Bir gündə 45 ailə dağılır - AZƏRBAYCANDA

17:45 31.08.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bu il ilk 6 ay ərzində Azərbaycanda qeydə alınan nikah və boşanma hallarının sayı açıqlanıb. Dövlət Statistika Komitəsi məlumatına görə, 2021-ci ilin altı ayı ərzində qeydiyyat şöbələri tərəfindən 23 231 nikaha daxilolma və 8168 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,6-dan 4,7-yə, boşanmaların sayı isə 1,4-dən 1,6-ya qədər artıb.

Statistik rəqəmlər, 1 saata 2, günə isə 45 ailənin dağılması deməkdir. Bəs görəsən boşanmaların bu dərəcədə kəskin artmasına səbəb olan hallar nələrdir? Məgər qurulan ailələri xilas etməyin yolları yoxdur?

Məsələ ilə bağlı hafta.az-a danışan psixoloq Gülər Məmmədova bildirir ki, bu gün gənclər çox adi və əsassız səbəblərdən ailələrini dağıdırlar. Bunu bir növ problemlərdən qaçış kimi görürlər:

“Məlumdur ki, ailənin əsasını kişi və qadın arasında mövcud olan ittifaq təşkil edir. Burada insanları bir-birinə bağlayan xarakterik xüsusiyyətlər var. Təəssüflər olsun ki, bu gün gənc ailələrin bəziləri sırf ailə böyüklərinin arzusu ilə qurulur. Ailə quran hər iki tərəfin bu prosesə tam hazır olması böyük əhəmiyyət kəsb edir. Ailə çox ciddi birlikdir. İnsan ömrü boyu tək yox sevdiyi, güvəndiyi  şəxslə yaşamaq və yaşlanmaq istəyir. Təəssüflər olsun ki bu gün ailələr öz ülviliyini itirir. Gənclər hər hansı bir kiçik konfliktdə qısa zamanda münasibəti boşanmaya daşıyır. Bu zaman isə belə bir sual yaranır. Bəs onda bu ailə hansı dəyərlərə əsaslanaraq qurulub? İndi insanların təxəyyülündə qəribə tendensiya formalaşıb. "Əgər fikirlərimiz üst-üstə düşmürsə deməli ayrıla bilərik". Bu halı çox asan və sadələşdirirlər.  Şərt o deyil ki insanlar özlərini dəyişdirsinlər. Yeni qurulan ailənin konsepsiyasında yeni davranışların formalaşması da məsələnin bir növ həllidir.  Ailədə, ailə mühitində yaranan psixoloji gərginliklərdən sonra şəxslər adaptasiyada çətinliklər çəkirlər”.

Psixoloq boşanmalara narkotik maddə və spirtli içki aludəçiliyi kimi ciddi səbəblərlə yanaşı, cuzi və həll edilə bilən problemlərin də olduğunu söylədi:

“Araşdırmalara görə hazırda ailələrin dağılmasına olduqca əsassız və formalaşmayan səbəblər gətirilir. Sanki tərəflər bir yerdə ciddi ittifaqı davam etdirmək məsuliyyətindən qaçırlar. İnsanlar kiməsə cavabdeh olmaq qorxusu ilə uzin müddətli ailə həyatını gözə ala bilməyərək boşanmağı seçir”.