Çin-Avropa yük daşımalarında yeni dəmiryol marşrutu üzrə hərəkətə mayın 4-də start verilib.
Çinin İu şəhəri ilə Litvanın paytaxtı Vilnüsü birləşdirən marşrutun uzunluğu 10 min 146 kilometrdir. Marşrut Qazaxıstan, Rusiya və Belarusun ərazisindən keçir. Yüklər Vilnüsdən Avropanın daha 36 ölkəsinə, o cümlədən İspaniya, Danimarka, İsveçrə və Fransaya daşınacaq.
Yeni xəttin istifadəyə verilməsi pandemiya şəraitində poçtların daşınması üçün yeni kanal yaradıb. Gələcəkdə həmin marşrut üzrə reyslərin həftədə bir dəfə həyata keçiriləcəyi gözlənilir.
Hazırda İu şəhəri 12 yükdaşıma marşrutu ilə bütün Avrasiya üzrə 37 ölkə və regionla birləşib. Son statistikaya əsasən, cari ildə bu şəhərdən Avropaya 133 yük qatarı göndərilib. Həmin qatarlar 11 min standart konteyner daşıyıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 44 faiz çoxdur.