Əfqan qadınlar Taliban-ın qadağasını pozdular

09:34 14.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Taliban hökuməti Əfqanıstanda bərbərlərə qadağa qoyduqdan sonra oradakı işçilər “gizli salonlar” yaradaraq peşələrini davam etdiriblər.

Hafta.az-ın yazdığına görə, “Spark News”un rəhbərliyi ilə yaradılan və 16 beynəlxalq media qurumunun qatıldığı “Bərabərliyə doğru” layihəsi çərçivəsində hazırlanan xəbərdə qadağa səbəbiylə işsiz qalan əfqan qadınların işini davam etdirdiyi yazılıb. Çünki onlar pul qazanmaq üçün gizli işləməyə məcburdurlar.

Özünü Bahara kimi təqdim edən 6 uşaq anası qadın 18 ildir bərbər işlədiyini və qadağadan sonra müştərilərinin 90 faizini itirdiyini bildirib. O, gözəllik salonunu dərzi dükanına çevirdiyini və işini piştaxta arxasında davam etdirdiyini bildirərək deyib: “Demək olar ki, bütün müştərilərimi itirdim. Hələ də yalnız 10 faiz gəlir. Taliban-ın qorxusundan işimi düzgün görə bilmirəm. İşlədiyim müddətdə Taliban-ın dükana hücum edəcəyindən daim narahatam və müştərilər tutulmaqdan qorxaraq gəlmirlər”.

Özünü Fatma kimi təqdim edən əfqan qadın isə qadağalar səbəbindən paytaxt Kabildəki bərbər salonundan əşyalarını evinə daşıdığını və orada saç kəsdirməyə davam etdiyini bildirib. 6 ildir bərbərlik etdiyini deyən Fatma, “Taliban peşəmi şəriətə zidd olduğunu deməklə yanaşı, qadın bərbərlərə də yuxarıdan aşağı baxır, bizi iffətsiz kimi qələmə verir” deyə bildirib.

Adını Hümeyra kimi paylaşan bərbər qadın da ömrünün 20 ilini bu peşəyə həsr etdiyini, lakin qadağalara görə salonundakı bütün avadanlığı evinin zirzəmisinə daşıdığını bildirib.

Hümeyra bir dostunun evində qeyri-qanuni bərbər işlətdiyini iddia edib və bundan xəbər tutan Taliban evə basqın edərək bütün avadanlıqları aparıb.

2021-ci ilin avqustunda ABŞ-ın Əfqanıstandan çıxarılması ilə Taliban əvvəlcə Kabili, sonra isə bütün ölkəni nəzarətə götürüb. Təşkilat qadınların universitetə ​​getməsinə və bir çox müəssisələrdə işləməsinə qadağa qoyub.

Bərbərlər və gözəllik salonları bir müddət qapı-pəncərələri bağlı fəaliyyət göstərsə də, sonradan Taliban-ın əmri ilə təxminən 12 min salon bağlanıb.