“Azərbaycan dövləti şüurlu şəkildə məhdudlaşdırıcı tədbirlərə gedərək insanların sağlamlığını iqtisadi amildən üstün tutdu. Azərbaycan beynəlxalq arenada, iqtisadi, sosial sahədə özünü güclü dövlət kimi göstərdi”.
Bu fikirlər ölkə başçısının ötən gün modul tipli xəstəxananın açılışında səsləndirdiyi statlardır. Daha dəqiq desək, iki cümlədir. Ölkə başçısı elə həmin mərasimdə bildirdi ki, Azərbaycan iqtisadiyyatı pandemiyanın vurduğu zərərlərə baxmayaraq, ayaqda dura bildi. Özü də bunu təkcə ölkə başçısı demir, iqtisadi göstəricilər, müəyyən artım templəri də təsdiqləyir.
Millət vəkili Azər Badamov hafta.az-a açıqlamasında bildirib ki, Azərbaycan iqtisadiyyatı ölkə başçısının rəhbərliyi altında böyük inkişaf yolu keçib. Millət vəkilinin sözlərinə görə, iqtisadiyyatın diversifikasisı siyasətinin uğurları pandemiya dövründə də görülməkdədir:
“Dünya ölkələrinə baxdıqda görərik ki, pandemiyanın əks təsirləri nəticəsində iqtisadiyyatları güclü olan dövlətlərin iqtisadiyyatları tənəzzülə uğramaqdadır. Bütün dünya buna şahidlik edir. İnkişaf etmiş ölkələrin iqtisadiyyatlarının 7-8 faiz geriləməyə getdiyi bir dövrdə Azərbaycan iqtisadiyyatında, ümumdaxili məhsulda 4 ay ərzində 0,2 faiz artım qeydə alınıb. Son beş ayda isə mənfi 1,7 faiz azalma müşahidə olunub. Yəni, biz bu azalmanı gözləyirdik. Çünki pandemiyanın iqtisadiyyata təsirləri mövcuddur. Biz pandemiyanın iqtisadiyyata mənfi təsirlərinin minimuma endirilməsi istiqamətində müəyyən tədbirlərə start verdik. Bir sıra işlər həyata keçirildi. Bu tədbirləri həyata keçirməyə başlamaqla itkilərin daha da böyük olmasının qarşısı alındı. Baxmayaraq ki, ümumdaxili məhsulda mənfi 1,7 faiz azalma qeyd olunub, amma qeyri-neft sektorunda cüzi də olsa artım var. Bu artım qeyri-neft sənayesində 14 faizdir. Kənd təsərrüfatında 3,6 faiz artım var. Əlbəttə ki, bütün bunlar düşünülmüş iqtisadi siyasətin nəticələri kimi qeyd olunmalıdır”.
Millət vəkilinin fikrincə, dünyada elə ölkə yoxdur ki, pandemiyanın əks təsirləri ondan yan keçsin. Azər Badamov hesab edir ki, bu illər ərzində ölkəmizdə formalaşdırılmış valyuta ehtiyatları, iqtisadiyyatda texnoloji istehsal sahələrinin, eləcə də sənayenin inkişafı, kənd təsərrüfatında həyata keçirilən islahatlar iqtisadiyyatımızın dinamik, eyni zamanda sabit inkişafının qorunub saxlanmasına imkanlar açır: “Pandemiyanın nə zaman bitəcəyi bilinmir. İqtisadiyyata dəyən zərərlər də realdır. Amma biz çalışırıq ki, bu zərərlər minimum həddə olsun. Ümid edirəm ki, Azərbaycan iqtisadiyyatı bu mübarizədən üzüağ çıxacaq. Yəni, ilkin nəticələr müsbətdir. Düşünürəm ki, bu tendensiya ilin sonuna qədər davam edəcək. Fikrimcə, pandemiyanın iqtisadiyyatımıza olan mənfi təsirləri çox dərinə getməyəcək”.