Bu antimilli şuranın liderləri vaxtilə Paşinyanı bizə nümunə kimi göstərirdilər - İlham Əliyev

16:21 07.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2020-ci ilin fevral ayında ölkəmizdə parlament seçkiləri keçirilmişdir. Parlament seçkiləri demokratiya istiqamətində atılmış növbəti ciddi addım idi. Parlamentin rəhbər orqanları yeniləndi, rəhbərliyə yeni insanlar gəldi. İlk dəfə olaraq parlamentin sədr müavini müxalifət partiyasının nümayəndəsi seçildi. Eyni zamanda, ilk dəfə olaraq parlament komitələrinin sədr və müavin vəzifələrinə müxalifət nümayəndələri seçildilər. Bu, yeni siyasi mədəniyyətin təzahürüdür. Bu, bütün siyasi qüvvələr arasındakı əməkdaşlığa yönəlmiş ciddi bir addımdır. Əlbəttə ki, ölkəmizin demokratik inkişafı baxımından bunun çox böyük əhəmiyyəti var. Parlament çoxpartiyalı parlamentdir və bu, siyasi sistemimizin gücləndirilməsi istiqamətində çox önəmli addım sayılmalıdır. Bu fikirləri Prezident İlham Əliyev yanvarın 6-da keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə səsləndirib.

Onun sözlərinə görə, eyni zamanda, keçən il partiyaların böyük əksəriyyəti bizim təşəbbüsümüzə müsbət cavab verərək, siyasi dialoqa qoşuldular. Deyə bilərəm ki, hazırda bu dialoqda bütün siyasi qüvvələr iştirak edir. İştirak etməyənlərə siyasi qüvvə deyə bilmərəm. Çünki iştirak etməyən dəstə xain, satqın ünsürlərdən ibarətdir. Siyasi dialoq müharibədən əvvəl başlamışdır və müharibə dövründə daha da güclənmişdir. Müharibə dövründə bir antimilli qruplaşma istisna olmaqla, - mən antimilli şuranı nəzərdə tuturam, - bütün digər siyasi partiyalar və birliklər birmənalı olaraq bizim haqq işimizə öz dəstəyini verdi. Antimilli şura isə öz xain, satqın missiyasını müharibə dövründə də icra edib, düşmənin dəyirmanına su töküb, ordumuza qarşı çirkin kampaniya aparıb. Ordumuzu ləkələmək istiqamətində növbəti təxribat xarakterli addımlar atıbdır.
Onlardan başqa nə gözləmək olar? Bu antimilli şuranın liderləri vaxtilə Paşinyanı bizə nümunə kimi göstərirdilər, deyirdilər ki, baxın, Paşinyan demokratdır, Paşinyan novatordur, Paşinyan təmiz adamdır. Bu, onların sözləridir. İndi soruşun erməni xalqından, onlar bu novator demokrat haqqında nə fikirləşirlər? Onları birləşdirən, əlbəttə ki, hər iki, necə deyərlər, nümayəndənin vaxtında torpaqların əldən getməsidir. Azərbaycan Xalq Cəbhəsi və bu gün onun antimilli şurada cəmləşən qalıqları faktiki olaraq Birinci Qarabağ müharibəsi dövründə fərarilik etmişlər. Biz bu tarixi unutmamışıq, gənc nəsil də bilməlidir. Müharibə gedə-gedə prezident öz vəzifəsini tərk edib, gedib dağ kəndində oturub. Müharibə gedir, insanlar ölür, torpaqlar əldən gedir, ölkənin prezidenti, Ali Baş Komandanı qaçır, gedir Naxçıvan Muxtar Respublikasının dağ kəndində oturur. Bu, fərarilik deyil, nədir? İndi bu antimilli şurada rəhbərlik edənlər, harada idiniz müharibə dövründə? Qaçıb gizlənmişdilər. İndi də qaçıb gizlənir, biri Amerikada oturub, oradan mühazirələr oxuyur və düşmənin dəyirmanına su tökür. Onu kim maliyyələşdirir? Kim ona istiqamət verir? Biz bilirik. Buradakılara kim istiqamət verir? Həmin qüvvələr. Ermənipərəst qüvvələr, müharibə dövründə bizə qarşı çirkin əməllərdə iştirak edənlər, bizim qələbəmizi əlimizdən almaq istəyənlər, ermənilərə dəstək verənlər antimilli şuranın havadarlarıdır və onlar fəraridirlər, satqındırlar, xaindirlər. Xalq da bunu bilməlidir və gənc nəsil də bilməlidir. Bəzi hallarda gənc nəslə bu biabırçı tarix haqqında kifayət qədər məlumat verilmir. Bu, orta məktəb, ali məktəb dərsliklərinə salınmalıdır. Bu qara səhifə dərsliklərə salınmalıdır. Gənc nəsil Şuşanı, Laçını, Xocalını, Kəlbəcəri satanları, fərarilik edənləri, torpaqlarımızın itirilməsinə imkan yaradanları tanımalıdır. Bu günə qədər orada-burada sülənir Şuşanı satan satqın. Onlar bəla gətirdilər, faciə gətirdilər, günahsız insanların həlak olmasına şərait yaratdılar, insanları müdafiə etmədilər. Xalq Cəbhəsi-Müsavat hakimiyyəti qaçdı gizləndi, təslim oldu, biabır oldu. Ondan sonra otuz il ərzində elə bil ki, bunlar deyil bu torpaqları satanlar. Elə bil ki, bunlar deyil döyüş meydanından qaçanlar, bunlar deyil müharibə dövründə Gəncəni bombalayanlar, Azərbaycan əsgərini əsir götürənlər. Bunlardır. Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır.
Amma təbii ki, bunlar istisna olmaqla, bu gün ölkəmizdə çox ciddi və fəal siyasi dialoq gedir. Mən bir məsələni də qeyd etmək istərdim. Bir neçə ay bundan əvvəl mənə məlumat verildi ki, bəzi partiyalar qeydiyyatdan keçməyiblər. Mənim üçün bu, sözün düzü, yenilik idi. Mən bilmirdim. Mənə heç kim məlumat verməmişdi ki, belə hallar var. Ona görə mən dərhal göstəriş verdim ki, bu məsələ öz həllini tapmalıdır. İndi siyasi partiyaların qeydiyyat məsələsi öz həllini tapır. Hətta bir daha demək istəyirəm ki, müharibədən əvvəl artıq ölkəmizdə yeni bir siyasi iqlim yaranmışdır, müsbət iqlim. Çünki bizim hamımızın, bütün vətənpərvər qüvvələrin bir amalı var idi - torpaqlarımızın işğaldan azad edilməsi. Biz, Azərbaycan iqtidarı buna da nail olduq. Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək, erməni faşizminin baş qaldırmasına yol verməmək, beynəlxalq müstəvidə keçmiş münaqişə ilə və indiki reallıqlarla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında məlumat çatdırmaq vəzifəsi durur. Bizim partiyalarımızın bəziləri beynəlxalq partiya qurumlarına üzvdürlər. Bu məlumat o qurumlar çərçivəsində verilməlidir. Yəni bu, gələcək fəaliyyət üçün əsas istiqamət olmalıdır. Əlbəttə ki, ölkə daxilində demokratikləşmə proseslərinə müsbət təsir etmək, partiyalararası dialoqu möhkəmləndirmək, çatışmazlıqlar haqqında məsələ qaldırmaq və normal, sağlam rəqabət aparmaq – biz bunu istəyirik. Biz öz niyyətimizi ortaya qoymuşuq və şadam ki, bütün siyasi qüvvələr bu təşəbbüsə qoşulubdur.