Cənubi Qafqaz yenidən müharibə meydanına çevrilə bilər - TƏHLİL

15:21 22.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cənubi Qafqaz yenidən böyük güclərin qarşıdurma, geosiyasi rəqabət meydanına çevrilməkdədir. Bu yarışda katalizator rolunu həmişə olduğu kimi Ermənistan, daha doğrusu Paşinyan hakimiyyəti oynayır. Bölgədə sülh sazişinin imzalanması ilə bağlı tərəflərdən hər ikisinin tarixi anın yetişdiyinə dair bəyanatlar verməsi fonunda Qərb dövlətləri başda ABŞ və Fransa olmaq şərtilə oyunun qaydalarını öz maraqlarına uyğun qurmaq, prosesi tamamilə nəzarətə keçirtmək üçün konkret addımlar atmağa başlayıblar.

Ermənistan mətbuatında yayılan son məlumatlara görə, aprelin 5-də ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin və Nikol Paşinyanın iştirakı ilə Brüsseldə Ermənistanın təhlükəsizliyi, bu dövlətin “inkişafı” ilə bağlı üçtərəfli görüş keçiriləcək.

Bu məsələdə ölkəmizi maraqlandıran ən başlıca narahatedici məqamlardan biri odur ki, Ermənistanla bağlı yaşanan hər bir proses Azərbaycanın milli maraqları ilə birbaşa bağlıdır. Həmçinin, bölgədə əsas söz sahibi Azərbaycandır. Həm iqtisadi gücü, həm yerləşdiyi coğrafi mövqeyi, həm də hərbi imkanları, ərazi və əhali sayı baxımından ölkəmiz Cənübi Qafqazın əsas dövləti sayılır. Bu bölgədə həyata keçirilən beynəlxalq layihələrin əsas təşəbbüskarı və maddi qaynağı ölkəmizdir. Xüsusi vurğulanmalı məqam odur ki, bu layihələrin reallaşması həm də birbaşa Qərbin və digər güc mərkəzlərinin, müxtəlif tərəflərin maraqlarının nəzərə alınması, milli maraqlarımızla uzlaşdırılması fonunda həyata keçirilib. Əslində Azərbaycanın uzun illər ərzində Cənubi Qafqazda həyata keçirtdiyi bu diplomatik siyasət bölgədə maraqlı olan digər güc mərkəzləri üçün də nümunə sayıla bilər. Hansı ki, bu siyasətin əsasını regional inteqrasiya, qarşılıqlı iqtisadi-siyasi əməkdaşlıq, sülh və sabitliyin həyata keçirilməsi təşkil edir. 

Lakin antiterror tədbirlərindən sonra yaşanan proseslər tamamilə başqa mənzərəni ortaya qoyur. Ermənistan ərazisində "mülki müşahidə missiyası" adı altında Avropa İttifaqının, xüsusilə də Fransanın xüsusi xidmət orqanlarının təmsilçiləri yerləşdirilir. Onların fəaliyyət müddəti ilk öncə iki ay müəyyənləşdirilsə də, Ermənistan parlamenti iki gün əvvəl bu missiyanın mandatı ilə bağlı sazişi təsdiqləyib. Buna paralel olaraq İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində fəaliyyətini dondurduğunu açıq şəkildə bəyan edir, İrəvanın mərkəzi hava limanındakı Rusiya sərhədçiləri çıxarılır. İndi isə, Ermənistandakı Rusiya hərbi bazalarının lüzumsuzluğuna dair rəsmilərin bəyanatları səsləndirilir. Yəni, növbəti hədəf Rusiyanın bu bölgədəki hərbi bazalarının çıxarılmasıdır. Hansı ki, dövlətlərarası müqavilələr əsasında 2044-cü ilə kimi Ermənistan ərazisində fəaliyyətini davam etdirməlidir.

Bu proseslər fonunda NATO baş katibi Yans  Stoltenberqin bölgəyə səfəri də diqqət çəkir.

Qeyd edək ki, Qərbin təhlükəsizlik çətiri deyiləndə ilk növbədə NATO yada düşür. Bu səfərdən əvvəl isə, ABŞ və Aİ-nın Ermənistanla, bir vaxtlar Almaniya, Fransa, Böyük Britaniya və Ukrayna arasında imzalanan sazişə bənzər müqavilələrin Ermənitanla da imzalanacağına dair məlumatlar yayılıb. Maraqlı məqam odur ki, hazırda Ukrayna ilə imzalanan müqavilələr Rusiyaya qarşı nəzərdə tutulursa, Ermənistanla imzalanması nəzərdə tutulan sazişlərin kimə qarşı yönləndiyi suallar doğurur. Erməni siyasətçilər İrəvan üçün əsas təhdidin Azərbaycan olduğunu iddia edirlər.

Bu sazişlərin Azərbaycanı təhdid etməsini düşünməyimizin başlıca səbəbi isə hələ də İrəvanın revanşist ideyalardan əl çəkməməsidir. İrəvan nə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, bu mövqenin formalaşmasına aparan yol çox da keçmişdə deyil. Məhz Bakının hərbi-siyasi metodları İrəvanı məlum bəyanatları verməyə vadar edib. İndi isə Qərb başda Fransa olmaqla Yunanıstan və Hindistan vasitəsi ilə Ermənistanı sürətlə silahlandırır. Revanşistlər yenidən baş qaldıraraq Azərbaycan ərazilərinə  iddia edir. Sülhü təhdid edən separatizm meyllərinin birdəfəlik yox olmasına çalışmaq əvəzinə Qərb bu vasitə ilə Ermənistanı həm silahlandırır, həm də ona təhlükəsizlik zəmanəti verəcək sazişlər təklif edir. Belə olan təqdirdə məlum planların Azərbaycan üçün nə dərəcədə təhdid doğurduğu aydındır. Lakin o da məlumdur ki, Bakı özünün milli maraqlarını, suverenliyi və ərazi bütövlüyünü, sərhədlərini təhdid edən istənilən təhlükəyə adekvat cavab vermək hüququnu özündə saxlayır. Lazımi anda və məkanda bu cavab hüququndan da istifadə edəcək. 

Təəssüf doğuran məqam həm də odur ki, biz hər həftə Qərbin müxtəlif təsisatlarında Ermənistanın ərazi bütövlüyünə dəstək ehtiva edən, Azərbaycanı hədəf alan  müxtəlif müzakirələrin, qətnamələrin şahidi oluruq. Təbii ki, bu proseslərin arxa cəbhəsində dayanan qüvvələr məlumdur. Başda ABŞ və Fransa olmaqla Azərbaycanı hədəf alaraq Ermənistan üzərindən Rusiyaya qarşı yeni bir cəbhə açmaq bu planın əsas qayələrindən biridir.

Bu missiya həm də İrana qarşı yönəlib. Çünki, hədəfdə həm Şimal-Cənub, həm də Orta Dəhlizdir. Sülh müqaviləsi imzalanacağı təqdirdə Orta Dəhlizin əsas funksional bəndlərindən biri də Zəngəzur dəhlizi olacaq. Qərbin əsas istəyi isə bu dəhlizə nəzarəti Rusya və Çinin əlindən almaq, Şimal-Cənub dəhlizinin effektliyini minimuma endirməkdir. Prosesləri idarə etmək və münbit zəmin hazırlamaq funksiyası isə Ermənistanda məskunlaşmış Aİ-nin "müşahidə missiyası" adı altında bölgədə kök salmağa çalışan kəşfiyyat qrupunun üzərinə düşür. Azərbaycan Fransa və Qərbin məkrli niyyətlərinə qarşı öz ərazisində casus şəbəkələrini ifşa etməklə bu planlara sarsılmaz zərbə vurmağı bacarıb. Hansı ki, məlum addımların əks-sədası Parisdə yüksək çinli cavabdeh məmurların istefası ilə eşidildi.

İndi isə növbə Rusiya və İranındır. Çünki məlum planlar tək Azərbaycana qarşı yox, həm də İran və Rusiyaya qarşı yönəlib. Son məlumatlara görə, yaşanan proseslər Tehranı ciddi narahat etməyə başlayıb. Artıq İranın kəşfiyyat orqanlarının əməkdaşları müxtəlif adlar altında Ermənistan ərazisinə keçməyə başlayıblar.  Rusiyanın da siyasi dairləri Qərbin plasdarmına çevrilməkdə olan Ermənistana qarşı bəyanatlarını kəskinləşdirməyə başlayıblar.

İrəvan anlamalıdır ki, onun bölgədə sabit və inkişaf edən dövlətə çevrilməsi, təhlükəsizliyinin təmini Azərbaycanla sülh müqaviləsinin imzalanmasından keçir. Paşinyanın Sorosun diqtəsi, Fransanın vədləri ilə həyata keçirtməyə çalışdığı planlar isə Cənubi Qafqazı yenidən barıt çəlləyinə çevirməklə yeni müharibələrin başlanma ehtimalını artırır. Bu cür vəziyyət isə yalnız kənarda durmaqla aranı qarışdıraraq gərginliklərə yol açmaqla öz maraqlarını təmin edən Qərb dairələrinə sərf edir. İrəvanın yenidən bölgəni təhlükəyə atmaq planlarının hansı nəticələr doğuracağı, bunun Ermənistan üçün hansı fəsadlara yol açacağını təsəvvür etmək isə o qədər də çətin deyil.     

Ləman Əliyeva