Rusiya Prezidenti Vladimir Putin ilk dəfə olaraq Azərbaycana dövlət səfəri etdi. Bu səfər həm regional, həm də ikitərəfli əlaqələrin inkişafı, mövcud çağırışların müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Səfərin yekunları hər iki tərəfi razı salıb. Bu razılıq Prezident İlham Əliyev və rusiyalı həmkarı Vladimir Putinin mətbuat üçün birgə bəyanatında da xüsusi vurğulandı. Putinin səfəri həm də beynəlxalq alət tərəfindən çox diqqətlə izlənildi. Bu səfər Cənubi Qafqazda yaxın və orta perspektivdə proseslərin axarına ciddi təsir edə biləcək bir məqamdır. Hansı ki, Qərb Moskvaya qarşı yeni cəbhə qismində məhz bizim bölgəmizi düşünür.
Siyasi analitik Bəhruz Quliyev Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərini əlamətdar və yaddaqalan hesab edir. Onun fikrincə bu, rəsmi dövlət səfəri olsa da, görüşlər eyni zamanda işgüzar müstəvidə keçib. Prezident İlham Əliyevin rusiyalı həmkarını səmimi qəbulu göstərdi ki, bu görüş qarşılıqlı hörmət və əsrlərlə qurulmuş münasibətlər fonunda baş tutub. Ekspert bu məqamın xüsusilə da görüşə müsbət məna verdiyini qeyd edib.
B.Quliyev Vladimir Putinin Azərbaycana səfərini hər iki dövlətin, xalqın maraqlarına uyğun olduğu qənaətindədir. Onun sözlərinə görə, Putin Azərbaycana səfərlə Ermənistana və arxasında duran qüvvələrə “Bu məsələni region dövlətləri həll edəcək” mesajını verdi. Ermənistana 2020-ci ildə imzalanan Bəyannaməyə hörmətlə yanaşmağı tövsiyə etdi. Bu, Fransa, Amerika və digər dövlətlərin, eləcə də digər görünməyən revanşist qüvvələrin regionla bağlı istəklərini alt-üst etdi.
B.Quliyev prezidentlərin ikitərəfli bəyanatlarda çox vacib məsələlərin müzakirə olunduğunu qeyd etdiklərini xatırladıb. O, Şimal-Cənub layihəsinin həyata keçirilməsi üzərində dayanılmasını, Putinin bu layihənin ölkələrimizi Hind okeanına birbaşa çıxış imkanı yaratmasını mühüm məqam olaraq önə çəkib:
“Qafqazda sülh və sabitlik region dövlətləri üçün vacibdir. Rusiya Prezidenti 2020-ci ildə üçtərəfli Bəyannamədə göstərilən bəndlərin həyata keçirilməsi istiqamətində çalışmaların artırılmasını qeyd etdi. Yəni, dolayısı ilə Putin bəyan etdi ki, Ermənistan tərəfi verdiyi sözə, atdığı imzaya məsuliyyətlə yanaşmalıdır. Öz davranışlarını Qafqazda sülhün bərpa olunmasına və sülhə yönəlik qurmalıdır”.
B.Quliyev bildirir ki, mövcud reallıqda bir çox kənar, əlavə qüvvələr Qərbin istəyinə uyğun olaraq Qafqazda münaqişəni qızışdırmaq məqsədi güdürlər. Bütün bunlar Qafqazda sülhü gecikdirir. Bəlli qüvvələr Ermənistanı hərbi, siyasi, maddi baxımdan münaqişənin qızışdırılmasına, yeni münaqişə ocağının alovlandırılmasına hazırlayır. Bu da region dövlətlərini qane eləmir.
“Görünən budur ki, görüşdə önə çəkilən birinci məsələ bütün region dövlətlərinin sülh istəyi ilə bağlıdır. Putin Qafqaza doğru atılan revanşist addımlara, münaqişə yaratmaq istəyənlərə stop dedi. Bu o deməkdir ki, Qafqaza digər dövlətlər müdaxilə edə bilməz. Əgər Qafqazda hər hansı problem varsa, Qafqaz dövlətləri özü məsələni danışıqlar yolu ilə həll edəcəklər. Sülhü də Qafqaz dövlətləri özləri bərqərar edəcəklər. Putinin səfəri zamanı ortaya qoyulan bu nüansalar Qərbə bir mesaj idi. Xüsusilə, Amerikaya bir mesaj idi ki, Qafqazda söz sahibi regionun super dövlətlərdir, kənar qüvvələr artıqdır. Bu bir növ həm də Qafqaza cavabdehliyi daşıyan dövlətlərin nümunəsini göstərdi və bəyan etdi ki, burda cavabdeh bizik”.
B.Quliyev bu səfər zamanı qarşılıqlı iqtisadi-ticari əlaqələrin genişlənməsi məsələlərin də müzakirə olunduğunu vurğuladı. Rus şirkətlərinin Azərbaycanda, Azərbaycan şirkətlərinin də Rusiyada fəaliyyətini genişləndirəcəyi barədə fikirlər səsləndirildi. Yəni bütün bunlar göstərir ki, qarşılıqlı iqtisadi-ticari əlaqələrin də genişlənməsi istiqamətində addımlar atılır. Bu isə hər iki dövlətin maraqlarına uyğundur”.
“Rusiya rəsmisi Azərbaycandan regiona dişini qıcıyan Qərbə, Avropaya və Ermənistana öz mesajlarını verdi”.
Politoloq Əli Mustafa Rusiya Prezidentinin Azərbaycana rəsmi səfərinin bir sıra səbəblərdən dolayı reallaşdığını qeyd edib. Onun sözlərinə görə, indiki təcrid vəziyyətində Rusiya Prezidentinin Azərbaycana gəlişi həm Putin, həm də Rusiya üçün əhəmiyyətlidir.
Politoloq hesab edir ki, indiki vəziyyətdə Rusiya prezidentinin gedəcəyi ölkələr çox da geniş coğrafiyanı əhatə etmir. Ona görə də, Putinin Azərbaycana gəlmək şansı, fürsəti onun beynəlxalq münasibətlər sisteminə çıxışını təmin edir.
Ə.Mustafa eyni zamanda bildirir ki, bu səfərdə müzakirə olunan Şimal-Cənub dəhlizi mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, dəhlizin işə düşməsi Rusiya üçün maraqlıdır və bunun üçün müəyyən addımların atılmasının lazımlığı, layihənin başa gəlməsi üçün təqribən 120 milyon dollar pul xərclənəcəyi barədə fikirlər var.
Ekspert hesab edir ki, Kursk vilayətinin bəlli bir hissəsi işğal olunandan sonra Rusiyanın Avropaya qaz ixrac etməsində problemlər yaranıb. “Böyük ehtimalla Rusiya qazının Avropa ölkələrinə nəql olunması üçün Azərbaycandan dəstəyin verilməsi istənilsin. Eləcə də Cənubi Qafqazdakı vəziyyət, Ermənistan üzərindən Qərbin Qafqaza ekspansiyasına qarşı atıla biləcək addımlar da müzakirə olunmaqla müəyyən mesajlar verildi. Təbii ki, Ermənistanın cəzalandırılması Putinin gündəliyində var, amma bunun üçün tələsmir. Görüş zamanı Putin regionda sülhün yaradılması istiqamətində də Ermənistana öz mesajlarını verdi”.
Ə.Mustafa Rusiya-Azərbaycan arasında strateji müttəfiqlik əlaqələrinə diqqət çəkib. Onun fikrincə, bu səfər bu münasibtlərin gerçək məzmun daşıdığını ifadə etdi.
“Rusiyanın içində olduğu gərgin vəziyyətdə ölkə başçısı Putinin Azərbaycana gəlişi bir qədər də bu gərginliyinin azaldılması üçün ona bir imkan yaratmış oldu. Hər halda Rusiya Prezidenti üçün bu səfər müsbət haldır. Bu səfərlə Putin Azərbaycandan Ermənistana, regiona dişini qıcıyan Qərbə, Avropaya öz mesajlarını verdi”.
Hərbi-siyasi ekspert Emin Həsənli bildirir ki, Rusiya Prezidentinin Azərbayan səfəri dünyada və regionda gedən proseslər baxımından çox gərgin dövrə təsadüf etməklə yanaşı, mühüm mesajlar verdi. Onun sözlərinə görə, Azərbaycan Rusiya Prezidentini qəbul etməklə bir daha qonşu ölkələrlə dostluq, qardaşlıq, ikitərəfli, çoxtərəfli tərəfdaşlıq, müttəfiqlik və sülh şəraitində əlaqələr qurmaqla regionun inkişafında maraqlı olduğunu göstərdi.
“Eyni zamanda, Azərbaycan Rusiya Prezidentini qəbul etməklə bir daha hər kəsə göstərdi, müstəqil dövlətdir və bütün dövlətlərlə qarşılıqlı hörmət, tərəfdaşlıq şəraitində fəaliyyət qurur, heç kəs onun daxili işinə qarışa, apardığı siyasətə müdaxilə, təsir edə bilməz. Eləcə də Rusiyanın Azərbaycanla qonşu, müttəfiqlik münasibətlərinin olduğu önə çəkilməklə, regionda sülhün, qarşılıqlı iqtisadi əlaqələrin yüksəlişində maraqlı olanlarla bir addımlayacağını bəyan etdi. Bu mesajlar Ermənistana da verildi”.
E.Həsənli bildirir ki, Azərbaycan Rusiya ilə iqtisadi əlaqələrini genişləndirməklə yanaşı, həm də bölgədə sülhün bərqərar olmasına öz töhfələrini vermək istəyir. Azərbaycan milli və dövlət maraqlarına uyğun olaraq hansısa bloklara qoşulmur, hansısa ölkənin yanında durub, kimisə qarşısına almır:
“Bu gün Ermənistanda həm Rusiyanın, həm də Amerikanın orduları var. Azərbaycanda heç bir dövlətin ordusu yoxdur və öz təhlükəsizliyini özü qoruyur. Azərbaycan bütün sülhpərvər ölkələrlə çox normal əməkdaşlıq edir. Azərbaycan bu mövqeyinə görə digər ölkələr üçün bir nümunədir. Avropa, Qərb özü bundan öyrənməli və regionda sülhə, inkişafa dəstək verməlidir”.
Siyasi şərhçi Tofiq Abbasov Vladimir Putinin Azərbaycana rəsmi səfərinin böyük əhəmiyyətə malik olduğunu bildirib. Onun sözlərinə görə, bu gün bölgədə gedən mühüm qlobal prosesləri nəzərə alsaq, bu, iki ölkənin bölgədə birgə hərəkət etməsi zərurətini yaradır.
Ekspert hesab edir ki, qlobal məsələlər - enerji layihələri, Rusiyanın cənub istiqamətində fəallaşması, Ermənistan-Azərbaycan arasında gedən proseslər Azərbaycan, Rusiya diplomatiyasının birgə fəaliyyəti mühüm əhəmiyət kəsb edir.
“Azərbaycan onsuz da öz imkanları çərçivəsində bölgədə sülhün dərinləşməsinə, təhlükəsizliyin, sabitliyin qorunmasına əməli dəstək göstərir. Buna görə ölkəmizə heç kəs iradını bildirə bilməz. Əksinə, Azərbaycan 3+3 formatını ortaya qoymaqla məhz 6 ölkənin birgə fəaliyyətini gündəmə gətirdi. Bu, ümumilikdə Qafqazda olan bütün ölkələrin 3+3 formatında öz səyləri ilə problemləri həll edib kənar qüvvələri bölgəyə buraxmaması niyyəti ilə ortaya atılan layihədir.Görünən odur ki, ABŞ, Avropa İttifaqı, Fransa və digər ölkələr Azərbaycanın sülhün bərpa edilməsi və digər istiqamətlərdəki fəaliyyətini dayandırmaq üçün çalışır, öz çirkin niyyətlərini həyata keçirmək üçün cəhdlər edir. Belə bir şəraitdə bölgə dövlətlərinin fikirləri üst-üstə düşməlidir. Əgər Qərb, Avropa bölgəyə gəlmək istəyirsə, heç də buradakı dövlətlərin - Azərbaycanın, Ermənistanın, İranın, Rusiyanın, Gürcüstanın, Türkiyənin istəklərini nəzərə almayacaq. Qərbin bu bölgə ilə bağlı öz planları var və Ermənistandan plastarm kimi istifadə etməyə çalışır. Eyni zamanda sirr deyil ki, ABŞ-ı bölgə ilə bağlı düşündürən əsas məsələ Çin məsələsi, dəhlizlər, tranzitlər, bazarlardır. Qərb qütbü bilərəkdən dünya nizamını pozur, onu çökdürüb başa keçmək niyyətini güdür. Buna imkan vermək olmaz. Məhz belə bir fonda Azərbaycan-Rusiya əməkdaşlığı bölgədə sülh, təhlükəsizliyi qorumaq üçün mühüm amildir”.
T.Abbasov Putinin görüşdə Rusiya ilə Azərbaycan arasında mal dövriyyəsinin 4 milyardı aşması ilə bağlı dediyi fikirləri təsadüfi saymayıb. Eləcə də 1200 dən artıq Rusiya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsi, Azərbaycan şirkətlərinin Rusiyadakı fəaliyyəti və bu istiqamətdə işlərin genişləndirilməsi ilə bağlı deyilən sözlər qarşılıqlı maraqlardan xəbər verir.
Ekspert ümumən səfərin uğurla keçdiyini qeyd edib:
“Azərbaycanın reallıqda özünü doğruldan çoxvektorlu siyasəti var. Biz ilk növbədə bərabərhüquqlu tərəfdaşlığın tərəfdarı, iştirakçısıyıq. Belə əlaqələrin qurulmasını hər kəsdən tələb edirik. Bu məqam, görüşdə bir daha Rusiya-Azərbaycan münasibətləri fonunda bəyan edildi. Səfər zamanı 6 sənəd imzalandı. Onlardan üçü memorandum, digəriləri başqa tipli razılaşmalardır ki, bunlar öz müsbət nəticələrini yaxın zamanlarda göstərəcəklər”.
Putinin Azərbaycana dövlət səfəri rusiyalı politoloqlar tərəfindən də yüksək dəyərləndirilir.
Politoloq Aleksey Naumovun sözlərinə görə, indi Azərbaycan və Ermənistanın müttəfiqlik statusundakı fərqlər xüsusilə aydın görünür. “Son səfər göstərdi ki, Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsas müttəfiqi və tərəfdaşıdır və biz indi Rusiya ilə Ermənistan arasında müttəfiqlikdən yalnız formal nöqteyi-nəzərdən danışa bilərik" – o deyib. Onun qənaətincə, Rusiya başa düşür ki, Cənubi Qafqazda güvənə biləcəyiniz bir proqnozlaşdırıla bilən və sabit tərəfdaş var. Onunla dünya siyasəti üçün yeni formatda münasibətlər qura bilərsiniz – bu müttəfiqlik suverenliklərə qarşılıqlı hörmətlə yanaşmadır: «Bir müttəfiqin açıq-aşkar daha güclü olduğu üçün digərinə öz şərtlərini diqtə etməsi dövrü keçmişdə qalıb. İndi tam hüquqlu ittifaqlar hər iki müttəfiq bərabər, qarşılıqlı hörmət və qarşılıqlı faydalı əlaqədə olduqda etibarlıdır”.
Aleksey Naumov qeyd edir ki, Rusiyanın Cənubi Qafqaz siyasətiylzrb balansda dəyişikliklər həm də Rusiyanın Ermənistan-Azərbaycan nizamlanmasına yanaşmasının dəyişməsinə gətirib çıxarır. “Dünən xarici işlər naziri Sergey Lavrovun kommunikasiyaların açılması məsələsinin gecikdirməsində Ermənistanın günahı ilə bağlı bəyanatı oldu. Rusiya danışıqlar platformasını təqdim etməyə davam edir. Lakin indi Rusiyanın rəğbəti və fikirlərinin kimin tərəfində olduğuna şübhə yoxdur.
Rusiya üçün indi Cənubi Qafqaz ilk növbədə, Azərbaycan deməkdir, proqnozlaşdırıla bilən və sabit müttəfiq. Bilirik ki, artıq Ermənistan müttəfiq deyil. Gürgüstanda isə siyasi vəziyyət qarışıqdır. Rusiyanın Cənubi Qafqazla bağlı siyasətinin yenidən formatlaşdırılmasını görürük. Biz hamımız buna çox sevinirik. Rusiya beynəlxalq münasibətlərdə buna çalışır - proqnozlaşdırıla bilən və dost ölkələrlə qarşılıqlı faydalı ittifaq”.
Politoloq Stanislav Tkaçenko da eyni qənaətdədir: “Vladimir Putinin Bakıya səfəri onu göstərir ki, Azərbaycan hazırda Rusiya üçün regionda prioritet tərəfdaşdır. Rusiya həmçinin nümayiş etdirdi ki, anti-Rusiya siyasəti yürütməyən dövlətlərə münasibətdə adi strategiyadan istifadə edir. Yəni böyük Rusiya iqtisadiyyatı bu məsələdə dost ölkələrin kiçik iqtisadiyyatları ilə əməkdaşlığı inkişaf etdirməyə hazırdır. Eyni şey gələcəkdə Ermənistan və Gürcüstana da şamil oluna bilər”.
Stanislav Tkaçenko birbaşa bildirir ki, Rusiya Vladimir Putinin səfəri ilə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın mövqelərini dəstəkləyib. “Səfər göstərdi ki, Moskva Bakının təklif etdiyi sülh müqaviləsinin şərtlərinə yaxındır: dövlət sərhədi xəttinin sovet dövründə olduğu yerdə möhkəmlənməsi və nəqliyyat dəhlizlərinin açılması. Rusiyanın mövqeyi yumşaqdır: o, dəhlizlərin açılması ilə bağlı tezisin doğru olduğuna inanır. Mütləq birbaşa sülh razılaşmasında olması vacib deyil, amma paralel olaraq haradasa həyata keçirilməlidir. Bundan əlavə, Rusiya Ermənistanla təmasda olduğunu təsdiqlədi. Moskva vasitəçi missiyasını saxlamaqla Avropa İttifaqı və Birləşmiş Ştatlarla müqayisədə bu prosesdə rolunu gücləndirmək istərdi. Azərbaycan AB-nin, ilk növbədə, Fransadan vasitəçiliyi qəbul etmək istəmədiyini təsdiqləyib. ABŞ-yə münasibət isə daha qəlizdir. Lakin ümumilikdə, Rusiyanın Cənubi Qafqaz regionunda təsiri Amerikadan daha güclüdür. Bu səbəbdən Moskva və ya Soçini Bakı və İrəvan arasında sülh danışıqları üçün bir platforma kimi geri qaytarmaq qarşıya məqsəd kimi qoyulub”.