Cənubi Qafqazın ən böyük müdafiə büdcəsi - TƏHLİL

13:34 19.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyada artan beyünəlxalq gərginlik və müharibələr fonunda hazırda əksər ölkələr hərbi xərclərini artırır, müdafiə sahəsinə daha çox diqqət ayırmağa başlayıblar. Bu münaqişə ocaqlarının sərhədlərimizə yaxın olması Bakının sözügedən sahədə daha diqqətli olmasını diqtə edir.   

Qeyd edək ki, Azərbaycan 30 illik işğal faktına görə son 20 ildə ordu quruculuğu prosesinə çox böyük diqqət yetirib. Silahlı Qüvvələrimizin yerli məhsullarla təmini, bəzi siyasi faktlara görə bu sahədə ixracdan asılığı azaltmaq məqsədi ilə 2005-ci ildə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Nazirliyin 23-dən çox müəssisəsində ən müasir texnologiya və avadanlıqlarla təchiz olunan 50-dən çox yeni istehsal sahəsi qurulub. İstehsal sahələrində müasir tələblərə cavab verən rəqəmsal, proqram təminatlı 25-dən çox mürəkkəb texnoloji xətt və avadanlıqlar quraşdırılıb. 2200-dən çox müxtəlif təyinatlı dəzgah, 10 minlərlə cihaz, alət və tərtibatlar alınaraq istismar üçün müəssisələrə verilib. Azərbaycan hazırda piyadaların özünümüdafiə və düşməni məhvetmə vasitələrindən olan kiçik və ortaçaplı atıcı silahlar istehsal edən azsaylı ölkələrdən biridir, son illərdə yaradılan müəssisələrin əksəriyyətində sursat istehsalına üstünlük verilir. Bundan başqa, müdafiə sənayemiz aviasiya, mühəndis, rabitə, optik və digər hərbi təyinatlı məhsulların normativ-texniki sənədlərinin yaradılmasını və mənimsənilməsini də həyata keçirir. 

Bu faktın müsbət nəticəsi özünü 2020-ci ilin 44 günlük Vətən müharibəsində də göstərdi. Azərbaycan davam edən sürətli əməliyyatlar zamanı hərbi texnika və sursat baxımından heç bir çətinlik çəkmədi.

Müqayisə üçün qeyd edək ki, artıq 3-cü ilinə qədəm qoyan Rusiya-Ukrayna müharibəsində davam edən hərbi əməliyyatlar zamanı yaşanan çətinliklər, Kiyevin Qərb dövlətlərindən hərbi cəhətdən tam asılı olması qarşıya qoyulan hədəflərə çatmaq üçün bir çox bürokratik əngəllər yaradır. Hansı ki, təchizatçılar özlərinin siyasi maraqlarına uyğun olaraq Ukraynaya verilən silahların tətbiqi ilə bağlı ciddi məhdudiyyətlər tətbiq edirlər. Təbii ki, bu məhdudiyyətlərdə başlıca məqəd Ukrayna üzərindən qurulan oyun və planların reallaşdırılması məqsədi daşıyır. Bu siyasətin əziyyətini isə sadə vətəndaşlar çəkirlər.

44 günlük müharibədə isə Azərbaycan Silahlı Qüvvələri sadalanan amillərin heç biri ilə üzləşmədi. Bu fakt yekunda Ermənistanın işğalçı ordusunun darmadağın edilməsi və separatizm üzərində tarixi qələbə ilə yekunlaşdı. Bu qələbəni şərtləndirən siyasi kursun və ordu quruculuğunda, Silahlı Qüvvələrimizin inkişafında həyata keçirilən siyasi kursun əsas təşəbbüskarı şübhəsiz Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevdir.

Məhz dövlət başçısının birbaşa nəzarətində olan bu sahədə görülən əməli işlər nəticəsində müasir dövrün çağırışlarına cavab verən, yeni texnologiyalarla hazırlanmış müdafiə məmulatlarının alınması təmin olunub. Azərbaycanda 2000-dək müdafiə təyinatlı məmulatlar istehsal olunur, Azərbaycan Silahlı Qüvvələrinə və xarici dövlətlərə ixrac edilir və 800–dək müdafiə təyinatlı məmulatların yaradılması həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidentinin 7 sentyabr 2023-cü il tarixli Sərəncamı ilə ölkənin müdafiə sənayesinin müasir tələblərə uyğunlaşdırılması və ordunun hərbi-texniki təchizatının daxili istehsal hesabına təmin edilməsi, Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olunması, habelə bu sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin qabaqcıl korporativ idarəetmə təcrübəsi tətbiq edilməklə rəqabətə davamlılığının, maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artırılması, gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsi, vahid prinsiplər əsasında idarə olunması məqsədilə “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılıb.

Son 20 ildə hərbi əməkdaşlıq sahəsində qurulan əlaqələrin şaxələndirilməsi, bir mənbədən asılılığın olmaması üçün həyata keçirilən tədbirlər çərçiəsində Azərbaycan Respublikası ilə otuz ölkə arasında 115 müqavilə-hüquq sənədi imzalanaraq müqavilə-hüquq bazası genişləndirilib.

Silahlı Qüvvələrimizin işğal faktına son qoyan ardıcıl, mərhələli əməliyyatları bu gün dünyanın hərbi məktəblərində xüsusi diqqətlə öyrənilir. Məlum prosesdə nümayiş etdirilən səbr və hər bir məqamın diqqətlə, düxgün tətbiqi nəticəsində Azərbaycan Ordusu qarşısına qoyduğu əsas məqsədə - suverenliyimiz və ərazi bütövlüyümüzün bərpasına da elə səbrlə, addım-addım yaxınlaşdı.  

2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin düşmənə layiqli cavab verməsi nəticəsində əks-həmlə əməliyyatları nəticəsində Füzuli, Cəbrayıl və keçmiş Ağdərə rayonunun işğal altında olan 2 min hektardan çox ərazisi azad edildi. 2018-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına götürüldü.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüz cəhdinə cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlayıb və 44 gün davam edən Vətən müharibəsi nəticəsində işğal altında olan ərazilərimiz azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun 3 qəsəbəsi və 52 kəndi, Xocavənd rayonunun bir qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad olundu.

2020-ci ilin noyabr ayının 10-da imzalanmış bəyanata əsasən Kəlbəcər, Ağdam və Laçın rayonları döyüşsüz olaraq heç bir itki verilmədən geri qaytarıldı. 2023-cü il 19-20 sentyabr tarixlərində keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkənin suverenliyi tam bərpa olundu.

Bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında yer alır. “Global Fire Power Index”də 2023-cü ildə 145 ölkə arasında 57-ci yer tutan Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü Silahlı Qüvvələri sayılır. Hazırda Azərbaycanın 2024-cü il dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərcləri 7 milyard 126,35 milyon manat təşkil edir. Ali Baş Komandan İlham Əliyevin də vurğuladığı kimi, müstəqillik tariximizin yeni mərhələsində Azərbaycan dövləti qarşısında dayanan əsas hədəflərdən biri məhz peşəkar ordu quruculuğu prosesinin davam etdirilməsi, Silahlı Qüvvələrin ən müasir standartlara uyğun qurulması prosesinə xüsusi diqqətin ayrılması təşkil edir. Məhz bunun məntiqi nəticəsi olaraq hərbi büdcəmiz hazırda Cənubi qafqazın ən böyük müdafiə büdcəsidir.

Dövlətin ali rəhbərliyinin uzaqgörən siyasəti bu istiqamətdə də öz sözünü deməkdədir. Qeyd edək ki, Silahlı Quvvələrimizin 30 illik işğala son qoyan ağır müharibədən sonra qısa müddətdə yenidən bərpası prosesinə elə qələbəmizdən dərhal sonra start verildi. Hərbi-texniki təchizat sahəsində zəruri addımlar atıldı. Yeni ordu birlikləri yaradıldı. İndi Silahlı Qüvvələrimiz Azərbaycan dövlətinə qarşı istənilən çağırış və təhdidlərə layiqincə cavab vermək, istənilən təxribatın qarşısını çevik və peşəkar formada almaq iqtidarındadır. 

Ləman Əliyeva