Böyük Qayıdışın yeni ünvanı - Deputat

15:55 15.01.2026
Yazını böyüt
Yazını kiçilt

"Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə budəfəki səfəri də mühüm məqamlarla yadda qaldı. Dövlət başçısının Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşü, səsləndirilən fikirlər və verilən bəyanatlar işğaldan azad edilmiş  ərazilərə sülh və əmin-amanlığın, inkişafın və həyatın qayıtdığının göstəricisidir".

Bunu Hafta.az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı bildirib.

"Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə budəfəki səfəri də mühüm məqamlarla yadda qaldı. Dövlət başçısının Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşü, səsləndirilən fikirlər və verilən bəyanatlar işğaldan azad edilmiş  ərazilərə sülh və əmin-amanlığın, inkişafın və həyatın qayıtdığının göstəricisidir".

Bunu Hafta.az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı bildirib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin  yanvarın 13-də Tərtər və Ağdərə rayonlarına səfəri bir daha göstərdi ki, 44 günlük Vətən müharibəsindən sonra  dövlət başçısı işğaldan azad olunmuş  ərazilərdə  davamlı və dayanıqlı  inkişaf siyasəti həyata keçirərək, böyük  quruculuq işlərinə də özü şəxsən nəzarət edir:

"Həyata keçirilən bu siyasət uzunmüddətli və çoxşaxəli dövlət strategiyasına əsaslanır. Bu səfər həm təhlükəsizlik, həm iqtisadiyyat, həm də sosial bərpa baxımından bir-birini tamamlayan ardıcıl qərarların real nəticələrini nümayiş etdirdi".

M.İbrahimqızı qeyd edib ki, Tərtər rayonuna səfəri proqramı çərçivəsində  Prezidentin Elektromexanika Zavodunun yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirakı mühüm əhəmiyyətə malikdir:

"Bölgədə belə bir mühüm sənaye obyektinin istifadəyə verilməsi, əslində, Azərbaycan müdafiə sənayesinin keyfiyyətcə yeni mərhələyə keçdiyinin göstəricisidir.  Müasir yüksəkdəqiqlikli texnologiyaların tətbiqi yerli mütəxəssislərin bilik və bacarıqları hesabına reallaşdırılması diqqətçəkən əsas məqamlardandır. Bu bir gerçəklikdir ki, ölkəmiz təkcə istehsalçı deyil, həm də texnoloji müstəqilliyə iddialı olan bir dövlətdir.

Ayrı-ayrı çıxışlarında dövlətimizin başçısı dəfələrlə qeyd edib ki, Azərbaycan bu gün 20-yə yaxın ölkəyə hərbitəyinatlı məhsullar ixrac edir və 1,4 milyard manatlıq istehsal həcmi müdafiə sənayesinin artıq iqtisadi dəyər yaradan sektora çevrilmişdir. Sözsüz ki, dövlətimizin bu sahəyə göstərdiyi xüsusi diqqət milli təhlükəsizliklə iqtisadi dayanıqlılığın paralel inkişaf etdiyini ortaya qoyur".

M.İbrahimqızı deyib ki, İlham Əliyevin səfəri uzun illər işğal altında olan Ağdərənin, artıq savaş və cəbhə bölgəsindən gündən-günə gözəlləşən yaşayış məkanına çevrildiyinin ifadəsi kimi diqqət çəkdi:

"İnsanların ən yüksək yaşayış mühitində yaşamaları üçün bütün infrastrukt, xüsusilə də yol, su, qaz, elektrik, rabitə, sosial infrastruktur, məşğulluq imkanları və ictimai məkanlar qurulur. Yenidən qurulmuş və abadlaşdırılmış  bu kəndlərdə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə geri qayıtması Azərbaycanın “Böyük Qayıdış” proqramının, artıq praktiki müstəvidə uğurla icra edildiyini təsdiqləyir. Ənənəvi olaraq,  Prezidentimizin  sakinlərlə birbaşa ünsiyyəti isə dövlət–vətəndaş münasibətlərində sosial etimadın əsas dayaqlardan biri olduğunu sübut edir. Yaşıl enerji strategiyası Qarabağın yeni iqtisadi pasportudur.

Ağdərənin Qozlukörpü kəndində Su-Elektrik Stansiyasının açılışı Azərbaycanın enerji siyasətində strateji dönüş nöqtələrindən biridir. Qarabağın və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan edilməsi, artıq real layihələrlə təsdiqlənir. Tərtərçay üzərində qurulan SES-lər təkcə enerji istehsalı deyil, eyni zamanda, ekoloji tarazlığın qorunması və qaz istehlakının azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bildiyimiz kimi, Azərbaycanın işğaldan azad edilmiş əraziləri köhnə model üzrə deyil, gələcəyin iqtisadi və ekoloji standartlarına uyğun qurulur.

Məlumdur ki, Canyataq kəndində yerləşən “Dəmirli” Filiz Emalı Kompleksi işğal dövründə qanunsuz olaraq erməni vandalları tərəfindən talan edilirdi. Bu gün fəxrlə deməliyik ki, təbii sərvətlərin dövlət nəzarətində, beynəlxalq standartlara uyğun şəkildə istifadəyə verildiyinin şahidiyik. Bu layihə təkcə dağ-mədən sənayesinin bərpası deyil, eyni zamanda, iqtisadi ədalətin bərpasıdır.

Bu layihənin gerçəkləşməsi prosesində minə yaxın daimi iş yerinin yaradılması, özəl investisiyaların cəlbi və ixrac potensialının genişlənməsi qeyri-neft sektorunun gücləndirilməsi istiqamətində atılan məqsədyönlü, sistemli və ardıcıl atılan addımların nəticəsidir.

Səfəri izləyərkən şahid olduq ki,  Ağdərə şəhərinin artıq müasir şəhərsalma prinsiplərinə uyğun olaraq, Baş planı hazırlanıb. Burada yaşayış, sənaye, logistika, aqroturizm və sosial zonaların balanslı şəkildə inkişafı nəzərdə tutulur. Eyni zamanda, hərbi qulluqçular üçün yaşayış binalarının istifadəyə verilməsi və Xüsusi Əməliyyat Mərkəzinin təməlinin qoyulması onu göstərir ki, təhlükəsizliklə mülki inkişaf paralel və uzlaşdırılmış şəkildə aparılır".

M.İbrahimqızı bildirib  ki, Azərbaycan  Prezidenti  İlham Əliyevin Ağdərə və Tərtər səfəri Azərbaycanın möhtəşəm Zəfərdən sonra  təkcə dağıntılar aradan qaldırılmır, həm də yeni sosial-iqtisadi və təhlükəsizlik arxitekturası qurur:

"Bu siyasətin mərkəzində isə güclü dövlət, milli maraqlar, sosial ədalət və gələcək nəsillər üçün, hər bir vətəndaş üçün dayanıqlı inkişaf dayanır".

Tahirə Qafarlı