Vətəndaşların mənzil başına rahat çatması üçün hamar yol əsas şərtlərdəndir. Bu mənada ölkə daxilində avtomobil yollarının yüksək keyfiyyətlə qurulması əsas hədəflərdən biridir. Çünki keyfiyyətli yollar bölgədə təkcə turizm üçün deyil eyni zamanda kənd təsərrüfatı və digər sahələrin inkişafı üçün də təkan verir. Yenidən qurulmasının bu il yekunlaşması nəzərdə tutulan yollardan biri də respublika əhəmiyyətli Bəhrəmtəpə-Biləsuvar avtomobil yoludur.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən hafta.az-a verilən məlumata görə, dövlət başçısının fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən keçdiyi bölgədə xüsusi əhəmiyyətə malik Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun bərpası layihəsi uğurla və yüksək sürətlə davam etdirilir.
Respublika əhəmiyyətli Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun uzunluğu 60 km-dir. Layihə üzrə mövcud yol oxu saxlanılmaqla yolun II texniki dərəcəyə təkmilləşdirilməsi işləri aparılır. Yolun ümumi eni 15 metr olmaqla bura 7.5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3.75 metr enində çiyinlər daxildir.
Layihə çərçivəsində yol boyu mobilizasiya işləri aparılıb, tikinti sahəsi təmizlənib, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yolun köhnə və yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə, həmçinin qaya dolğusu və genişləndirmə işləri aparılmaqla yeni yol yatağı inşa olunub.
Torpaq işlərinin ardınca yol əsasının inşasına başlanılıb. Yol əsası optimal qırmadaş və qum-çınqıl qarışıqlarıdan istifadə olunmaqla inşa olunur. Buna paralel olaraq yol əsası hazırlanan hissələrin asfaltlanması işləri də aparılır. Belə ki, yola ələqələdirici bitum səpilməklə 27 sm qalınlığında 3 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, 60 km-lik yol boyu 3 avtomobil körpüsünün inşası nəzərdə tutulur ki, bu çərçivədə də işlər aparılır. Körpülər yolun 1.8-ci km-də, 3.1-ci və 38.8-ci km-də inşa edilir. Müvafiq olaraq körpülərin uzunluqları 28 və 32.5 metr təşkil edir. Yolun 3.7-ci km-də, Araz çayı üzərində yerləşən 230 metr uzunluğunda olan mövcud avtomobil körpüsünün isə təmir olunaraq gücləndirilməsi nəzərdə tutulur. Körpülər üzrə aparılan işlərin tərəqqisi 85 faiz təşkil edir.
Hal-hazırda podratçı sahədə Mövcud boruların çıxarılması və yeni boruların tikilməsi işləri də, yerinə yetirilən işlər siyahısındadır. Körpülərdə tikinti işləri davam edir.