Yazını böyüt
Yazını kiçilt
Böyük Britaniyanın Baş naziri Rişi Sunak evsiz şəxslə söhbətindən sonra tənqid atəşinə tutulub.
Hafta.az-ın "Reuters"ə istinadən yazdığına görə, ölkənin ən zəngin adamlarından olan keçmiş bankir cümə günü paytaxt Londonda “The Passage” xeyriyyə təşkilatının sığınacağına baş çəkib. Burada evsizlərə səhər yeməyi təqdim edən Sunak yemək verərkən adının Din olduğunu deyən şəxslə söhbət edib. Din boşqabını götürərkən Baş nazirdən iqtisadiyyatı qaydasına salıb-saxlamayacağını soruşub. Sunak da cavab verib ki, məhz bunu etməyə çalışır. Evsiz şəxs bundan sonra biznes və maliyyə ilə maraqlandığını desə də, Sunak soruşub ki, hardasa işləyirmi? Təbii ki, Sunakın onu maraqlandıran söhbətə meylli olmadığını görən Din evsiz olduğunu bildirib...
Kameraya düşən bu anlar sosial şəbəkədə yayılıb. Videonu Leyboristlər Partiyasının sədr müavini Angela Rayner paylaşaraq “Ağrılı” kimi dəyərləndirib. Eyni partiyadan olan millət vəkili Bill Esterson Sunakın başqalarının çətinliklərini anlaya bilmədiyini deyib.
Mühafizəkarlar Partiyasının rəsmisi olan Sunak və həyat yoldaşı Akşata Murfinin xalis sərvəti ümumilikdə 730 milyon funt sterlinq olaraq qiymətləndirilir. Cütlüyün dünya üzrə ümumi dəyəri 15 milyon funt sterlinqdən çox olan 4 mülkü mövcuddur.