"Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında iqtisadi əlaqələr əvvəlki illər ərzində kəskin turist axını ilə səciyyələndi. Əlbəttə, növbəti illərdə bu potensialın daha da yeni biznes imkanları, iqtisadi inkişaf perspektivləri açacağını gözləsək də, məlum pandemiya səbəbindən mövcud reallıqlarla razılaşmalı olduq. Ancaq bu, o demək deyil ki, cari il BƏƏ - Azərbaycan iqtisadi-ticari əlaqələrində tam passivliklə müşayiət olundu".
Hafta.az-ın yazdığına görə, bu sözlər Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki səfirliyinin yaydığı açıqlamada deyilir. Məlumatda bu ilin əvvəlində əldə olunmuş mühüm bir razılaşmaya işarə edilir. Bu, yanvarın 9-da Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə BƏƏ-nin “Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihənin reallaşdırılmasına dair İcra müqaviləsidir.
Nə üçün BƏƏ-dən məhz Masdar şirkəti? 2006-cı ildə təsis edilmiş Masdar, Əbu Dabi Gələcək Enerji Şirkəti, bərpa olunan enerji və davamlı şəhər inkişafı sahəsində qlobal liderdir. Masdar ərəbcə "mənbə" deməkdir. Şirkət qabaqcıl texnologiyaları tətbiq etməklə, öz işinin peşəkarıdır. Azərbaycanın bərpa olunan enerji sektoru da çox perspektivli bir sahədir. Bu baxımdan, Saziş ölkələrimiz arasında mütərəqqi əməkdaşlıq üçün yeni perspektivlər açan böyük bir uğurdur.
Açıqlamaya görə, kənd təsərrüfatı sahəsində də əməkdaşlıq davam etdirilib. Belə ki, Dubayda “Azərbaycan kənd təsərrüfatı məhsullarının dequstasiyası yarmarkası” təşkil edilib, “Gulfood 2020” beynəlxalq ərzaq sərgisində Azərbaycan fəal iştirak edib.
Bu ilin ilk 10 ayı ərzində iki ölkə arasında ticarət dövrüyyəsi 33417290 dollara bərabər olub.
Pandemiya ilə bağlı təhlükəsiz şəkildə vətəndaşların öz vətənlərinə qaytarılması prosesi də uğurla həyata keçirilib, bu sahədə də BƏƏ-Azərbaycan əməkdaşlığı öz töfhəsini verib.
Açıqlama bu sonluqla başa çatır: "2021-ci ilə təxirə salınmış Dubai EXPO sərgisində Azərbaycanın gözlənilən iştirakını və bu sərgidən faydalanmasını arzu edərək, Azərbaycana yeni-yeni uğurlar, firavanlıq və dayanaıqlı iqtisadi inkişaf diəyirik".