Çində 300 milyon insan təqaüdə çıxacaq: İqtisadiyyat buna hazırdırmı?

10:00 05.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çində yaşlanan və yaxın illərdə təqaüdə çıxacaq əhalisi ölkə iqtisadiyyatına ciddi yük qoya bilər.

Hafta.az-ın yazdığına görə, BBC-nin təhlili göstərir ki, yaxın 10 ildə 50-60 yaş arasında olan təxminən 300 milyon insan işçi qüvvəsini tərk edəcək. Bu isə, demək olar ki, ABŞ əhalisinin sayına yaxın rəqəmdir.

Pekinin yaşadığı iqtisadi problemlər və pensiya fondlarına ayrılan pulun azalması yaşlı əhalinin qayğısına qalmaqda problemlər yaradır.

Çin Elmlər Akademiyasının 2019-cu il məlumatlarına görə, pensiya fondunda olan pullar 2035-ci ildə bitə bilər. Lakin ekspertlərin fikrincə, pandemiyanın vurduğu iqtisadi ziyan fondun xeyli tez tükənməsinə səbəb ola bilər.

BMT-nin Əmək Təşkilatının məlumatına görə, ölkədə orta aylıq pensiya 170 yuan (təxminən 40 manat) civarındadır.

Çində ənənəvi olaraq dövlət yox, qocalmış valideynlərin uşaqları onlara qayğı göstərir. Lakin Pekin administrasiyasının 1980-2015-ci illər arasında həyata keçirdiyi “bir uşaq” siyasəti, eləcə də kənd yerlərində yaşayan gənclərin ailələrindən ayrılaraq şəhərlərə köçməsi bunu çətinləşdirib.

Pekin özəl sektordan qocalara xidmət etmək üçün daha çox qocalar evi tikməsini istəyir.

Bununla belə, Zhejiang əyalətinin paytaxtı Hangzhou şəhərindəki Sunşine Qocalar Evinin direktoru bildirir ki, onlar son illər daimi itkilər verirlər. 1300 nəfərin qaldığı qocalar evində 20 gənc könüllü olaraq çalışır.

Qocalar evlərində qocalara xidmət göstərən işçilərin sayının da ölkə daxilində azalacağı gözlənilir. BBC-nin məlumatına görə, 2020-ci ildə hər pensiyaçıya 5 baxıcı düşəcəyi halda, 2050-ci ildə bu rəqəm 1,6-ya enəcək.

72 yaşlı fermer Huançun Cao, "Bizim düzgün pensiya pensiyamız yoxdur" deyib və sağlamlıqlarının imkan verdiyi müddətcə işləmək məcburiyyətində olduqlarını bildirib.

Pekin administrasiyası əhalinin qocalması ilə bağlı problemləri həll etmək üçün pensiya yaşını da artırmağı planlaşdırır.

Hazırda ölkədə pensiya yaşı həddi kişilər üçün 60, qadınlar üçün 50, zavod işçiləri üçün 50, dövlət məmurları üçün isə 55-dir. Kommunist Partiyası 1949-cu ildə Çin Xalq Respublikasını qurduqdan sonra bu yaş hədləri dəyişdirilməyib.

Pekin rəhbərliyinin 2022-ci ildə verdiyi açıqlamada, pensiya yaşının 2025-ci ilə qədər mərhələli şəkildə artırılacağı bildirilib.