Çin-Azərbaycan əlaqələri strateji tərəfdaşlıq münasibətləridir  - Bəhruz Quliyev

11:29 24.04.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Çin ilə Azərbaycan arasında əlaqələr səmimi dostluq və strateji tərəfdaşlıq münasibətləridir. Əlaqələrimizin formalaşmasında iki ölkənin liderlərinin xüsusi səyləri qeyd edilməlidir. Bu gün Azərbaycan-Çin əlaqələri tarixinin ən yüksək inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün münasibətlərimiz artıq özünün ən yüksək inkişaf mərhələsinə - hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Azərbaycan Çinlə Orta Dəhlizin inşasında birgə iştirak edir, daşımaların sayı nəzərəçarpacaq dərəcədə artıb”.

Bunu Hafta.az-a açıqlamasında SƏS Media Qrupun rəhbəri, siyasi analitik Bəhruz Quliyev deyib.

B.Quliyevin sözlərinə görə, ölkələrimiz arasında iqtisadi, siyasi, humanitar, mədəni əlaqələr kifayət qədər yüksək səviyyədə qurulub:

“Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlıq mövcuddur, gənclər, mədəniyyət, idman sahələrində də əlaqələr inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikası (ÇXR) sədri Si Cinpinin dəvəti ilə baş tutan səfəri çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlıq, o cümlədən vizasız rejim haqqında saziş imzalanması bir-birinə olan etimadın bariz nümunəsidir. Səfər ərəfəsində Azərbaycan Prezidenti Çinin Sinxua agentliyinə verdiyi müsahibədə ötən ilin yayında iki dövlət arasında strateji tərəfdaşlıq haqqında saziş imzalandığını xatırladıb. Prezident qeyd edib ki, biz bu əməkdaşlığı daha da genişləndirmək, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirmək, iki ölkənin ümumi maraqlarını birgə qorumaq, regional və qlobal sülh, sabitlik və inkişaf işini birgə irəli sürmək barədə razılığa gəldik. Prezident Çin və Azərbaycanı “qədim İpək Yolu üzərində sivilizasiyaların mərkəzləri” adlandırıb. Bu gün Bakı və Pekin arasında iqtisadi əməkdaşlıq fəal şəkildə artıb. İki ölkə arasında əməkdaşlığa böyük önəm verilməsinin mühüm səbəblərindən biri həm də Orta Dəhliz layihəsidir. Bu, Azərbaycanın Avrasiya regionunda rolunu artırır”.