekreasiya və əyləncə məkanlarını özündə birləşdirən yeni mərkəzi, yeni görüş və yerli təchizat mərkəzi olacaq. Bilik mərkəzi Xocasənin yeni yaşayış məhəllələrinə piyada gediş məsafəsində və Lökbatanda yerləşən logistika və topdan satış bazalarına velosipedlə gediş məsafəsində yerləşəcək.

Mərdəkanda da bilik mərkəzinin yaradılması planı var. Baş Planda müəyyən hədəf sinfinə yönəldilmiş üç bilik mərkəzinin yaradılması təklif edilir: Qala qəsəbəsində dövlət və özəl ali təhsil müəssisələri üçün ümumi bilik mərkəzi, Mərdəkan üçün geniş İNYŞ mərkəzi, Zirə qəsəbəsində kənd təsərrüfatı və aqrar-sənaye müəssisələrinin işçi qüvvəsi ilə təmin edilməsi üçün peşə təhsili mərkəzi, logistika və ümumi aviasiya xidmətləri sahəsində peşə təhsili təmin edən mərkəzin yerləşdiyi yeni hava limanı şəhərciyi nəzərdə tutulur.

Sumqayıta yeni yol, Xırdalana metro çəkiləcək

Baş Planda yeni yol qovşaqlarının inşası, nəqliyyat infrastrukturunun genişləndirilməsi əsas hədəflərdəndir. Baş Plana görə, 2027-ci ilin sonunadək Bakı və Sumqayıt şəhərlərini birləşdirən yeni magistral avtomobil yolunun inşası planlaşdırılıb. Qeyd edilib ki, "Bakı-Sumqayıt şosesi"ndə, Xırdalan və "20 Yanvar" dairələrində nəqliyyat sıxlığının qarşısının alınması, Xırdalan şəhərinin alternativ giriş-çıxış yolunun yaradılması məqsədilə M-1 və M-4 avtomobil yollarını Sulutəpə və Xocasən qəsəbələrindən keçməklə Yasamal rayonu ərazisində "Xarici Dairəvi Yolu" ilə birləşdirən paytaxtın strateji 2-ci şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması planlaşdırılıb. 2040-cı ilədək Bakı şəhərində küçə-yol şəbəkəsinin uzunluğunun təqribən 368,7 km artırılması planlaşdırılıb. Bundan əlavə 2040-cı ilədək Xırdalan şəhərinə metro xəttinin çəkilməsi nəzərdə tutulur. Bakıda 2040-cı ilədək dairəvi metro şəbəkəsinin tamamlanması da nəzərdə tutulur. Baş Planda qeyd olunub ki yeni inkişaf edən ərazilərin metro əlaqəsinin yaradılması üçü, "Ağ şəhər" və "Port Baku" ərazisininə xidmətə çıxışının təmin edilməsi nəzərdə tutulur. Baş planda qeyd olunub ki, 2040-cı ilədək "28 May" stansiyasının yenidən qurulması daxil olmaqla metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırkı 36,6 km-dən 73,4 km-ə, stansiyaların sayının isə 25-dən 46-ya çatdırılması nəzərdə tutulur.

Bakıya tramvay yenidən qayıdır

Bakı şəhəri üzrə 2040-cı ilədək velosiped zolaqları/yolları şəbəkəsinin ümumi uzunluğunun təxminən 285 km təşkil edəcəyi planlaşdırılır. Bakıda tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq. Qeyd edilib ki, mövcud metro nəqliyyatı sistemi yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat sistemində aparıcı rol oynamağa davam edəcək. Metronun tikinti xərclərinin yüksək olması və tikinti işlərinin gec icra olunması yalnız şəhərətrafı ərazilərdə deyil, eyni zamanda şəhər daxilində də tamamlayıcı ictimai nəqliyyat sistemlərinin tətbiqini şərtləndirir. Hazırda şəhər ərazisində çoxlu sayda istifadə olunmayan dəmir yolu təhkim zolağı və istifadə olunmayan yük xətləri var. Qeyd olunan infrastruktur yenidən aktivləşdirilə və daha səmərəli istifadə oluna bilər. Tramvay-elektrik qatarı sisteminin tətbiqində mövcud və yenidən qurulan dəmir yolu infrastrukturunun imkanlarından istifadə oluna bilər, həmçinin sürətli tramvay nəqliyyatı (STN) infrastrukturun genişlənməsi imkanı yarana bilər.

Lahiyəyə görə, Bakı hava limanına dəmir yolu xətti də çəkiləcək. Bununla yanaşı, 2027-ci ilədək mövcud tələbata uyğun olaraq şəhər mərkəzində yeni parklanma yerləri yaradılacaq, parklanma yerlərinin sayının artırılması və şəhər inkişafına inteqrə edilməsi üçün mövcud yerüstü parklanma sahələrində yeni yeraltı və çoxmərtəbəli dayanacaqlar inşa ediləcək. Bütün avtobus zolaqlarının 2027-ci ilədək tətbiqi təklif olunur. 2027-cı ilədək avtobus zolaqlarının ümumi uzunluğunun hazırki təqribən 16 km-dən 112,2 km-ə çatdırılması nəzərdə tutulur.

İctimai çimərliklərin sayı artırılacaq

Baş Plana əsasən digər layihə Bakının ilin hər fəsli üçün turistik təyinata çevrilməsi, turistik fəaliyyətlərin şaxələndirilməsi və genişləndirilməsinə xidmət edəcək. Baş Planda kurort turizminin inkişafı üçün təxminən 169,8 ha yeni inkişaf ərazisi ayrılıb. Baş Plan çərçivəsində sahil xəttinin qorunması tədbirləri nəzərə alınmaqla ictimai çimərliklərə çıxış imkanlarının gücləndirilməsi təklif edilir. Bununla əlaqədar olaraq Baş Planda yeni ictimai çimərliklərin inkişafı üçün təxminən 314,6 ha ərazi müəyyən edilib. Baş Planda qeyd olunur ki, yeni istifadəyə veriləcək bu çimərlik sahələri və istirahət yerləri yerli çimərlik turizminin inkişafı ilə yanaşı, yerli əhali üçün piyada gediş məsafəsində yüksək keyfiyyətli istirahət zonalarının yaradılmasına və həyat səviyyəsinin yüksəldilməsinə imkan verəcək. Çimərliklərin inkişafı ilə daxili turizmin gücləndirilməsi üçün həmçinin dəniz suyunun keyfiyyətinin artırılması və turistlərin tələblərinin qarşılanması üçün ətraf mühit şəraitinin sağlamlaşdırılmasını tələb edir. Baş Planda o da qeyd olunur ki, Böyükşor gölünün böyük şəhər parkı (təqribən, 388,8 ha), yəni yaşayış, işləmək və istirahət etmək üçün özünəməxsus bənzərsiz ərazi kimi formalaşmasını təmin etmək üçün pilləli inkişaf yanaşması tətbiq edilməlidir. Gölün 300 - 500 m sanitar-mühafizə zonasında çevik həllərə icazə vermək üçün gölətrafı ərazilərin nəzarətli şəkildə inkişafına icazə verilə bilər.

Paytaxtda hibrid yaşıl dəhlizlər yaradılacaq

Baş Plana əsasən Bakıda hibrid yaşıl dəhlizlər yaradılacaq. Hibrid yaşıl dəhlizlər gəzinti məsafəsində yerləşən ictimai yaşıllıqların sayını artırmaq və yaşıllıqların az olduğu ərazilərdə yaşıl məkanların sahəsini genişləndirmək üçün tətbiq olunan vasitədir. Təklif olunan 28 May dəhlizi layihəsinə əsasən, istismardan çıxarılmış dəmir yolu xətlərinin şəhərdaxili hibrid yaşıl dəhliz kimi inkişafı təklif edilir. Dəhliz xətti park vasitəsilə “Gənclik” metro stansiyasının ətrafını Bakı Limanı və Bakı Bulvarı ilə birləşdirəcək və burada tramvay xətləri və ictimai yaşıllıq marşrutları, istirahət, əyləncə, yaşayış (təqribən, 15,1 ha) və hətta mədəniyyət və yaradıcılıq sahələri (təqribən 9,7 ha) yaradılacaq. Ümumilikdə, 28 May hibrid dəhlizinin xətti parkı, təxminən, 15,6 ha ərazini əhatə edəcək. Dəhliz yaxınlıqda yerləşən 24,2 ha ərazi üçün şəhərsalma və ictimai-işgüzar sahələrin inkişafı üçün imkanlar təklif edir.

Şəhərkənarı hibrid yaşıl dəhlizi – Xocasən-Lökbatan Hibrid Yaşıl Dəhlizinin (XL-HYD) inkişafı Xocasən gölü və Xocasən Nəbatat Parkının bərpası təklifinin davamı kimi nəzərdə tutulur. Mövcud su-bataqlıq, subasma zonaları və bioloji növlərin təbii yaşayış yerləri, eləcə də beynəlxalq səviyyədə tanınmış quşların köçetmə məskəni buraya daxildir. XL-HYD-nin təbiət qoruğu (təxminən 459,7 ha), aktiv təmiz hava dəhlizi, subasmalardan qorunma zonası və yerli bitki növlərinin və vəhşi təbiətin qorunduğu herbarium kimi nəzərdə tutulur. Bununla yanaşı, XL-HYD davamlı infrastruktur və ictimai nəqliyyat dəhlizi kimi funksiyalar daşıyır.

Bulvar genişləndiriləcək

Baş Planda Bakı bulvarının genişləndirilməsi də öz əksini tapıb. Belə ki, sənəddə Bakı Bulvarının cənubda Bibiheybətə və şərqdə Zığa qədər mərhələli şəkildə genişləndiriləcəyi qeyd olunub. Bakı bulvarının cənub istiqamətində uzadılması uzunluğu təqribən 5,7 km olan 10,7 ha əlavə ictimai yaşıllığın təmin edilməsinə imkan verəcək. Bakı bulvarının "Ağ şəhər"dən Zığa doğru uzadılması uzunluğu təqribən 8 km, sahəsi isə 247,8 ha olan əlavə bulvar shəsinin yaradılmasına imkan verəcək. Bu ərazilər aktiv ictimai yaşıllıqlara çevrilə bilər. Təklif olunan genişləndirmə layihələri həyata keçirildikdən sonra yüksək keyfiyyətli ictimai yaşıllıqları olan Bakı bulvarının ümumi uzunluğu 2040-cı il və ondan sonrakı illərdə 25 km-dən çox olacaq. Bu yanaşmanı tətbiq etməklə, Baş Plan çərçivəsində yaşıllıqların sahəsi hazırki 920 hadan 2040-cı ilə qədər 2757,3 ha çatacaq. Bunun sayəsində adambaşına düşən ümumi istifadədə olan yaşıllığın sahəsi 8,7 m2 qədər artacaq.

Su və kanalizasiya şəbəkəsi yenidən qurulacaq

Bakı şəhərinin Baş Planının əsas inkişaf hədəflərindən biri Abşeronda 2040-cı ilədək tələblərə tam cavab verən kanalizasiya sisteminin təmin edilməsidir. Bütün ev təsərrüfatlarının kanalizasiya sisteminə qoşulması (85%-dən çox), yağış kanalizasiyası ilə məişət kanalizasiyasının bir-birindən ayrılması, tullantı sularının təkrar emalı və istifadəsi, düzgün işləyən və yüksək səviyyədə texniki qulluq olunan TSTQ-lərin təmin edilməsi nəzərdə tutulur. Bu baxımdan, Bakı şəhərinin Baş Planında kanalizasiya sisteminin inkişafı üzrə inteqrə edilmiş yanaşmanın tətbiqi tövsiyə olunur. Yanaşmaya əsasən, "Azərsu" ASC-nin Master planı ilə birlikdə "Witteveen + Bos" şirkəti tərəfindən hazırlanmış "Bakı şəhərinin mərkəzi hissəsində tullantı suları üçün alternativ infrastrukturun inkişafı" yanaşmasının da tətbiqi təklif olunur.

Böyükşor hövzəsində Böyükşor gölü yaxınlığında gücü 157500 m3 /gün olan yeni TSTQ-nin inşası təklif olunur. Bununla, Böyükşor gölü və Bülbülə gölü ətrafındakı hövzələrdən kanalizasiya və yağış suları toplanaraq Böyükşor gölü yaxınlığındakı TSTQ-yə nəql olunacaq. Xocahəsən hövzəsində, Xocahəsən gölünün yaxınlığında Xırdalana və Xocahəsən ətrafındakı əraziyə xidmət edəcək 37500 m3 /gün su tutumuna malik TSTQ-nin inşası təklif olunur. Bundan əlavə, təklif olunan Lökbatan hövzəsinin tullantı sularının təmizlənməsi üçün Lökbatan ərazisində tullantı su təmizləyici qurğu tikilməsinə ehtiyac var. Hövsan üçün qiymətləndirməyə əsasən "Azərsu" ASC Hövsan tullantı su təmizləyici qurğusunun gücünü 200000 m3 /gün-ə artırmağı planlaşdırır. Hövsan TSTQ iki hövzəyə - Hövsan I və II-ə xidmət göstərəcək.

Hava limanına dəmir yolu xətti çəkiləcək

Baş Plana əsasən, Bakı şəhərinin 2040-cı ilədək inkişafına Heydər Əliyev Beynəlxalq Aeroportuna yeni dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulur. Sənədə əsasən, hava limanına gediş-gəliş sistemi tam yenidən qurulacaq. Qeyd olunub ki, hava limanının dəmir yolu əlaqələndirməsi təmin ediləcək, avtomobil nəqliyyatı üçün parklanma imkanları genişləndiriləcək, 2-ci terminalın ehtiyat imkanlarından istifadə edilərək sərnişinlərə tələbata uyğun xidmət göstəriləcək.

Yeni parklar yaradılacaq

Bakıda yeni Yaşıl Park salınacaq. Bu məsələ Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında əksini tapıb. Şəhərdə əlçatan yaşıllıqların payının artırılması hədəfinə və Baş Planın təkliflərinə uyğun olaraq Xocasən gölü ətrafında, təxminən, 500 ha ərazidə geniş ictimai parkın salınması planlaşdırılır. Qeyd edilən park ətrafdakı sıx məskunlaşmış yaşayış məntəqələrinə xidmət edəcək və Xocasən gölünün ekoloji təmizlənməsinə təkan verəcək. Uzunmüddətli perspektivdə Lökbatan ilə Xəzər dənizi arasındaki bataqlıq əraziləri daxil etmək üçün park cənuba doğru genişləndirilə bilər. Xocasən gölü yaxınlığında əsas yerli bitki növlərinin yetişdiriləcəyi və köçəri su-bataqlıq quşlarının miqrasiya məskəni olacaq yeni Nəbatat Parkının yaradılması nəzərdə tutulur. Qu gölü ərazisi köçəri quş populyasiyalarının məskəni siyahısına daxildir. Bu təbii sərvəti fəal şəkildə idarə etməklə, ərazidə turistik əhəmiyyətə malik ornitoloji mərkəz yaradıla bilər.

Avtomobillərin İçərişəhərə girişi qadağan ediləcək

İçərişəhərdə tarixi binaların olduğu əraziyə avtomobillərin girişi qadağan ediləcək. İçərişəhərə bitişik yerləşən (şərq hissədə) XIX əsrə aid tarixi binaların olduğu şəhər ərazisinin (Neftçilər prospektinin şimalı və Bülbül prospektinin qərbi ilə) avtomobil nəqliyyatından azad sakit şəhər ərazisinə çevrilməsi (Bülbül prospekti, Səməd Vurğun küçəsi, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti kimi əsas yolları dolanaraq) nəzərdə tutulur. Piyada zonasının İçərişəhər ərazisi ilə (nəqliyyat vasitələrinin giriş-çıxışına məhdud səviyyədə yol verilən) birləşdirilməsi və Əziz Əliyev küçəsi ilə İstiqlaliyyət küçəsi arasında ümumi ayırıcı xəttin müəyyən edilməsilə Neftçilər prospekti ilə Nizami Parkı arasında avtomobil nəqliyyatından azad sakit ərazinin yaradılması planlaşdırılır.

Yaxınlıqdakı yerli əhəmiyyətli yolların avtomobil nəqliyyatından azad sakit küçələr kimi inkişaf etdirilməsi ilə Dövlət İncəsənət Muzeyi Parkı (keçmiş Qubernator bağı) və “Dağüstü park” (Funikulyorətrafı ərazilər daxil olmaqla) kimi turizm məkanların İçərişəhərlə əlaqələndirilməsi və

Niyazi küçəsində piyada keçid imkanlarının tamamlanması da plana daxildir.

Qeyd edək ki, bütün bu işlərin icrası 93,6 mlrd. manata başa gələcək. Baş Plana əsasən, bu vəsait 5 istiqamətdə tədbirlərin həyata keçirilməsinə yönəldiləcək. Şəhər ərazisinin inkişafı üçün 47,6 milyard manat, nəqliyyat infrastruktunun inkişafı üçün 16,9 milyard manat, mühəndis-kommunikasiya sistemlərinin inkişafı üçün 15,32 milyard manat, bərpa olunan enerji mənbələrinin inkişafı üçün 4,3 milyard manat və ətraf mühitin qorunması tədbirləri üçün 9,5 milyard manat məbləğində vəsait tələb olunur. Qeyd edilib ki, bu vəsaitin 60,5 milyard manatı dövlət, 33,1 milyard manatı isə özəl investisiyalar hesabına qarşılanacaq.

2040-cı ilin Bakısı tamamilə fərqli olacaq

Mövzu ilə bağlı ekspert Ramil Osmanlı deyib ki, Baş Plan əsasən Bakı şəhərinin 2040-cı ilə qədər inkişafını nəzərdə tutan 2020-2027-ci və 2028-2040-cı illəri əhatə edəcək 2 mərhələni nəzərdə tutur: “Qeyd olunacaq müddət ərzində ümumilikdə paytaxtın müxtəlif istiqamətli inkişaf-şəhərsalma konsepsiyası üçün nəzərdə tutulan maliyyə vəsaitinin məbləği 93,5 milyard manatdan bir qədər artıqdır. Həmin məbləğin 33 milyard manatdan çoxu bilavasitə özəl investisiya mənbələri hesabına, qalan 60,5 milyard manatı isə dövlət (büdcə və s.) və dövlət-özəl maliyyə mənbələri hesabına qarşılanacaq”.
Onun sözlərinə görə, Baş Planda infrastrukturla bağlı geniş proqramların nəzərdə tutulması, ictimai nəqliyyatın inkişafı, avtomobilləşmənin təşviqi, alternativ enerjiyə diqqətin artırılması, yaşıl və sağlam ətraf mühitin inkişaf etdirilməsi təqdirəlayiqdir və qeyd olunan rəqəmlər reallaşarsa, 2040-cı ilin Bakısı tamamilə fərqli bir şəhər olacaq.

Mövzu ilə bağlı memar Cahid Həsənov isə qeyd edib ki, Bakının Baş Planının hazırlanmasına gecikmiş olsaq da, bu istiqamətdə müəyyən layihələri həyata keçirmək mümkündür: “Baş Planın hazırlanması Bakının bundan sonra xaotik tikilməsinin qarşısını alacaq. Hər şey plan əsasında həyata keçiriləcək. Bu plan, bir növ drijor rolunu oynamalıdır. Tutaq ki, Bakıda hansısa ali təhsil ocağı inşa olunmalıdırsa, mövcud boş yerlərə istiqamətləndiriləcək. Eyni zamanda, paytaxtda yeni parklar yaradıldıqca, yaşıllıqlar salındıqca həmin ərazilərdən şəhərin mərkəzinə axın azalır. Həmçinin o ərazilərdə infrastruktur da inkişaf edir. Təbii ki, Baş Plan tənzimləyici bir xəritədir. Əgər biz bu xəritə üzrə işləri həyata keçirsək şəhərimiz daha da gözəl olacaq".