Ölkə başçısının tapşırığına uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun təşəbbüsü ilə paytaxtın qəsəbələrində keçirilən “Qəsəbə aylığı” görüşləri çərçivəsində, Qaradağ rayonu Çeyildağ qəsəbə sakinlərinin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə növbəti səyyar görüş keçirilib.
Hafta.az yazır ki, səyyar görüşdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovla yanaşı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, müvafiq təsərrüfat və xidmət sahələrinin rəhbərləri də iştirak edərək sakinlərin müraciət və təklifləri ilə tanış olublar.
Əvvəlcə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Çeyildağ qəsəbəsi üzrə nümayəndəsi Akif Cavadovun 2019-cu ildə qəsəbədə görülmüş işlərlə bağlı hesabatı dinlənilib. Səmimi şəraitdə və ənənəvi “Açıq mikrofon” formatında keçən səyyar görüşdə çıxış edən sakinlər Bakı şəhərində, eyni zamanda, Çeyildağ qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və ölkəmizin Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, həyata keçirilən siyasi kursa birmənalı dəstək ifadə edib, qəsəbədə abadlıq-quruculuq işlərinin davam etdiyini, qaldırılan problemlərin həll olunduğunu vurğulayaraq bütün bunlara görə ölkə rəhbərinə təşəkkürlərini bildiriblər.
Sakinlərin müxtəlif məsələlərlə bağlı suallarını cavablandıran Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin Prezident İlham Əliyevin birbaşa nəzarətində olduğunu vurğulayıb.
Daha sonra sakinlərdən 6 nəfəri fərdi qaydada dinlənilib, həlli mümkün problemlər yerindəcə aradan qaldırılıb, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə tapşırıqlar verilib.