"Üç qardaş ölkə liderlərinin - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Pakistanın Baş naziri Şahbaz Şərifin və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə, həm də ölkəmizin Müstəqillik Günündə Zirvə görüşünün keçirilməsinin çox böyük tarixi və geosiyasi əhəmiyyəti var”.
Bunu hafta.az-a Laçında üç dövlətin Zirvə görüşü ilə bağlı açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib.
B.Quliyev qeyd edib ki, “Üç qardaş” formatında keçirilən görüşün Ermənistanın 30 illik işğalından sonra azad edilən Laçında reallaşması bütün dünyaya bir mesajdır. Onun sözlərinə görə, bununla bəzi qeyri-regional güclərin, dünyanın şər qüvvələrinin niyyətləri, planları puça çıxmış oldu:
“Cənubi Qafqaza dayanıqlı sülhün olması region ölkələrinə çox lazımdır. Amma uzun illərdən bəri davam edən müharibələr, qarşıdurmalar, münaqişələr bölgənin gələcəyini risk altında qoyurdu və bu gün də təhdidlər davam edir. "Üç qardaş" formatı - Türkiyə, Pakistan və Azərbaycanın birliyi bütün bu problemlərin həllində başlıca rol oynayacağı bəllidir”.
B.Quliyev bildirib ki, üç qardaş ölkənin birliyi tarixi zərurətdir. Ekspert qeyd edib ki, hər üç ölkə yerləşdiyi regionda bu və ya digər bəhanələrlə münaqişələrə, müharibələrə cəlb edilirlər:
“Türkiyənin, Pakistanın və Azərbaycanın dünyada hərbi-siyasi çəkisi artdıqca bu inkişafa mane olan mərkəzlərin fəaliyyəti də intensiv xarakter alır. Dünyada Türkiyə və Azərbaycanın rəhbərlik etdiyi yeni güc mərkəzi – TDT yaranır. Bundan narahat olan qüvvələr isə prosesi əngəlləmək üçün imkanlarını səfərbər ediblər. Pakistan nüvə silahına malik yeganə müsəlman ölkəsidir. Türkiyə yeni texnologiyalarla təchiz edilmiş orduya, güclü iqtisadiyyata malikdir, Azərbaycan regional gücdür, Şərq-Qərb qlobal nəqliyyat və enerji dəhlizinin üzərində yerləşir. Türkiyə ilə Pakistan arasında münasibətlər dostluq, qardaşlıqdan başqa strateji tərəfdaşlıq səviyyəsindədir. Bu yaxınlarda Hindistanın Pakistana qarşı təcavüzkar siyasəti səbəbindən başlanan qısamüddətli müharibə zamanı Türkiyə və Azərbaycanın Dehlinin addımlarını pisləyən bəyanatla çıxış etmələri bu dostluğun, qardaşlığın sadəcə söz olmadığını ğöstərdi. "Üç Qardaş" formatında keçirilən Zirvə görüşü üç ölkə arasında münasibətlərin yeni və həlledici mərhələyə keçdiyindən xəbər verir”.