BMT-nin Baş katibindən pandemiyanın təhsil sahəsi üçün fəsadları barədə xəbərdarlıq

16:00 23.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Pandemiya ilə əlaqədar məktəblilərin azı üçdəbiri hələ də təhsil almaq imkanından məhrumdurlar, təqribən yarım milyard şagird məktəbə getmir, 11 milyon məktəbli qız isə bəlkə də ümumiyyətlə parta arxasına bir daha qayıtmayacaq. BMT-nin Baş katibi Antonio Quterreş bütöv bir nəslin təhlükə qarşısında olması barədə xəbərdarlıq edir.

Hafta.az BMT-nin saytına istinadla xəbər verir ki, Baş katib bu barədə UNESCO-nun himayədarlığı ilə təhsil məsələlərinə həsr olunan yüksək səviyyəli tədbirin iştirakçılarına videomüraciətində bəyan edib. BMT rəhbərinin sözlərinə görə, bundan ən çox əziyyət çəkən əhalinin həssas təbəqələrindən olan uşaqlar və gənclərdir.

A.Quterreş deyib: “Xüsusən qızların və gənc qadınların təhsili kontekstində əldə etdiyimiz irəliləyiş təhlükə altındadır. Biz bu gün aşağı və orta gəlirə malik ölkələrin tədris prosesinin bərpasına yönəltdiyi səyləri dəstəkləməliyik”.

BMT Baş katibinin birinci müavini Əminə Məhəmməd öz çıxışında qeyd edib ki, pandemiya təhsil, gender bərabərliyi, uşaqların qida ilə təminatı, səhiyyə və sosial müdafiə problemlərinin nə dərəcədə bir-biri ilə bağlı olduğunu daha yaxşı dərk etməyə kömək oldu.

Tədbir ərəfəsində UNESCO-nun nümayəndələri birgə Bəyannamə layihəsinin işlənib hazırlanmasından ötrü təşkilata üzv olan ölkələrlə bir sıra məsləhətləşmələr keçiriblər. Bu sənəd BMT Baş katibinin onlara avqust ayında təqdim edilən tövsiyələrinə, həmçinin dayanıqlı inkişaf Məqsədlərinə, daha dəqiq desək, təhsil haqqında danışılan dördüncü Məqsədə əhəmiyyətli dərəcədə əsaslanır.

BMT Baş katibinin birinci müavini öz çıxışında vurğulayıb ki, indi ən başlıcası – sözdən əmələ keçməkdir. Əminə Məhəmməd bu fəaliyyətin əsas istiqamətlərini göstərib. Onun sözlərinə görə, bu layihələrin maliyyələşdirilməsinin, müəllimlərin vəziyyətinin, həmçinin şagirdlərin və pandemiya şəraitində işlərini bərpa edən təhsil müəssisələrinin əməkdaşlarının qeydinə qalmaq lazımdır. O qeyd edib ki, bütün görülən tədbirlər inklüziv xarakter daşımalıdır.

Ə.Məhəmmədin sözlərinə görə, belə adlandırılan “adi həyat”a qayıtmaq nəinki mümkün deyil, həm də arzuolunmazdır. Çünki bu, texnologiyaların inkişafı və əmək bazarındakı dəyişikliklərlə bağlı vəziyyətə etinasızlıq göstərilməsi kimi başa düşüləcək. O xatırladıb ki, pandemiyaya qədər də 250 milyon oğlan və qız məktəbə getmir, aşağı məktəb yaşlı uşaqların yarıdan çoxu oxumağı bacarmırdılar. BMT-də hesab edirlər ki, pandemiyadan sonra bərpanın gedişində təhsil sahəsində bu və digər problemlərin həllinə xüsusi diqqət ayırmaq lazımdır.

Oxunma sayı 673