Ekspert: “Əslində bank kredit verərkən girovu deyil, ilk növbədə kredit götürənin imkanlarını qiymətləndirməlidir”
Məlum olduğu kimi, fevralın 3-də Bakıda regionların inkişafına həsr olunan konfransda Prezident İlham Əliyev banklara bir sıra məsələlərlə bağlı xəbərdarlıq edib. Dövlət başçısı bankları Bakıdan kənardakı əmlakları da girov götürməyə çağırıb: «Banklar rayon və kənd yerlərində təklif edilən əmlakları girov kimi qəbul etmirlər, onlar Bakıda əmlak istəyirlər. Buna son qoyulmalıdır. Burada heç bir ayrı-seçkiliyə yol vermək olmaz. Ona görə aidiyyəti qurumlar bu məsələ ilə də ciddi məşğul olsunlar”.
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev bununla bağlı bildirib ki, banklar likvidliyi yüksək olmayan girovları qəbul etmirlər: “Məlum olduğu kimi Prezident İlham Əliyev regionların inkişafına həsr olunan konfransda çıxışı zamanı bildirib ki, banklar yetərli sayda əmlakları girov götürmürlər. Buna səbəb bankların likvid olmayan girovları qəbul etməməsidir. Hər hansı bir daşınmaz əmlakın girov götülməsi parametrlərindən biri orda daşınmaz əmlak bazarının mövcud olması və qiymətin formalaşmasıdır.”
Onun sözlərinə görə, banklar girov götürülməsi mümkün olan yerlərdə əmlakları girov götürürlər. Amma bazarın məhdud olduğu, yəni əmlakın satılması çox mürəkkəb olan kəndlərdə əmlaklar girov götürülmür.
Mövzu ilə bağlı hafta.az-a fikirlərini bölüşən bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, Bakı ilə müqayisədə regionlarda kredit qoyuluşunda zəiflik müşahidə olunur:
“Azərbaycanda kredit sektorunda kəskin disbalans yaranıb. İqtisadiyyatımız da, yüksək gəlir götürən insanlar da əsasən, Bakı şəhərində cəmləşib. Eyni zamanda, regionlarda iş adamlarının girov kimi təqdim etdiyi əmlaklar bankları qane etmir. Çünki bu gün banklar üçün girov məsələsi kreditin təminatlılığının əsas hissəsidir. Kreditlər verilərkən təminatlar tələb olunur. Əsas şərtlərdən biri həmin kreditlərin qarşılığında müəyyən təminatların verilməsidir. Xüsusilə biznes kreditlərində daşınmaz əmlak girovlarından daha çox istifadə edilir. Əslində isə bank kredit verərkən ilk növbədə kredit götürənin imkanlarını qiymətləndirməlidir. Bizdə isə belə deyil. Banklar əsas girov qoyulacaq predmetin üzərində dayanırlar. Ona görə də əksər banklar girov kimi Bakıdan əmlak tələb edirlər. Bunun isə bir neçə səbəbləri var.
Məsələn, rayon və kəndlərdə vətəndaşların öz mülkiyyət hüquqlarını tam təsdiq edən sənədləri olmur. Daha bir məsələ isə girov kimi təqdim edilən əmlakların likvidliyinin aşağı olmasıdır. Burada həm əmlakın qiymətinin aşağı olması, həm də müəyyən qədər milli mentalitet rol oynayır. Məsələn, rayon yerlərində təqdim edilən girovların sonradan satılması məsələsi olduqca problemlidir. Xüsusilə kənd yerlərində bankların satdığı evləri, ümumiyyətlə, yerli əhali almır. Yəni, rayon yerində adətən hamı bir-birini tanıyır. Ona görə də bir növ halallıq olmadığı üçün yerli əhali bankların satdığı əmlakı almaqda maraqlı olmur. Hətta həmin əmlakların likvidliyi yüksək olsa da rayonlarda girov mexanizmi daha uzun çəkir. Həm satışı, həm işin məhkəmələrdə müxtəlif instansiyalardan keçməsi uzun vaxt aparır. Son nəticədə bank üçün böyük itikilər yaranır. Banka da təbii ki, əmlak deyil, pul lazımdır. Bütün bu səbəblərdən banklar daha likvid girovlara meyillidir”.
Ekspert hesab edir ki, bu məsələdə ayrı-seçkiliyin ortaya çıxması həm də girov əmlaka qoyulan qiymətlə bağlıdır: “Ümumiyyətlə, Azərbaycanda qiymətləndirmə institutu olduqca zəif inkişaf edib. Bu istiqamətə demək olar ki, nəzarət yox səviyyəsindədir. Məsələn, bir qiymətləndirmə şirkəti əmlaka 7, digər qiymətləndirmə şirkəti isə 9 milyon manat qiymət qoyur. Yəni kimin ürəyi hansı qiyməti istəsə, onu da təyin edir. Banklar da adətən biznes müştərilərini əməkdaşlıq etdikləri qiymətləndirmə şirkətinə yönləndirirlər. Təbii ki, qiymətləndirmə şirkəti də girov kimi təqdim edilən əmlaka bankın marağına uyğun qiymət təyin edir. Bu baxımdan əksər hallarda qiymətləndirmə şirkətlərinin əmlaka təyin etdiyi rəqəm dəyərindən qat-qat aşağı olur. Ona görə də bank müştəriyə daha az məbləğdə kredit təklif edir. Eyni zamanda, yüksək məbləğdə kredit üçün Bakı şəhərində girov olaraq əmlak istəyir. Nəticədə dövlət başçısının da vurğuladığı kimi ayrı-seçkilik ortaya çıxır. Bu məsələyə Mərkəzi Bank ciddi şəkildə nəzarət etməlidir”.