Daşaltıdan çıxan ermənilər də Şuşanın Malıbəyli kəndinə yerləşdirilib -Polkovnik

12:03 31.07.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, Qarabağdakı separatçı-terrorçu erməni rejimi tör-töküntülərinin rəhbərliyi Hadrutdan köçmüş ermənilərin bir hissəsini Şuşa rayonunun Malıbəyli kəndində yerləşdirmək niyyətindədir.

Kriminal xunta bu məqsədlə “Stepanakertin(Xankəndi-S.L.) Açapnyak rayonu” adlandırdıqları kəndin ərazisində 2022-ci ilin sonunadək “bütün müasir tələblərə cavab verən 240 mənzildən ibarət 15 bina tikməyi” planlaşdırır...

1992-ci ilin fevralında Şuşa rayonunun Malıbəyli, eləcə də Yuxarı və Aşağı Quşçular kəndlərinin sakinlərini erməni terrorçularının mühasirəsindən çıxarılmasında böyük rolu olmuş keçmiş tabor komandiri, ehtiyatda olan kəşfiyyatçı polkovnik Azay Kərimov hafta.az-a açıqlamasında bəhs edilən xəbərə münasibətini bildirib.

“Əvvəla, hafta.az saytının rəhbərliyi və kollektivinə  30 ilə yaxındır ki, həsrəti ilə yaşadığımız doğma Malıbəyli kəndimizin hazırkı durumu haqdakı məlumata görə təşəkkür edirik. Kəndimizin keçmişi barədəki məlumatlara bir neçə əlavə də etmək istərdim... 

Malıbəylidə biri kəndin mərkəzində, digəri isə yuxarı hissədə olmaqla  XVIII əsrə aid iki məscid olub. Onların minarələri olmasa da, daxili quruluşları Şuşadakı Gövhərağa məscidlərinin memarlığına uyğun idi. Malıbəylidə də eynilə Şuşadakı “Məşədi İbad” hamamı kimi qədim hamam mövcud olub...

Araşdırmaçı jurnalist Vasif Quliyev  də təsdiqləyir ki, Azərbaycanda Qax rayonunun İlisu kəndindən sonra respublikamızda ən çox ziyalı, alim, akademik, ixtiraçı, həkim, müəllim, hərbçi və s.  yetişdirən kənd olub.  Kənddə böyük təsərrüfatlarına malik  taxılçılıq, tərəvəzçilik, südçülüklə məşğul olan sovxoz fəaliyyət göstərirdi. Atam Allahyar Kərimov xeyli müddət həmin sovxozun dirketoru işləyib. Demək olar ki, respublikada ən böyük və məhsuldar taxıl sahələrinə malik kəndlərdən biri də Malıbəyli idi...  

Sovet dövründə Malıbəylidə iki zavod filialı fəaliyyət göstərirdi. Biri Bakı lampa zavodununku idi. Kəndin 150-160 sakini orada işləyir və yaxşı əmək haqqı alırdı. Digəri isə Bakı radiozavodunun filialı idi.  Yadınızdadırsa,  Bakıda “Xəzər” radioqəbuledicisi buraxılırdı. Həmin radioqəuledicilərdən bizim kənddə də buraxılır və o zavodda da onlarla həmkəndlimiz çalışırdı”- deyə həmsöhbətimiz əlavə məlumat verib.  

“O ki qaldı hazırda Malıbəyli kəndinə Hadrutdan köçən ermənilərin yerləşdirilməsinə... Bildiyiniz kimi, bu saat Malıbəyli camaatı Bakının Sabunçu rayonunda salınmış “Ramana-450” qəsəbəsində onlar üçün tikilmiş yeni evlərdə yaşayır. Onu da deyim ki, bəlkə də Malıbəyli Qarabağda işğal olunmuş yeganə kənddir ki,  sakinlərin Azərbaycanın onlarla rayonuna səpələnməyib, hamısı kompakt olaraq bir yerdə yaşayır. Buna 1992-ci ilin fevralında dörd tərəfdən mühasirədə qalmış kənddən döyüşə-döyüşə çıxmağa məcbur olarkən ağsaqqallarla birlikdə könüllü tabor komandiri kimi mənim də səylərim nəticəsində nail olduq.  Yaşadığımız qəsəbədə də Malıbəyli sakinləri normal həyat üçün dövlət tərəfindən hər şeylə təchiz olunub. Və çoxları evinin yanında oğluna da, qızına da ev tikib. Lakin bütün bunlara rəğmən  malıbəylilər bir nəfər kimi öz torpaqlarına, özü də Şuşa şəhərinə, yaxud başqa kəndə yox, məhz Xankəndi şəhərinə bitişik olan doğma Malıbəyli kəndinə qayıtmaq istəyirlər. Yəni mən də daxil olmaqla hamımız öz kəndimizə dönmək istəyindəyik. Amma təəssüf ki, hazırda doğma kəndimiz, sizin də yazdığınız kimi, hələ də separatçı erməni rejiminin nəzarətindədir və oraya Hadrutdan köçən erməniləri yerləşdirmək istəyirlər. Buna mane olmaq üçün isə əlimizdən bir iş gəlmir... İnşallah, dövlətimizin və ordumuzun tezliklə düşmənin bu təxribatlarının da qarşısını alacağına və doğma kəndimizə qayıdışımıza şərait yaradacağına ümid edirik...

Əldə etdiyimiz son məlumatlara görə, Daşaltı kəndindən də çıxan ermənilərin hamısı Malıbəyliyə köçürülüb və hazırda  orada yaşayır.  Onu da deyim ki, Şuşa rayonunun 37 kəndindən Malıbəylidən savayı yalnız Turşsu, Böyük Qaladərəsi, Kiçik Qaladərəsi və Salatınkənddə də ermənilər məskunlaşıb. Qalan kəndlərimiz isə bomboşdur və öncə Azərbaycan əsgərinin, ardınca isə doğma sakinlərinin gəlişini gözləyirlər” –deyə kəşfiyyatçı polkovnik vurğulayıb.

Oxunma sayı 5699
Gündəm rubrikasından digər xəbərlər