Dərsliklərdə, tədris proqramlarında islahat aparmalıyıq - Açıqlama

14:14 13.09.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Təhsil naziri mətbuat konfransında bildirdi ki, ənənəvi təhsilə 1-2 həftə gec başlasaq ki, bu günlər tətil günləri hesabına kompensasiya ediləcək. Əslində təhsilin keyfiyyətini onun müddəti ilə ölçmək düzgün deyil. Biz sentyabrın 1-ni 15-i ilə əvəz etdik. Tədris ilinin son gününü də iyunun 14-nə çəkdik. Nə dəyişdi? Bir bunun təhlilini aparan varmı ki, nə qazandıq, nə itirdik?

Bu fikirləri hafta.az-a Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib.

Onun sözlərinə görə, bu dəqiqə elə kurslar var ki, məktəbin şagirdə bir fənn üzrə 11 ildə verdiyini 1-2 aya verir. Ona görə də təhsilin keyfiyyətini müddətlə ölçmək doğru deyil:

“Təhsilin müddəti keyfiyyətdə heç bir rol oynamır. Bu baxımdan biz təhsilin müddətini problemə çevirməməliyik. Sadəcə, bu müddətdə dərs proqramına peşəkarcasına yanaşan müəllim olmalıdır. Bizim dərsliklər, proqramlar üçüncü, dördüncü dərəcəli materiallarla doludur.

Hansı ki, müstəqil həyatta həmin məlumatların heç bir əhəmiyyəti yoxdur. Biz ilk növbədə dərsliklərdə, tədris proqramlarında islahat aparmalıyıq.

 Bu proqramlar sadələşdirilməli, artıq materiallar dərsliklərdən çıxarılmalıdır. Bir vaxtlar dərslik məsələsi etalon idi.

Kimsə kimsəylə elmi mübahisə edəndə deyirdi ki, get aç dərsliyə bax. İndi dərsliyə etibar yoxdur. Düzdür, son illər bu sahədə müəyyən islahatlar aparılır, ehtiyat dərsliklər hazırlanır və s. Amma bizdə hələ də konkret fənn üzrə, konkret məzmunlu proqramlara ehtiyac var”.