“Bu cür nəhəng ölkənin belə miskin yol tutmağı yalnız təəssüf doğura bilər” - Əflatun Amaşov

17:55 25.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ifadəsini dilə gətirməsindən niyəsə qətiyyən təəccüblənmədim. Bu, ümumən Amerika dövlətçiliyinin mahiyyətindən irəli gəlir. Bayden deməsəydi də, hansısa başqa Bayden məsələni dilə gətirəcəkdi.

Bu barədə hafta.az-a Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, ABŞ özünə qarşı alternativləri, güclü müstəqil meylləri qəbul etmir, onu əzmək istəyir, bir sözlə hegemonluq iddiasındadır:

"Səbəb isə sadədir. Bu gün Türkiyə son 100 ildə olmadığı qədər güclüdür. Onun reginodakı tarixi nüfuzunu bərpa etmək əzmi, bu əzmi ən müxtəlif qlobal meydanlarda göstərməsi, Suriyadakı, Qara dənizdəki mövqeyi, Ağ dənizdəki, Kiprdəki qətiyyəti göz önündədir. Bəli, Ankaranın Qarabağda, 30 ilə yaxın müddətdə davam edən konflikdəki dirəniş missiyası daha konkret nəticədir. Belədə Vaşinqton sancmaq yollarını axtarmalıydı. Tapdığı isə budur – “erməni kartı” kimi saxta və gülünc iddia. Bu cür nəhəng ölkənin belə miskin yol tutmağı yalnız və yalnız təəssüf doğura bilər.

ABŞ siyasəti üçün soyqırımı mövzusu nəyə görə aktualdır? Birləşmiş Ştatlarda soyqırımın nə olduğunu, necə həyata keçirildiyini, hansı dəhşətlər doğurduğunu gözəl bilirlər. Çünki bunu ediblər. Hindulara qarşı, eyni zamanda dünyanın dörd bir yanında həyata keçirdikləri hərbi əməliyyatlarda belə qeyri-insani davranışın ləkəsi boyunlarındadır. Təəssüf ki, ləkə utanc gətimir. Əksinə onu başqalarının üstünə atırlar. Harada, necə etməsindən asılı olmayaraq törətdikləri amansızlıqlara görə cavab verməli olacaqlar. İndi obrazlı desəm, köhlən atları düzdədir. Amma nə vaxtsa yolları çınqıla düşəcək. Necə ki, bütün imperiyaların yolu düşüb. İndiyədək 29 dövlət qondarma “erməni soyqırımı”nı tanıyıb. Nə dəyişib? Bu səs-küy də ABŞ-Türkiyə münasibətlərində növbəti nifaq motivləri yarananadək sakitləşəcək.

Türkiyə Azərbaycandır, Azərbaycan isə Türkiyədir. Bunu bütün beynəlxalq məsələlərə münasibətdə görürük. Yenə də gördük. Belədə ortaya sual çıxır – biz nə etməliyik? Türkiyə və Azərbaycan birlikdə inkişaf etməli, bütün sahələri, belə desək, “bayraqdarlaşdırmalıdırlar”. Biz güclü olmalıyıq. Dünya gücün dünyasıdır. Və biz daha güclü olmaq yolunda əzmlə irəliləyirik".

Oxunma sayı 333
Media rubrikasından digər xəbərlər