Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna böhranı ilə bağlı "İstanbul prosesini dəyərləndirsəydilər, bu günədək yaşanan dağıntılar, göz yaşları olmazdı" deyib.
Hafta.az-ın yazdığına görə, prezident Ərdoğan Beştəpədə keçirilən təxminən 3 saat davam edən Nazirlər Şurasının toplantısında bildirib ki, bayram zamanı 21 ölkənin liderləri ilə görüşüb, həm təbrikləri qəbul edib, həm də ikitərəfli məsələlərdən danışıb. Bu da Türkiyənin Rusiya-Ukrayna müharibəsindən tutmuş Sudandakı qardaş qırğınının sona çatmasınadək olan münaqişələrə verdiyi töhfəni ortaya qoyur.
“Ölkəmiz tarazlığı, ədalətliliyi, inamlı mövqeyi ilə böhranların həllində həlledici rol oynayır. İstanbul prosesini dəyərləndirə bilsəydilər, indiyə qədər yaşanan dağıntılar, göz yaşları olmazdı. Taxıl müqaviləsi və əsir mübadiləsi ilə davam edən diplomatik səylər, təəssüf ki, müharibə lobbisi tərəfindən bloklandı və köhnəldi. Hərbi və mülki olmaqla on minlərlə insan bunun əvəzini ödədi” deyən Ərdoğan qeyd edib ki, əslində onlar da Türkiyə olaraq bir müddət həmin savaş lobbisinin hədəfi olub.
“Müxalifət namizədinin əsassız ittihamları da bu ssenarinin tərkib hissəsidir. Türkiyə demokratiyasına xələl gətirən iddialarla bağlı bir dənə də olsun konkret sübut təqdim edilməyib. Seçki ab-havasında belə bir təxribatın niyə törədildiyinə dair ictimaiyyəti qane edəcək heç bir açıqlama verilmədi. Son 1,5 ildə bu kimi saysız-hesabsız misallarla, təxribatlarla, Türkiyəni çətin vəziyyətə salmağa yönəlmiş qəddar cəhdlərlə qarşılaşmışıq. Müharibəyə odun daşımaq əvəzinə, sülhün bərqərar olması üçün səy göstərdik. Biz hələ də yeganə ölkəyik ki, Rusiya və Ukrayna ilə eyni vaxtda görüşür, dialoq kanalları fəaliyyət göstərir və həll təklifləri hazırlayırıq”, - deyib Türkiyənin dövlət başçısı.