Deputat: Avropa İttifaqı Azərbaycanın strateji əhəmiyyətini dərindən başa düşüb

11:17 12.03.2026
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri mühüm siyasi hadisə kimi qiymətləndirilir. Bu səfərin əsas əhəmiyyəti nədir və Avropa İttifaqının Azərbaycanla bağlı hansı niyyətinin göstəricisidir?

Milli Məclisin deputatı Tural Gəncəliyev məlum səfəri Hafta.az-da bir necə aspektdən qiymətləndirib. Deputat qeyd edib ki, Avropa İttifaqı Şurasının rəhbəri Koştanın səfəri təsadüfi xarakter daşımır.

Onun szölərinə görə, dünyada və Yaxın Şərqdə geosiyasi təlatümlər fonunda Azərbaycanın seçilməsi, Azərbaycana gəlməsi göstərir ki, Avropa İttifaqının bu regionda Azərbaycana ehtiyacı var, Azərbaycan liderinə apardığı siyasət isə onlar üçün cəlbedici və strateji baxımdan önəmlidir:

"Azərbaycanın geosiyasi rolu bu səfərlə daha da güclənmiş olur. Eyni zamanda bu səfər Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirmək niyyətini açıq şəkildə göstərir".

T.Gəncəliyev enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rola da diqqət çəkib:

"Son dövrlərdə Yaxın Şərqdə baş verən hadisələr, xüsusilə İrana qarşı hücum Avropa İttifaqının enerji təhlükəsizliyini ciddi şəkildə sual altına qoyub. Belə ki, Hörmüz boğazı demək olar ki, fəaliyyət göstərmir, alternativ marşrut hesab edilən Bab əl-Məndəb boğazı isə artan regional gərginlik səbəbindən böyük risk altındadır. Əgər bu gərginlik davam edə və Bab əl-Məndəb boğazı da bağlanarsa, bu, Avropa və dünya iqtisadiyyatı üçün ciddi təhlükələr yaradacaq. Buna görə də Avropa İttifaqı Azərbaycanın strateji əhəmiyyətini dərindən başa düşüb. Əvvəlki strateji səhvlərin təkrarlanmaması və Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi Brüsselin prioritetidir”.

Deputat o cümlədən Orta Dəhliz layihəsi və onun iqtisadi əhəmiyyətinin Avropa üçün nə dərəcədə önəm daşıması faktoruna diqqət çəkib. O, qeyd edib ki, Orta Dəhliz hal-hazırda Avropa ilə Asiyanı birləşdirən yeganə təhlükəsiz nəqliyyat marşrutu kimi özünü təsdiqləyib:

"Şimalda Rusiya–Ukrayna müharibəsi, cənubda isə İran gərginliyi bu dəhlizin strateji əhəmiyyətini artırır. Eyni zamanda Avropa İttifaqı Çinlə ticarət və enerji daşıyıcılarının Avropaya nəqli baxımından Orta Dəhlizi əsas arteriya kimi qiymətləndirir və bu məsələdə Azərbaycanla danışıqları dərinləşdirmək istəyir. Orta Dəhliz, Xəzər dənizi üzərindən Mərkəzi Asiya ölkələrinin enerji resurslarının həm ənənəvi, həm də alternativ enerji daşıyıcıları vasitəsilə Avropaya yönəldilməsində yeganə təhlükəsiz marşrutdur. Bu isə Azərbaycanın strateji nüfuzunu daha da artırır”.

T.Gəncəliyev diplomatiya və post-münaqişə regionlarına münasibətdə Avropa Şurası və AŞPA məsələləri hazırda donmuş vəziyyətdə olsa da, Avropa İttifaqındakı münasibətlərin fərqli olduğunu deyib. Bildirib ki, əvvəllər Azərbaycana qarşı erməni dairələrinin təsiri böyük olsa da, İran müharibəsindən sonra bu təsir azalacaq.

"Azərbaycanın dəyərini anlayan və əməkdaşlığı dərinləşdirmək istəyən qrupların rolu daha da artacaq. Azərbaycan həm ənənəvi, həm də alternativ enerji mənbəyi kimi Avropa üçün strateji əhəmiyyətini artırır. Yaxın Şərqdə, məsələn, Birləşmiş Ərəb Əmirlikləri, Dubay və Abu-Dabi kimi bölgələrdə təhlükəsizlik risklərinin artması fonunda Azərbaycan sabit və təhlükəsiz ölkə kimi ön plana çıxır. Post-münaqişə dövründə Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması və sülh şəraitinin gücləndirilməsi də Avropa İttifaqının diqqət mərkəzindədir. Brüssel regionda siyasi rol sahibi olmaq və Cənubi Qafqazda əməkdaşlıq platformasının inkişafını təmin etmək istəyir.

Antonio Koştanın Azərbaycana səfəri təsadüfi xarakter daşımır. Dünyada və Yaxın Şərqdə geosiyasi təlatümlər fonunda Azərbaycanın seçilməsi, bu regiona gəlməsi göstərir ki, Avropa İttifaqının Azərbaycana ehtiyacı var. Azərbaycanın apardığı siyasət Brüssel üçün həm cəlbedici, həm də strateji baxımdan önəmlidir. Bu səfər Azərbaycanın geosiyasi rolunun daha da gücləndiyini bir daha nümayiş etdirir”.

Tahirə Qafarlı