Böyük Çin bankları yuanı dəstəkləmək üçün dollar satmağa başlayıb. Hafta.az bildirir ki, bu barədə “Reuters” bank sektorundakı mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Çinin əsas dövlət bankları bazar ertəsi günü svop və spot əməliyyatlarının kombinasiyasından istifadə edərək külli miqdarda ABŞ dolları satıblar.
Agentlikdən verilən məlumata görə, müvafiq sifariş kredit təşkilatlarına sentyabr ayında daxil olub. Eyni zamanda, dollar satışından sonra məzənnə bir dollar üçün 6,95 yuana düşüb.
Reuters-in mənbələrindən biri qeyd edib ki, yuanın möhkəmlənməsi əməliyyatı, çox güman ki, Çinin 3 trilyon dollar olan valyuta ehtiyatlarına təsir etməyib.
Sentyabrın 26-da Çin Xalq Bankı 2020-ci ilin iyul ayından bəri ilk dəfə olaraq milli valyutanın məzənnəsini 7 yuana endirib.