Bu gün toxum istehsalını oliqarxlar həyata keçirir - Vahid Məhərrəmov

14:12 09.09.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün həqiqətən də dünyada ərzaq buğdasının istehsalında azalma müşahidə olunur.

Bu fikirləri hafta.az-a kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib.

Onun sözlərinə görə, Rusiyada əkin sahəsi təxminən 1,3 milyon hektar azalıb. Proqnozlara görə, buğda istehsalı da təxminən 4,6 milyon ton azalmalıdır:

“Bunu həm rusiyalı, həm də amerikalı ekspertlər proqnozlaşdırırlar. Və bununla paralel Rusiya hər ay ixrac rüsumunu artırır. Bu o deməkdir ki, bizə buğda daha baha başa gəlir.

Təsəvvür edin ki, ötən ilə nisbətən biz buğdanı 10 faiz baha almışıq. Bu hələ son deyil və bundan sonra da buğda idxal olunacaq, özü də daha baha qiymətə idxal ediləcək. Biz bununla bağlı xeyli müddət əvvəl hökümətə təkliflərimizi vermişdik.

Hesab edirik ki, ilk növbədə bu sahədə peşəkarlar çalışmalıdırlar. Ölkədə demək olar ki, əkin sahələrinin 38 faizi buğdanın altındadır. Yəni, əgər bu 38 faiz ərazidən əldə etdiyimiz məhsulla özümüzün ərzaq buğdasına olan təminatımızı ödəyə bilmiriksə, ciddi şəkildə düşünməliyik. Nə etmək lazımdır?

Düzdür, bizdə peşəkarlar var, amma çox az saydadır. Biz peşəkarların sayını artırmalı və bu işə cəlb etməliyik. Digər tərəfdən, bu sahənin özündə ciddi problemlər var. Məsələn, hər il şikayətlər olur ki, fermerlərin suvarma suyuna olan ehtiyacları tam ödənilmir. Bu çox ciddi məqamdır. Bundan daha ciddi məsələ isə seleksiya işlərinin aparılmasıdır. Ölkədə stress amillərə dözümlü, yüksək məhsuldarlı, keyfiyyətli buğda sortları yetişdirilməlidir. Bu işlə məşğul olan hər hansı bir qurum yoxdur. Bu gün toxum istehsalını oliqarxlar həyata keçirir. Onlar da istehsal etdikləri buğdanı toxum materialı kimi kəndlilərə sırıyırlar. Əksər halda da yaxşı nəticəsi olmur, heç bitiş belə vermir. Yəni, bu sahədə problemlər çoxdur. Ona görə də un və un məmulatlarında bahalaşma qaçılmazdır. Onsuz da çörəkdə biz bahalaşma müşahidə edirik. Düzdür, zavod çörəyində nisbətən qiymət stabil saxlanılmağa çalışılır. Amma hamıya məlumdur ki, həmin çörək bir o qədər keyfiyyətli deyil və daha aşağı sort buğdadan alınan undan istehsal olunur. Digər çörəklər isə çox bahadır. Məsələn, mən 2 ay bundan əvvəl 50 qəpiyə aldığım alman çörəyini hazırda 65 qəpiyə alıram. Yəni, qiymətlərdə ciddi artım var və artım bundan sonra da davam edəcək”.

Ekspert həmçinin vurğulayıb ki, bu il Azərbaycanda 1 milyon 885 min ton buğda istehsal olunub. Onun sözlərinə görə, bu göstərici 2009-cu illə müqayisədə 250 min ton azdır: “Bu göstərici 2019-cu illə müqayisədə isə 300 min ton az nəticədir. Yəni, istehsal ilbəil azalır”.

İqtisadiyyat rubrikasından digər xəbərlər