Beşinci “Shahin Novrasli Festival”ı Braziliya musiqisinin canlı konserti ilə başa çatıb. Bağlanış mərasimi Qoşa Qala qapısının yaxınlığındakı açıq hava səhnəsində baş tutub və tədbiri əsl Braziliya karnavalına çevirib. Bu il festival bütövlükdə İçərişəhərdə keçirilib.
Hafta.az xəbər verir ki, tədbirdə Bakı sakinləri və qonaqları, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər və media nümayəndələri bir araya gəlib.
Tədbir başlamazdan əvvəl “Shahin Novrasli Festival”ın təsisçisi və direktoru, tanınmış caz piano ifaçısı və Azərbaycanın Əməkdar artisti Şahin Növrəsli tamaşaçıları salamlayıb və festivalın keçirilməsini dəstəkləyən bütün sponsorlara, tərəfdaşlara və dostlara təşəkkür edib.
Qoşa Qala qapısının yaxınlığındakı səhnədə braziliyalı sənətçilər WINCK (vokal), Ayzek Camba (zərb alətləri), David Oliveyra (bas gitara), Luan Barbosa (milli zərb alətləri) və rəqqasə Ayşa çıxış etdilər.
WINCK güclü və məxməri səsi ilə tanınan braziliyalı vokalçı və mahnı müəllifidir. Onun üslubu pop, caz, R&B və Braziliya motivlərini mükəmməl şəkildə birləşdirir.
Yubiley - beşinci “Shahin Novrasli Festival”da müxtəlif musiqi janrlarından ibarət geniş proqram təqdim olunub. Konsertlərdə həm Azərbaycan sənətçiləri, həm də Latın Amerikası ölkələri, Türkiyə, Gürcüstan, Fransa, Macarıstan, Rumıniya və İsraildən olan tanınmış musiqiçilər çıxış ediblər.
Festivalın xüsusi qüruru olan layihələrdən “We are the Future” çərçivəsində istedadlı uşaqlar peşəkar klassik musiqiçilərlə yanaşı çıxış etdilər və “Mirsamad Novrasli & Friends” layihəsində səhnəyə gənc caz ifaçıları çıxıblar.
“Shahin Novrasli Festival-2026” ərzində festival yarmarkası, ədəbi müsabiqə, gündəlik DJ setləri və cem sessiyaları təşkil edilib.