Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri professor İsmayıl Dəmir bu günlərdə yerli mediaya açıqlamasında müdafiə sahəsində görülən işlərdən, uğurla başa çatdırılan böyük layihələrdən söz açıb.
Əlbəttə, Türkiyənin hər sahədə, xüsusilə də hərbi və müdafiə sənayesi müstəvisində qazandığı uğurlar qardaş türk xalqı ilə yanaşı, bizi də qürurlandırır, sevindirir. Deyərdim ki, 44 günlük Vətən müharibəsində Türkiyədən alınmış SİHA-ların və digər müasir silahların oynadığı gözqamaşdırıcı roldan sonra, hər bir azərbaycanlı Türkiyənin müdafiə sənayesindəki uğurlarının belə demək olarsa, izləyicisinə çevrilib.

Havadan Müdafiə Sistemləri
Bu gün Türkiyə Müdafiə Sənayesinin ana hədəflərindən biri mükəmməl Hava Hücumundan Müdafiə Sistemi yaratmaqdır. NATO-nun üzvü olan qardaş ölkənin çevrəsini hərbi-siyasi müstəvidə heç də sabit olmayan ölkələr əhatə edir. Üstəlik, PKK-nın timsalında terror təşkilatlarının yuva saldığı həmin ölkələr bir çox siyasi baxımdan da Ankara ilə ziddiyyət yaşayır. Xatırlayırsınızsa, Suriyada İŞİD terror təşkilatı ilə müharibə gedərkən Türkiyənin sərhədyanı ərazilərinə dəfələrlə raketlər atılmışdı. O zaman Ankara ABŞ-dan “Patriot” Havadan Müdafiə Sistemləri almaq istədi. Vaşinqton həmin sistemi Türkiyəyə satmadı. Ölkədəki mövcud Havadan Müdafiə Sistemlərini məxsus olduğu ölkələr çəkib-apardılar. Yəni belə demək mümkün olarsa, NATO ölkələri Türkiyənin hava məkanını hər cür təhdidlərə qarşı müdafiəsiz qoydular. Bundan sonra Türkiyə Rusiyadan “S-400” sistemlərini satın aldı ki, onun da ziddiyyətləri hələ davam etməkdədir. ABŞ bu sistemi aldığı üçün Türkiyəyə sanksiya da tətbiq edib. Belə isə Türkiyə nə etməlidir, hava məkanını necə qorumalıdır? Əlbəttə ki, öz yerli və milli imkanları ilə. İ.Dəmir deyir ki, yerli və milli imkanlarla istehsal etdiyimiz Havadan Müdafiə Sistemlərini bir-bir ordunun və türk millətinin istifadəsinə verməkdədirlər.

“Bu sahədə addım-addım irəliləyirik. Bu, elə həssas sahədir ki, dünyanın bütün ölkələrində texnoloji avadanlıqlar mərhələli şəkildə inkişaf etdirilir. Bu gün “S-400” və ya digər uzaqmənzilli Havadan Müdafiə Sistemləri daha çox danışılır. Tək bizdə deyil, dünyanın hər yerində bu və ya bunabənzər söhbətlər gedir. İstənilən ballistik raket, yaxud hipersonik sürətli döyüş təyyarələrinin təhlükəsinə qarşı hazırıqmı? Bunlar bizim əsas hədəflərimizdir”, – deyən cənab Dəmir əlavə edib ki, Havadan Müdafiə Sistemləri deyəndə hər kəsin ağlına ilk gələn qitələrarası raketlər və sair olur. Hansı ki, daha təhlükəlisi və potensial təhdid adi təyyarələrin, helikopterlərin, yaxud qısa və ortamənzilli raketlərdir. Məhz bunu nəzərə alaraq Havadan Müdafiə Sistemlərini mərhələli şəkildə inkişaf etdirməyə çalışırlar. “Daha çox alt səviyyələrdə fərqli təhlükələrə qarşı dayana bilməliyik. Bu təhlükələrə müxtəlif cür dronlar, İHA-lar, irili-xırdalı raketlər və sair daxildir. Əgər mərhələli inkişafa getməsəniz, yəni bütün bu təhlükələri görməzdən gələrək sadəcə ballistik hücuma qarşı dirənsəniz, müdafiəsiz qalarsınız”, – İ.Dəmir deyir.
“Əvvəl “Qorqud”, daha sonra “Hisar A”, ardıyla da “Hisar O” layihələri icra olunub. Bu silahlar, hətta deyərdim ki, istək və tələblərimizdə nəzərdə tutulandan daha mükəmməldir. Sonra onları bir az da inkişaf etdirərək, məsələn, onların hər birinə + əlavə etdik. Yəni “Hisar A +”, “Hisar O +”. Hazırda bu sistemlər orudumuza təslim edilmə mərhələsindədir, artıq testlər başa çatıb. Bu sistemlərdə bir üstünlük də odur ki, süni zəkadan istifadə edilib, bir çox vəziyyətdə insan əməyi olmadan özü təhdidlərə cavab verir”, – deyən cənab Dəmir, təbii ki, ballistik hücuma qarşı da tədbirlər gördüklərini açıqlayıb. Qeyd edib ki, bu müstəvidə “Hisar O +”dan daha güclü sistemlər yaranacaq. Məsələn, “Sipər” Havadan Müdafiə Sistemi kimi. Bunlar daha uzunmənzilli silahlardır. Alt mərhələdə ALKA sistemində olduğu kimi, elektromaqnit enerji, lazer və qarışıq sistemlər də mövcuddur. İndiyədək mövcud olan Havadan Müdafiə Sistemlərinin köhnəldiyini qeyd edən Dəmir əlavə edib ki, hazırda ölkənin bu sahədəki boşluqların doldurulması prosesi gedir.

Təyyarədaşıyan gəmi
İ.Dəmir ölkəsinin ilk təyyarədaşıyan gəmisi olan “TCG Anadolu”dan da söz açıb. Bildirib ki, əslində bu gəminin inşasına başlananda layihədə hovuzlu desantçıxarma gəmisi nəzərdə tutulmuşdu. “Daha sonra, gəminin tikintisi gedərkən fikirləşdik ki, bir “F-35” təyyarəsini də bu gəmiyə yerləşdirə bilərikmi? Düzdür, hazırda “F-35”lə bağlı məsələ hər kəsə aydındır və əslində, Türkiyənin bu təyyarələrə ehtiyacı da yoxdur. Bu vəziyyətdə “TCG Anadolu”da orijinal olaraq helikopterlər yerləşdirmək qərara alındı. Hansısa dik qalxıb-enən təyyarələrin gəmiyə inteqrasiya edilməsi fikri də vardı, amma gəmilər üçün nəzərdə tutulan təyyarələrin bazarda çeşidi çox məhduddur. Eyni zamanda, gəminin təyyarələr üçün o qədər də əlverişli olmayacağını da düşündük və qərara gəldik ki, burada təyyarələrin əvəzinə ən müasir “SİHA”ları yerləşdirək. “Bayraktar TB3” kimi bu seriyanın ən mükəmməli olan SİHA-ları məhz bu gəminin xarakterinə əsasən hazırlamağa qərar verdik. Yəni “Bayraktar TB3” şaquli qalxıb-enmə xüsusiyyətinə malik olduğundan gəmidə yerləşdirilməsi məqsədəuyğun olardı”, - Müdafiə Sənayesi İdarəsinin rəhbəri bildirib.

Heç kimə sirr deyil ki, hazırda Türkiyənin ana hədəflərindən biri də yerli və milli imkanlarla hərbi təyyarələr istehsal etməkdir. O cümlədən gələcəkdə “TCG Anadolu”nun göyərtəsində yerləşdirilə biləcək təyyarələr də istehsal olunacaq. Sadəcə, gəminin Hərbi Dəniz Qüvvələrinin istifadəsinə verilmə vaxtının gecikdirilməməsi üçün SİHA-larla təchizi nəzərdə tutulur. Təyyarələrin inteqrasiya edilməsi layihəsi də uğurla davam etdiriləcək.
Dəmir qeyd edib ki, hazırda HÜRJET təlim-döyüş təyyarəsinin “TCG Anadolu”ya eniş-qalxış etməsi üçün işlər aparılır. Niyə? Çünki təlim təyyarələri istər quruda, istərsə də dənizdə pilotlar yetişdirmək üçün nəzərdə tutulur.
Türkiyə “TCG Anadolu” ilə kifayətlənəcəkmi? Bəlkə daha böyük və çoxfunksiyalı olacaq ikinci gəmi də sifariş edilməlidir? İ.Dəmir deyir ki, ikinci təyyarədaşıyan gəmi üçün hazırda layihələri yoxdur, amma ola da bilər. Bu, tələbdən asılıdır. Onun sözlərinə görə, Türkiyənin gəmiqayırma sənayesi ikinci, üçüncü və sair sayda təyyarədaşıyan gəmilərin tikintisinə tam hazırdır. “Hesab edirəm, bu müstəvidə heç bir sıxıntımız yoxdur. Hazırda əlimizdəki gəmidə - “TCG Anadolu”da yerləşdiriləcək SİHA sistemlərinin geniş təsirli və meydanda oyun dəyişdirici güc olaraq qəbul edirik", - İ.Dəmir deyir.

“Bayraqdar”lar
Bu arada İ.Dəmir günümüzdə dünyada geniş rezonans yaradan “Bayraktar TB2” “SİHA”larından söz açıb. Liviyada, Suriyada, Qarabağda döyüşlərin gedişatını dəyişən bu “SİHA”lara dünyanın fərqli ölkələrində maraq göstərilir. O cümlədən, “Bayraktar TB2” “SİHA”lar hazırda Ukrayna, Qətər və Azərbaycanın hava məkanlarının ən yaxşı müdafiəçisidir. “Bununla kifayətlənmirik, Polşaya 24 ədəd “Bayraqtar TB2” “SİHA” satmaq üçün müqavilə imzalamışıq. Nəzərə alaq ki, Polşa Avropa İttifaqının və NATO-nun üzvüdür, əgər onlar “SİHA”larımıza maraq göstəribsə, deməli, etibarlılığına şübhə etmirlər. İstehsalımızın keyfiyyətinə və döyüş üstünlüyünə deyilə biləcək bircə kəlmə belə yoxdur”, – müsahib söyləyir.
Bu arada qeyd edək ki, son məlumatlara əsasən, daha bir NATO üzvü olan ölkə - Latviya da “Bayraqtar TB2” almaq üçün hərəkətə keçib və hətta hərbçi mütəxəssislərdən ibarət nümayəndə heyəti Türkiyəyə göndərilib.

"Qərbdəki müttəfiqlərimiz bizə elə hey təzyiq edirdilər. “Patriot” istədik, satmadılar, ərazimizdə terrora qarşı mübarizəyə qalxdıq, silah-sursat satışına yasaq gətirdilər, pulumuzu verib aldığımız mərmidən istifadəyə icazə vermirdilər. “İHA”lar istehsal elədik, kamerasını satmadılar ki, istehsal dayansın. Biz nəinki istehsalı dayandırmadıq, əksinə, kameranı da özümüz istehsal etməyə başladıq. Digər sahələrdə də vəziyyət eyni cürdür. Zatən, belə münasibətlə üzləşəcəyimizi bilirdik, ona görə də 5-6 il əvvəldən ehtiyatımızı görməyə başlamışıq. Nəticəsi də ortadadır: bizə əngəl törətmək üçün satmadıqları istənilən məhsulun eynisini bir neçə həftə ərzində yerinə qoymaq üçün çalışırıq. Bundan sonra da, xüsusilə strateji və texnoloji sahələrdə əngəllərin olacağını düşünürük və bunlara hazırıq. Hesab edirik ki, bu müstəvidə çəkiləcək xərclər ikinci, üçüncü plana atılmalıdır. Bizim üçün vacib olan dövlətimizin qüdrəti və təhlükəsizliyidir. Buna görə də strateji əhəmiyyətli bildiyimiz hər şeyin üzərində işləyirik. Türkiyənin müstəqil siyasət yürütməsində ən böyük güc müdafiə sənayesidir. Nəzərə alaq ki, Türkiyə artıq heç bir strateji məhsul idxal etmir, əksinə, özü xarici ölkələrə satır", – İ.Dəmir bildirir.

“Altay” tankları
Türkiyə Quru Qoşunlarının əsas gücü olacaq “Altay” tanklarına gəlincə, Müdafiə Sənayesi İdarəsinin rəhbəri deyib ki, bu sektorda heç bir maneə yoxdur və işlər öz axarında davam edir. Tankların istifadəyə verilməsi üçün motor problemi üzərində iş getdiyini, idxal bazarında seçənəklərin olduğunu bildirən İ.Dəmirə görə, hazırda ən yaxşı seçənək yerli və milli motorlar istehsal etməkdir.

"Güc qrupu yerli tank motorunun hazırda test yoxlamaları başlayıb. Yəni yerli motorda çətin yolu başa vurmuşuq, sadəcə, qısa vaxt gözləməliyik. Bu, o demək deyil ki, motor idxal edə bilməzdik. Zatən, idxalla bağlı dövlətlərdən biri ilə müqavilə də imzalanıb. Alınacaq motorların “Altay” üzərində testinin keçirilməsi zəruridir və bir az gözləmək lazımdır”, – deyən Dəmir əlavə edib ki, buna baxmayaraq, hazırda ordunun əlində olan tankların müasirləşdirilməsi prosesi gedir. Məsələn, hazırda Almaniya istehsalı olan “Leopard 2A4” tanklarının müasir döyüş şərtlərinə uyğun şəkildə təchiz etməkdəyik. Bu məqsədlə “Roketsan”ın nəzdində yaradılmış Ballistik Müdafiə Mərkəzində layihələndirilib. İstehsal edilən zireh paketinin seriya istehsalına başlanılıb və bu məhsullar tanklara quraşdırılır.