“Azərbaycanda ən ciddi çətinliklərdən biri dərman vasitələrinin keyfiyyəti, yüksək qiymətə olmasıdır. Bu, insanların onlara lazım olan dərmanları almasına çətinlik yaradır”.
Hafta.az xəbər verir ki, bu barədə deputat Fəzail Ağamalı “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə aparılan müzakirələr zamanı bildirib.
Deputat hesab edir ki, bu çətin vəziyyəti aradan qaldırmaq üçün ciddi addımlar atılmalıdır. Onun sözlərinə görə, burada bazar iqtisadiyyatı, dərman gətirənlərin öz maraqları və sair möhtəkirlik halları da ola bilər ki, bunların aradan qaldırılması düşünülməlidir.
Onun fikrincə, dərman vasitələrinin ölkəyə gətirilməsi, satışı ilə bağlı ciddi nəzarət mexanizmi həyata keçirilməli, aydınlaşdırma aparılmalıdır. O, bu sahə üzrə səlahiyyətli olan üç qurumun -Səhiyyə Nazirliyi, Təbib, Tibbi Sığortanın bu məsələlərə hansı səviyyədə baxmasının araşdırılmasını vacib bilib.
“Amma bu üç qurum arasında ziddiyyətlər var. Bu qurumlar ya bir-birini qəbul etmir, yaxud bir-birinə qısqanclıqla yanaşırlar. Vaxtilə dərmanlar birbaşa Səhiyyə Nazirliyinin səlahiyyətində idi. İndi müraciət edirsən, deyirlər ki, bizim səlahiyyətimizdə deyil, TƏBİB-dədir. TƏBİB-ə də düşmək gedib kosmosa qayıtmağa bənzəyir”.