BƏƏ-dən Pakistana güzəşt: borcların vaxtı uzadıldı, daha 1 milyard dollar verildi

09:30 13.01.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistanın baş naziri Şahbaz Şərifin dünən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) başlayan iki günlük səfəri ölkəsi üçün uğurlu keçir. 

Hafta.az-ın yazdığına görə, BƏƏ-yə yüksəksəviyyəli hökumət rəsmiləri ilə gələn Şərifin səfəri Pakistan Quru Qoşunlarının komandanı Asim Munirin bu ölkəyə səfərindən dərhal sonra baş tutub.

Şərif daha sonra BƏƏ prezidenti Məhəmməd bin Zayed əl-Nəhyanla iki ölkə arasında iqtisadiyyat, ticarət və investisiya sahəsində əlaqələri müzakirə edib. Bildirilib ki, iki lider investisiya əməkdaşlığının artırılması, tərəfdaşlıqların təşviqi və investisiya imkanlarının təmin edilməsi barədə razılığa gəliblər.

Baş nazir olduqdan sonra üçüncü səfərini BƏƏ-yə edən Şərif prezident Məhəmməd bin Zayed əl-Nəhyanı Pakistana dəvət edib. Bununla yanaşı, BƏƏ-nin Pakistan Mərkəzi Bankında mövcud olan 2 milyard dollarlıq əmanətin müddətinin uzadılmasına və əlavə bir milyard dollarlıq əmanətin verilməsinə qərar verdiyi bildirilir.

Qeyd edək ki, nağd qıtlıq yaşayan Pakistanın valyuta ehtiyatlarının 5,5 milyard dollar olduğu açıqlandı. Bu, Pakistanda son 8 ildə valyuta ehtiyatlarının ən aşağı səviyyəsidir.