“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərovun Hafta.az-a müsahibəsi
-Ceyhun müəllim, sentyabrın 27-dən cəbhə xəttində vəziyyətin gərginləşməsi fonunda qaz təsərrüfatına nə qədər ziyan dəyib? Bununla bağlı hesablama aparılıbmı?
-Bu barədə hələlik hesablama aparmaq təəssüf ki, mümkün deyil. Elə ərazilər var ki, biz ora daxil ola bilmirik. Ona görə də ziyanı hesablamaq mümkün olmayıb. Həm də döyüş bölgəsinin tələblərinə əməl etmək lazımdır. Yəni, harda ki, döyüş çox kəskin gedir biz həmin ərazilərə əməkdaşlarımızı buraxa bilmirik. Əlbəttə ki, dağılan evlərin hamısının qaz təchizatında problemlər var və həmin ərazilərdə qaz xətləri tamamilə sıradan çıxıb. Gəncə şəhəri ilə bağlı dəqiq deyə bilərəm ki, Gəncədə düşmənin oktyabrın 10-da atdığı raket zərbələrinin nəticəsi olaraq 30 abonent ünvanı artıq yoxdur. Həmin şəhərə ikinci dəfə atılan raket zərbələri nəticəsində isə 9 abonent ünvanı tamamilə sıradan çıxıb. Gəncədə vəziyyəti dəyərləndirmək çətin deyil. Çünki elə bir ərazidir ki, təmas xəttindən xeyli uzaqdır və həmin ərazidə döyüş getmir. Amma döyüş getdiyi zonalarda qaz təsərrüfatına dəymiş ziyanla bağlı hansısa hesablama aparmaq çətindir. Yəni, hazırda əsas məqsəd ordumuzun döyüş şəraiti ilə bağlı qarşıya qoyduğu tələblərə əməl etməkdir.
- Düşmənin Gəncəyə atdığı raket nəticəsində aparıcı qaz xətlərində hansısa zədələnmələr yaranıbmı?
- Həmin hücum nəticəsində Gəncə şəhərində əsasən, küçədaşıyıcı xətlər ciddi şəkildə zədələnib. Eyni zamanda, hər bir fərdi yaşayış evinin özünün daxili xətləri, sayğacları sıradan çıxıb.
-Cəbhəboyu ərazilərdə qaz təchizatı ilə bağlı vəziyyət nə yerdədir? Hansı ərazilərdə abonentlərin qaz təchizatı tam olaraq bərpa olunub?
-Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə ümumiyyətlə, sentyabrın 27-dən təmas xəttində yaranmış gərgin vəziyyətlə əlaqədar qaz təchizatı dayandırılıb. Gəncə şəhərində düşmənin oktyabrın 17-də etdiyi raket hücumu nəticəsində 150 abonentin qaz təchizatında problem yaranmışdı. Hazırda həmin istiqamətdə təmir-bərpa işləri davam etdirilir. İşlər tamamlandıqdan sonra qazın verilişinin bərpa olunması nəzərdə tutulur. Bu günə olan məlumata görə, Füzuli rayonunda artıq bütün yaşayış məntəqələrinin qaz təchizatını bərpa edə bilmişik. Tərtər rayonu üzrə 30 kəndin qaz təchizatı bərpa olunub. Yalnız Tərtər şəhəri və 21 kənddə mövcud vəziyyətlə bağlı qaz təchizatı məhdud olaraq qalmaqdadır. Ağcabədi rayonunda 25 yaşayış məntəqəsinin qaz təchizatı təmin edilib. Təxminən 20-yə yaxın məntəqədə qaz təchizatı hələlik məhdud olaraq qalır. Bundan başqa, hazırda Beyləqan, Bərdə rayonları tam olaraq qaz alırlar. Ağdam rayonu üzrə isə 14 yaşayış məntəqəsi qazla tam təmin olunub, yerdə qalan məntəqələrdə hələlik qaz təchizatı məhduddur.
- Hazırda ermənilər Tovuz rayonu istiqamətində də atəşkəs rejimini pozmaqdadırlar. Bu istiqamətdə qaz təchizatında hansısa problem yaranıbmı?
- Hələlik həmin istiqamətlərdən bizə hansısa məlumat daxil olmayıb. Bildiyiniz kimi, “Azəriqaz”da Operativ Qərargah fəaliyyətdədir. Hərbi vəziyyət davam etdikcə bu qərargah fəaliyyətini davam etdirəcək. “Azəriqaz” rəhbərliyi də oktyabrın 2-3-də Tərtər, Füzuli və Ağdam rayonlarda səfərdə olub. Səfər zamanı həm yerli qərargahlarda görüş keçirilib, həm də harada mümkün olubsa, həmin ərazilərdə qaz təsərrüfatına baxış keçirilib.