Ekipaj üzvləri və mühəndis-texniki heyəti tərəfindən təyyarəyə baxış keçirildikdən sonra səbəb müəyyən edilib - sensorların nasazlığını düzgün əks etdirməyən xəbərdarlıq siqnalı. Hava gəmisinin tam saz vəziyyətində və uçuşa hazır olması qərarı qəbul edilib.
AZAL-dan hafta.az-a verilən məlumata görə, reysin sərnişinləri Bakıdan Moskvaya eyni təyyarə ilə yola düşəcəklər.
AZAL-ın uçuş heyətinin hərəkətləri aviaşirkətin ən mühüm vəzifəsi olan sərnişinlərin tam təhlükəsizliyinin təmin edilməsi ilə əsaslanır.
*** 09:00
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.
Hafta.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb.
Təyyarə saat 08:08-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib. Sərnişinlər digər təyyarə ilə Moskvaya yola düşəcəklər.