Cinayətkar, yoxsa "hərbi əsir" - Müzakirə

10:28 05.06.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

44 günlük müharibədən sonra Azərbaycan sərhədlərini qeyri-qanuni keçib dövlətimizə qarşı hərbi cinayətlər törədən  erməni diversantlarıının məhkəmə prosesi davam edir. Dünyada erməniçiliyi müdafiə edən güc dövlətləri Azərbaycana qarşı təsirlərini artıraraq, cinayətkarların “hərbi əsir” kimi azad olunması tələbi ilə çıxış edirlər. 30 illik işğal dövründən bu yana Azərbaycanın öz haqq işini bərpa etdiyi indiki zamana qədər beynəlxalq təşkilatların və regionun güc dövlətlərinin ikilistandartlı yanaşmalarını müşahidə etməkdəyik.

Üstəlik, haqqı pozan beynəlxalq qurumlar yenə də hansısa hüquq müdafiəçilərinin simasında “demokratiya” və “humanizm” adı altında hərəkətə keçərək bu ermənilərin geriyə-Ermənistana qaytarılması ilə bağlı çıxışlar edirlər. Azərbaycan Məhkəməsində isə ermənilərin əsir düşən, girov götürülən vətəndaşlarımıza qarşı törətdiyi vəhşiliklər, işgəncələr barədə danışılır. Bu president nədən xəbər verir. Biz Azərbaycan cəmiyyəti olaraq məhkəmədə ortaya çıxarılan bu dəhşətli faktları Avropa Məhkəmələrinə çatdıra bilmişikmi? Halbu ki, ermənilər işğalçı tərəf və haqsız olduqları halda Azərbaycanda təzyiqlərə məruz qalmaları ilə bağlı Avropa Məhkəmələrinə 100-lə müraciət ünvanlayıblar. Avropa məhkəmələri isə həmin müraciətlərin əsasında gündə ölkəmizə qarşı bir qərar çıxarır. Ümumilikdə, bu gün erməni diversantların məhkəmə prosesinə münasibət nədir?

Hafta.az hüquq müdafiəçiləri və ictimaiyyətin digər nümayəndləri ilə məsələyə aydınlıq gətirib.

Azərbaycan dövləti bu işin öhtəsindən çox yaxşı gəlir və əsir götürülənlərin hamısı Ermənistana qaytarılıb

Hüquq müdafiəçisi Səidə Qocamanlı bildirib ki, Azərbaycanda cinayət törətmiş ermənilərlə bağlı məsələlər məhkəmə araşdırmasında təsdiqini tapandan sonra beynəlxalq məhkəmələrə çıxarıla bilər.

“Erməni diversantlar 44 günlük müharibədən sonra törətdikləri terror aktlarına,  Azərbaycan hərbçilərini məhv etdiklərinə, Azərbaycan ərazisinə qanunsuz daxil oıduqlarına və digər cinayətlərə görə həbs olunublar. Onların məhkəmələri gedir, prosesi izləməliyik.  Təbii ki, erməni cinayətkarları öz layiqli cəzalarını almalıdırlar.  Onların əllərində Azərbaycan vətəndaşlarının qanı var. Azərbaycan insanlarına qarşı işgəncələr, əziyyətlər, qeyri-insani hərəkətlərə yol veriblər.  Bu adamlar həbs olunmalı, azadlıqdan məhrum edilməlidirlər. Ona görə də kimin nə deməsindən asılı olmayaraq, erməni cinayətkarlarına məhkəmə qurmaq Azərbaycanın haqq işidir. Bu gün zərərçəkənlərin dedikləri erməni cinayətləri bir-bir araşdırılacaq.  Bu bir günün, iki günü işi deyil. Məhkəmə getdikcə biz də məlumatlanacağıq.

Bundan başqa, Qarabağda zərər çəkmiş, evini itirmiş, əmlakına zərər dəyən, əmlakını, əzizlərini itirmiş, qeyri-insani rəftara məruz qalan insanlar beynəlxalq məhkəmələrə müraciət etməlidirlər, bu, total şəkildə baş verməlidir. Düzdür, belə müraciətlər  olub, artıq torpaqlar azad olunandan sonra həmin o zərərçəkmiş vətəndaşlarımız daha da fəal olmalıdırlar.

Hər bir vətəndaş dövlətinin, torpağının yanında olmalıdır və dövlətin apardığı siyasəti dəstəkləməlidir. Bu artıq şəxsi məsələ deyil, Vətən, torpaq  məsələsidir. Həmin insanlar çox əziyyət çəkiblər. Təsəvvür edin, bunlar 30 ildə qeyri-insani bir vəziyyətdə yaşayıblar.  Son bir-iki ildə onlar üçün hansısa bir şəhərcik salınıb ora köçürülüblər. Onlar illərlə vaqonlarda, yataqxanalarda yatıblar. Bu səbəbdən haqqlarıdır ki, beynəlxalq məhkəmələrə müraciət etsinlər”.

S.Qocamanlı diversantların “hərbi əsir” kimi təqdim edilməsi məsələsinə birmənalı yanaşıb.

“Azərbaycan dövləti bu işin öhdəsindən çox yaxşı gəlir və əsir götürülənlərin hamısı Ermənistana qaytarılıb.  Müharibə bitəndən sonra Azərbaycan torpaqlarında peyda olan erməni cinayətkarlarını necə azad buraxmaq olar?! Onlar terrorçudurlar, gəlirlər, mina qoyurlar, partladırlar, öldürürlər. Axı bunlar son 6 ayda hamısı gözümüzün qabağında olub. Mən başa düşmürəm, erməniləri geri göndərməyi tələb edən bəzi hüquq müdafiəçiləri hansı nöqteyi-nəzərdən belə məktublar yazıb, belə qərarlara gəliblər?! Bəs niyə onlar demirlər ki, 30 il bundan qabaq aradan götürülən minlərlə Azərbaycan vətəndaşı haradadır?! İndiyə kimi ailələri onlardan bir xəbər bilmir. Niyə o güclər həmin insanları müdafiə edib axtarmırlar? Onlarla bağlı Ermənistan hakimiyyətinə müraciət ünvanlamırlar?!

Hüquq müdafiəçisi gərək hər bir məsələyə çox obyektiv yanaşsın. O, ilk növbədə öz dövlətinin yanında olub ədalətin bərqərar olmasına çalışmalıdır.

30 ildir biz cinayətkarların öz cəzasını alacağı günü gözləyirdik. Düzdür, hələ görüləcək işlərimiz çoxdur, hələ orada qalan torpaqlarımızı qaytarmalıyıq. Sərhədlərin delimitasiya, demarkasiyası başa çatmalıdır. Bizə ağıl verənlər, gedib  öz ölkələrində otursunlar, qoysunlar işimizi görək, artıq geriyə yol yoxdur”.

 S.Qocamanlı bildirir ki, vətəndaşlarımızın beynəlxalq məhkəmələrə müraciətlərinin ardıcıl olması üçün işlər aparılmalıdır.

“Elə məsələlər var ki, onu bağışlamaq olmaz. Hər bir insan gərək öz haqqını müdafiə eləsin. Evini, əzizlərini, vətənini itirmiş insanlar haqlarını müdafiə etməldir. Bu, Azərbaycanda total hal almalıdır. Onları təşkil etmək lazınmdır, çünki çoxları bunu necə etməyi bilmir. Onlara yardım etmək lazımdır. Burada hüquq müdafiəçilərinin, vəkillərin üzərinə çox iş düşür. Kimsə orada inşaatla, torpaqları minalardan təmizləməklə məşğuldursa, hüquq müdafiəçiləri də bu işlə məşğul olmalıdır. Yoxsa durub burada ermənilərin dərdini çəkib, “buraxın getsin” deməklə heç nə həll olunmur.”.

Bütün faktları hüquqi aspektdə toplayıb, beynəlxalq təşkilatlara göndərməliyik

Hüquq müdafiəçisi Novella Cəfəroğlu birmənalı olaraq bildirir ki, bu gün məhkəməyə çıxarılan erməni diversantlar layiqli cəzalarını almalıdır.

“Bundan sonra bütün faktları hüquqi aspektdə toplayıb bütün beynəlxalq təşkilatlara göndərməliyik. Bu gün ermənilərin törətdiyi cinayətlərə rəğmən kimlərsə bizdən xahiş edirlər ki, onları buraxdıraq, lakin bu mümkün deyil. Bu məhkəmə prosesi beynəlxalq təşkilatlara, məhkəmələrə müraciət etmək üçün əlimizdə bir sübut olacaq. Bundan sonra artıq Azərbaycan öz şərtlərini dünyaya diqtə edəcək.  Ardınca biz minalanmış sahələrin xəritəsini tələb edəcəyik. Göstərəcəyik ki, ermənilərin Azərbaycanda törətdiyi cinayətlər hədsizdir. Bu gün mühakimə olunanlar bəlkə Xocalı soyqırımını törədən, uşaqları, qadınları, qocaları öldürmüş cinayətkarlardır. Məhkəmədə bunu sübuta yetirməliyik. Bu gün ermənilər tərəfindən döyülənlər, işgəncə verilən insanlarımız məhkəmədə çıxış edir. Hamısını sübuta yetirib beynəlxalq məhkəməyə çıxarmalıyıq.

62 nəfər erməni ilə bağlı məsələni onların ailələri qaldırıb. O əsirlərin arasında canilər də var, normal əsgərlik çəkmək üçün Qarabağa göndərilənlər də. Hamısı bir deyil, biz onları araşdırmalıyıq. Hansı canidirsə, cəzalanmalıdır. Hər bir məsələ ilə bağlı Azərbaycan beynəlxalq məhkəmələrə müraciət etməlidir”.

Erməni girovluğunda, əsirliyində işgəncələrə, təhqirlərə məruz qalmış nə qədər Xocalı sakini var ki, hələ sağdırlar, yaşıyırlar

Milli Məclisin deputatı Elman Məmmədov bildirir ki,  bəzi  erməni saytları, erməni rəsmiləri, erməniləri müdafiə edən bir sıra dövlətlər cinayərtkarları “hərbi əsir” adlandırır, azad olunmalarını tələb edirlər. O, bu yanaşmanı böyük yalan kimi dəyərləndirib.  

“Onlar hərbi əsir deyil. 1988-ci ildən başlayaraq bu günə qədər Azərbaycan xalqına, əhalimizə, dövlətimizə qarşı müxtəlif cinayətlər törətmiş cinayətkarlar, terrorçudurlar. Mətbuatdan eşidirik ki, Azərbaycanda da kimlərsə guya bunların müdafiəçisi kimi çıxış eləmək fikrinə düşüb. Hesab edirəm, bu cür fikirlər kökündən yanlışdır. Bu cinayətkarları bağışlamaq elə məzluma zülm etmək kimidir.  Erməni əsirliyindən, girovluğundan gəlmiş minlərlə insan var. İşgəncələrə, təhqirlərə məruz qalmış nə qədər Xocalı sakini var ki, hələ sağdırlar, yaşayırlar. Başqa rayonların sakinləri, hərbçilərimiz var ki, onların başına müsibətlər açılıb, işgəncələr verilib. Elə Dilqəm Əsgərovla Şahbaz Quliyevi götürək, onlar gəliblər, sağdırlar, danışsınlar. Məhkəmədə zərərçəkən kimi iştirak edənlər o cinayətkarları tanıyırlar, cinayətkarlar da onları tanıdıqlarını etiraf edirlər. Biz humanistlik, sülhpərvərlik nümayiş etdiririk, ancaq bu humanistlik və sülhpərvərlik cinayətkarlara, terrorçulara qarşı olmamalıdır.  Bəs bu ermənilər niyə humanist olmurdular?! Onlar niyə sülhsevər, insanpərvər olmurdular?! Onlar o körpə uşaqların başına nə oyunlar açırdılar. Əsirlərin başı ilə futbol oynayırdılar. Əsirlərin hər ayağını bir hərbi maşının arxasına bağlayıb param-parça edirdilər. Bəs onda humanistlik, insanpərvərlik yada düşmürdü?! Onda bu beynəlxalq təşkilatlar yox idi?! Onda bu gün erməni cinayətkarların müdafiəsinə qalxan Fransa və başqa dövlətlər kimi siyasətçilər yox idi? Var idi.  Onlar bu etirazların heç birini bizə görə etmirdilər.  Hələ də 4 mindən çox Azərbaycan vətəndaşının -  1988-ci ildən 1994-cü ilə qədər girov, əsir düşmüş insanlarımızın taleyi məlum deyil. Ermənistan onlar haqqında məlumat vermir. Hörmətli Ombudsman Səbinə xanım məhkəmədə iştirak edir, insan haqlarının qorunmasını nümayiş etdirir. Bizim nə qədər jurnaistimiz məhkəmədə iştirak edir. Məhkəmə prosesi yüksək səviyyədə qanun, ədalətin qorunması prinsipi ilə həyata keçirilir. Cinayətkar cinayətkardır və onun cinayəti sübut olunur, o, Azərbaycan qanunları ilə də cəzasını almalıdır.

Belə məhkəmələrin qurulmasını uzun illərdir ki, arzu edirdik.  Hesab edirəm, Robert Köçəryan, Serj Sərkisyan, Babayan və daha kimlər, vaxt gələcək ki, hamısı ədalət məhkəməsinə çıxarılacaq. Onlar insanlığa qarşı, bəşəriyyətə qarşı  cinayət törədiblər”.

E.Məmmədov bildirir ki, müvafiq qurumlarımız bu illər ərzində kifayət qədər məlumatı beynəlxalq aləmə çatdırıblar.

“Bunların siyahıları, törətdikəri cinayətlər lazımi qurumlara çatdırılıb, ancaq nə faydası?  Beynəlxalq məhkəmələr, qurumlar da sifarişlə işləyənlərdir. Onlar da müəyyən maraqlar çərçivəsində fəaliyyət göstərirlər. Buna baxmayaraq, Azərbaycan Respublikası Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti və digər qurumlar  bu istiqamətdə çox gərgin işlər aparırlar. Müharibədən əvvəl və sonra baş verən hadisələrlə bağlı yığılan faktların hamısı müvafiq beynəlxalq qurumlara  təqdim olunur və bu proses davam edir. Erməni vandallarına çox ciddi hərbi tribunal qurulmalı və hamısı cəzalandırılmalıdır”.

O diversantlar Azərbaycan qanunlarına uyğun surətdə ən ağı cəza ilə məhkum olunmalıdır

Qaçqın və Məcburi Köçkünlər üzrə Gənclər Təşkilatının sədri Vüqar Qədirov hesab edir ki, ermənilərin “hərbi əsir” kimi müdafiə olunması məsələləri son vaxtlar Ermənistan-Azərbaycan sərhəddində baş verən hadisələrlə əlaqədardır. Onun sözlərinə görə, bəzi qurumlar əvvəllər olduğu kimi  yenə də “xalq diplomtiyası” adı ilə ermənilərin geri qaytarılması və sair məsələlərə bağlı birgə bəyanat verir, cinayətkarların azad olunmasını tələb edirlər.

“Məhkəmə bitmədən, həmin insanlara cəza kəsilmədən onların geri qaytarılması, yaxud bağışlanması qəbul oluna bilməz. Bu gün erməni girovluğunda olan insanlarımız müsahibələrində ermənilərin onlara verdiyi işgəncələrdən danışırlar. Belə bir vaxtda diversantların məsuliyyətindən azad edilməsi ilə bağlı çağırışları qeyri-ciddi, cəfəng münasibət kimi qəbul edirəm.  Gördük ki, öz dədə-baba yurdlarını ziyarətə gedən Dilqəmlə Şahbazı necə saxladılar, necə işgənclər verdilər. Yalnız 44 günlük müharibə bitəndən sonra Laçın, Kəlbəcər qaytarıldıqdan sonra, onları sülhməramlıların əli ilə müəyyən şərtlərlə bizə təhvil verdilər. Təbii ki, kompromislər olmalıdır, müharibə əbədi davam edən deyil. Görürük ki,  diversantlar Laçın, Kəlbəcər istiqamətində öz çirkin niyyətlərini həyata keçirməyə başlayıblar.  Bu, Fransanın təhriki, ATƏT-in Mİnsk Qrupuna həmsədrlik edən dövlətlərin və beynəlxalq təşkilatların  ermənilərin başını sığallaması nəticəsində baş verir. Həmin o diversantlar Azərbaycan qanunlarına uyğun olaraq ağır cəza ilə məhkum olunmalıdır.  Onlara ömürlük cəza verilməlidir. Bəlkə Prezident onların cəzasını yüngülləşdirər, azad edər, bu, sonrakı məsələdir. İstintaq prosesində erməni diversantların azad edilməsi, təbii ki, qəbul olunmazdır”.

V.Qədirov bildirir ki, Azərbaycan xalqı, dövlətimiz, diasporamız yetərincə olmasa da, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırıb.

“44 günlük müharibədən əvvəl və sonrakı dövr ərzində  Azərbaycan diasporasının Avropadakı fəaliyyətini, erməni terrorizminin, hətta “Asala” terror təşkilatının soydaşlarımıza hücumlarının şahidi olduq.  Neçə illərdir, torpaqlarımız işğal altında qaldı, amma bir dəfə də olsun, ATƏT-in Minsk Qrupuna həmsədrlik edən  dövlətlər, beynəlxalq təşkilatlar demədilər ki,  Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxsın. Dedilər ki, siz birgə razılaşın, biz sizə dəstək verək. BMT-nin  qəbul etdiyi 4 qətnaməni bir dəfə də dilə gətirmədilər.  Azərbaycan öz hüquqlarını bərpa etdikdən sonra başladılar Azərbaycana təzyiqlər göstərməyə,  ATƏT-in Minsk Qrupu yenidən dirçəlməyə başladı. Onlar Xocalı soyqırımı, eləcə də başımıza gətirilən digər müsibətlərdən xəbərdardırlar. Onlar Ağdama gəlirlər və Ağdamı Xirosima ilə müqayisə edirlər. İşğal etdikləri Azərbaycan torpaqlarında ermənilərin törətdiyi vandalizmi bilirlər. Sadəcə olaraq göz yumurlar. Bir xristian təəssübkeşliyi, Azərbaycana qarşı ikili standartlar var. Ona görə də problemlərimizi çatdırsaq belə, Ermənistana olan xoş münasibət  bizə qarşı yoxdur.

Mütləq şəkildə Azərbaycan beynəlxalq məhkəmələrə müraciət edib təzminat tələb etməlidir. Təzminat Zəngəzurla əvəzləşdirilə bilər. Ermənistan törətdiyi cinayətlərin bədəlini ödəməlidir”.