Distant təhsilə hazırıqmı?

16:38 19.05.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda təhsilin distant formasının tətbiqi planlaşdırılır. Belə ki, bu yaxınlarda təhsil naziri Emin Əmrullayev ölkəmizdə distant təhsil formasının tətbiqi istiqamətində işlər görüldüyünü bildirib. Nazir vurğulayıb ki, distant təhsilin bu və ya digər şəkildə tanınması üçün zəruri şərt həmin proqramın akkreditasiya olunmasıdır: "Azərbaycanda hazırda keyfiyyət təminatı almış distant tədris proqramı yoxdur. Bu istiqamətdə qanunvericilik bazasının formalaşması üçün Milli Məclisin Elm və təhsil komitəsi ilə birgə işlər görülür. Distant təhsil tədrisin yalnız formasıdır, orada verilən bilik və bacarığın diplomla tanınması üçün həmin proqram mütləq qaydada keyfiyyət təminatı sistemindən keçməlidir. Yəqin ki, zamanla bu istiqamətdə təhsil sistemi olaraq irəliyə doğru gedəcəyik. Amma heç bir formatda distant təhsilin diplom paylanılması və ya qeyri-qanuni diplom alınmasına çevrilməsini istəmirik. Əgər bunu edəcəyiksə, dünya miqyasında qəbul olunmuş standartlar çərçivəsində etməyi düşünürük".

Qeyd edək ki, bu gün distant təhsil bütün dünyada istifadə olunur və artıq günün reallığıdır. Azərbaycanın "Təhsil haqqında" qanununda təhsilin əyani, qiyabi və distant olmaqla üç forması göstərilib. Distant təhsil əyani təhsilin bir formasıdır. Mütəxəssislər hesab edirlər ki, əslində pandemiya dövründə distant təhsilin faydalarını müşahidə edə bildik. Çünki məktəblər, universitetlər bağlı idi, amma təhsil davam edirdi. Artıq texnologiya o qədər inkişaf edib ki, distant təhsilə keçid edə bilərik. Distant təhsilin əyani təhsilə nisbətən müəyyən problemləri var. Bir çox inkişaf etmiş ölkələr illərdir distant təhsil verir və verdikləri diplom da kifayət qədər ciddidir.Bunun nəticəsidir ki,  distant,  yəni müəyyən məsafədən keçirilən təlim-tədris sistemi yaranıb. Distant təhsilin xarakterik xüsusiyyətlərinə çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, müasir texnologiyalardan istifadə və s. aiddir. Distant təhsildə informasiyalar öyrənənlərə elektron materiallar, elektron dərslik, audio-video disklər və s. formalarda təqdim edilir. Distant təhsildə tədris metodik kompleksdən, kompyuter, audio-video maqnitofon, multimedia texnikası və s. kimi təlim vasitələrindən istifadə olunur.

Beynəlxalq statistikaya görə, distant təhsildə tələbələrin əksəriyyəti yaşı 25-i ötmüş, işləyən və işdən ayrılmadan peşəkar biliklərini genişləndirmək istəyən şəxslərdir. Bununla belə, distant təhsil forması hamı üçün münasibdir. Bu, illər ötdükcə daha çox inkişaf edəcək müasir təhsil formasıdır. Amma istənilən təhsil forması kimi distant təhsilin də həm müsbət, həm də mənfi cəhətləri var. Distant təhsilin müsbət cəhətləri ənənəvi sistem üzrə aparılan analoji təhsil kurslarından xeyli ucuz olmasıdır. Təhsil müəssisələri icarə haqqına, elektrik enerjisinə və bahalı texnikaya qənaət edir, çünki təhsil üçün ayrıca otaqlar və kompyuterlər tələb olunmur. Bundan əlavə, vaxtın çox hissəsini tələbələr müstəqil şəkildə məşğul olurlar və deməli, müəllimlər eyni zamanda, daha çox tələbəni öyrədə bilərlər və bunun da sayəsində distant təhsilin qiyməti münasib olur. Distant təhsil, ümumiyyətlə, hər hansı təhsil almaq imkanları olmayan şəhər və ölkələr üçün əvəzedilməzdir. Bu, təhsili hamı üçün əlçatan edir. Hesab olunur ki, distant təhsil vaxtının çoxunu işdə, uşaqlarla və ya ailəsi ilə keçirən insanlar üçün yeni biliklər və bacarıqlar əldə etmək üçün yeganə mümkün vasitədir. Hər hansı şəxs işini itirmək qorxusu olmadan və işdən ayrılmadan ixtisasını artırmaq və ya yeni biliklər əldə etmək imkanı əldə edir.

Mənfi cəhətlərinə gəlincə, mütəxəssislər hesab edirlər ki, bu tədris forması tələbələrin təhsil səviyyəsində və peşəkar təcrübəsində fərdi fərqləri nəzərə almağa imkan vermir. Təlim və imtahan telekonfranslarının təşkili üçün müxtəlif ölkələrin telefon xətlərinin keçiricilik qabiliyyəti kifayət etməyə bilər. Tələbələr tərəfindən mənfi qarşılana biləcək daha bir cəhət distant təhsil sistemində müəllim və tələbə arasında canlı ünsiyyətin itməsidir. Təlim kursları kifayət qədər interaktiv olmur. Distant təhsilin yekunlarına görə verilən diplom və ya sertifikat hələlik keyfiyyətli təhsilin göstəricisi kimi qəbul olunmur.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil eksperti Elçin Əfəndi deyib ki, hazırda dünyanın bir çox inkişaf etmiş ölkələrinin universitetlərində distant təhsil tətbiq olunur: “Bu gün Azərbaycanda da distant təhsilin tətbiqinə böyük ehtiyac var. Azərbaycandan xaricə gedən gənclər arasında distant təhsil alan kifayət qədər tələbələrimiz var. Ancaq bizdə nədənsə distant təhsilin tətbiqi məsələsi gecikir. Pandemiya dövründə distant təhsilin tətbiqi ilə bağlı bir sıra çətinliklər yaşadıq. Çünki ölkənin təhsil sistemi buna hazır deyildi. Ən böyük çətinliklərlə isə universitetlər üzləşdilər. Yalnız müəyyən universitetlər var idi ki, onlarda distant təhsil ənənəsi mövcud idi və bir baza var idi. Ancaq onlar bu işin öhdəsindən gələ bilirlər. Bütün bunlar onu deməyə əsas verir ki, distant təhsil mütləq ölkəmizdə yaradılmalıdır. Bu istiqamətdə təhsil alanların diplomları da tanınmalıdır. Əslində distant təhsil qiyabidən daha üstündür. Bu səbəbdən magistratura səviyyəsini daha çox bu formada təşkil etmək lazımdır. Magistratura üzrə oxumaq istəyən şəxslər, əsasən, əmək fəaliyyəti ilə məşğul olurlar. Onlar üçün ən uyğun təhsil forması qiyabi formadır. Amma distant təhsil qiyabidən daha çox sərfəli və səmərəli təhsil formasıdır. Düşünürəm ki, ümumiyyətlə, bu formanı təsdiq etmək və magistratura təhsilini yalnız əyani deyil, daha çox distant formada təşkil etmək lazımdır. Belə olan halda maraq da artar və insanlar üçün də əlçatan olar. Təbii ki, əgər biz distant təhsili yaradırıqsa, o zaman mütləq güclü nəzarət mexanizmi yaradılmaldır. O baxımdan ki şəffaflıq təmin olunsun. Bunun üçün mütləq bir nəzarət tətbiq olunmaldıır ki, hər şəxs diplomun tanınması ilə bağlı saxtalığa əl atmasın. Düşünürəm ki, ölkəmizdə bunu tətbiq etməyimiz vacibdir”.

Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Kamran Əsədov isə deyib ki, əslində dünya ölkələri ötən əsrin 60-ci illərindən etibarən distant təhsil xidməti göstərirlər: “Bu gün ölkəmizdə distant təhsil ona görə tanınmır ki, bu formada təhsil alanların hansı müddət ərzində tədris prosesində iştirak etdiklərini, hansı alətlər vasitəsilə bilik və bacarıqlara yiyələndiklərini yoxlayıb ölçə bilmirik. Məsələn, xaricə oxumağa gedən şəxslərin bilik və bacarıqlarını yoxlaya bilirik, ən azından sərhəd xidməti ilə sorğu əsasında yoxlayırıq ki, həmin şəxslər o ölkə ərazisində nə qədər olublar. Əslində Azərbaycanda da distant təhsil tətbiq olunarsa, vaxt məsələsi və digər problemlər aradan qalxar. Koronavirus pandemiyası zamanı distant təhsilin müsbət tərəfi ilə bərabər mənfi tərəfləri də var idi. Ancaq tam tətbiq olunarsa, o problemlər də aradan qalxacaq. İnsanların təhsil alma hüququ məhdudlaşdırılır. "Təhsil haqqında" Qanunda distant təhsil forması var. İnsanlar qanunu əsas götürərək, gedib xaricdə ali təhsil alırlar, biz də bu diplomu tanımırıq. Məncə, diplomların tanınması üçün yaradılacaq mexanizmdə həmin şəxslərin təhsil aldığı portalı yoxlamalıyıq ki, onlar nə qədər müddətdə orada olublar. Əgər həmin mexanizm tətbiq olunarsa, gənclər distant təhsil almaqdan çəkinməzlər. Çünki distant təhsil əyani təhsil formasıdır və bütün proqram 4 il ərzində başa çatdırılır. Hesab edirəm ki,” Ali təhsil haqqında” qanun qəbul edildikdən sonra bu məsələ də öz həllini tapacaq. Çünki kifayət qədər insan bu problemi yaşayır. Xaricdə distant təhsil alan şəxslər özəl sektorda işləyirlərsə, onların diplomlarının tanınmasına ehtiyac yoxdur. Onlar əgər təhsillərini Azərbaycanda magistratura pilləsində davam etdirmək və ya  dövlət qulluğunda çalışmaq fikrindədirlərsə, o zaman onların diplomlarının tanınmasına ehtiyac var. İnanıram ki,  yaxın vaxtlarda distant təhsil almağımız ölkədə keyfiyyətli təhsil xidmətlərinin göstərilməsinə öz müsbət təsirini göstərəcək”.

Oxunma sayı 204