Türk dünyası ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir.
Hafta.az xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 21-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
"Hörmətli Bağdat Kultayeviç, Azərbaycanda olmağınızdan istifadə edərək sizi dəvət etmişəm ki, ilk növbədə, bizim təşkilatın Baş katibi qismində işlədiyiniz illərə görə təşəkkürümü bildirim və sizi Azərbaycanın yüksək mükafatı - “Dostluq” ordeni ilə təltif edim. Siz bu təltifə layiqsiniz. Siz Türk Dövlətləri Təşkilatının Baş katibi kimi bizim birliyimizin möhkəmləndirilməsi işində mühüm rol oynamısınız və bunu davam etdirirsiniz. Biz sizinlə dəfələrlə görüşmüşük – həm siz Azərbaycanda səfərdə olanda, həm də beynəlxalq tədbirlər çərçivəsində. Mən həmişə görürdüm ki, siz həqiqətən bütün türkdilli dövlətlərin sıx birləşməsini istəyirsiniz. Təsadüfi deyil ki, sizin sədrliyiniz dövründə bu qurum təşkilata çevrilib, öz adını dəyişib. Buna görə əminəm ki, bu, təkcə adın dəyişməsi deyil, həm də inkişaf vektorunun dəyişməsidir. Ona görə ki, mənim fikrimcə, bizim təşkilatın üzvləri olan bütün ölkələrdə birliyi möhkəmləndirməyin zəruri olmasını başa düşürlər.
Siz bilirsiniz ki, mən bizim təşkilat çərçivəsində, həmçinin ikitərəfli formatda əməkdaşlığa həmişə çox diqqətlə yanaşmışam. Türk dünyası ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir. Təsadüfi deyil ki, hətta mənim səfərlərimin və qardaş ölkələrin dövlət başçılarının səfərlərinin son xronologiyasına baxsaq, bizim bu məsələyə əlavə dinamizm verdiyimizi görmək olar.
Bütün türkdilli ölkələrlə münasibətlər bizim üçün prioritetdir. Mən əminəm ki, qarşıdakı Səmərqənd Zirvə Görüşü bizim birliyimizi bir daha təsdiq edəcək. Xüsusən indiki geosiyasi vəziyyətdə biz qarşılıqlı dəstəyin, dövlətlərimizin müstəqilliyinin, suverenliyinin möhkəmləndirilməsinin, əməkdaşlığımıza konkret məzmun verməyin zəruriliyini nəzərə alaraq ümumi maraqlar ətrafında daha sıx birləşməliyik. Hesab edirəm ki, bu halda gələcək illərdə qarşılıqlı siyasi fəaliyyətlə bərabər, təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi sahəsində əməkdaşlıq əsas istiqamətlərdən biri olacaq".