Əhalinin azı 50 faizinin vaksinasiyasından sonra biz normal həyata qayıda bilərik - İnfeksionist

14:11 18.03.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Son zamanlar dünya gündəmini koronavirus əleyhinə hazırlanmış “Astra Zeneca” peyvəndinin qanın laxtalanmasına səbəb olması kimi xəbərlər bürüyüb. Hazırda bir çox ölkə bu narahatlıq səbəbi ilə peyvəndin tətbiqini dayandırmışdır. Belə ölkələr sırasında Almaniya, Fransa, İtaliya, İspaniya və İsveçrə də var.

Panikanın geniş vüsət aldığı bir vaxtda, Avropa Dərman Agentliyi isə “Astra Zeneca” vaksinindən istifadəni tövsiyə etməyə davam edir.  Qurum rəsmilərinin fikrincə, peyvəndin yan təsirləri onun faydalarından xeyli aşağıdır. Qanda laxtalanma yaratması ilə bağlı araşdırmaların nəticəsi isə cümə axşamı günü bilinəcək.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) insanları panika yaratmamağa çağırıb və bildiriblər ki, müşahidə olunan yan təsirlər ilə vaksin arasında bağlantı yoxdur.

Bəs görəsən, yerli mütəxəssislərin məsələyə yanaşması hansı formadadır? Astra Zeneca vaksinin ölkəmizdə tətbiqi və effektivliyi hansı səviyyədədir? Hazırkı vəziyyətdə əhalinin neçə faizi peyvənd edilməlidir ki, xəstəliyin qarşısı alınsın?

Məsələnin tibbi yönündə bizi maraqlandıran sualları infeksionist Nicat Əzimli cavablandırdı. Onun sözlərinə görə, hazırkı vəziyyətdə əhalinin 50-80 faizinin vaksinlənməsi kollektiv immunitetin formalaşması üçün kifayətdir. Astra Zeneca vaksininin yan təsirlərinə gəldikdə isə, infeksionist deyir ki, 17 milyon insan arasında 37 belə halla qarşılaşmaq normal sayılır:

“8 mart tarixinə qədər Avropada və Birləşmiş Krallıqda 17 milyon əhali üzərində Astra Zeneka vaksinindən istifadə olunub. Bu insanlar arasında 15 dərin venaların trombozu və 22 pulmoner emboliya halına rast gəlinib. Narahatlıq yaşayan adam sayı 17 milyon əhali üzərindən o qədər də yüksək hesab olunmur. Üstəlik, vaksinasiya edilməmiş normal əhali arasında da statistika aparılsa, belə hallarla qarşılaşmaq mümkündür. Elə şirkət tərəfindən də bildirilib ki, vəziyyət təhlükəli deyil, vaksindən istifadə oluna bilər. Nəzərə almaq lazımdır ki, “Astra Zeneca” vaksini ÜST tərəfindən qəbul olunmuş standart preparat hesab olunur. Onun əhali üzərində istifadəsinə heç bir əngəl görülmür.  Hazırda təqdim edilən rəqəmlərə əsasən onu deyə bilərəm ki, mümkün əks-təsirlər  istənilən müalicə vasitələrində və peyvənddə görülən qədərdir”.

Mütəxəssis “Vaksinasiya olunmuş insanlar virus təhlükəsindən nə qədər müdafiə oluna bilir?” məsələsinə də münasibət bildirdi. Həkim bildirir ki, vaksinlərin nə dərəcədə immunitet yaratdığı ilə bağlı fərqli ölkələr tərəfindən müxtəlif rəqəmlər deyilsə də, ortaq bir fikir var. Bu da sinovakın istehsal etdiyi koronavak vaksini tətbiq edilmiş şəxslərdə COVID-dən ölüm hallarının müşahidə olunmamasıdır:

“Həmin şəxslər virusun ölüm riskindən 100% sığortalanmış olurlar. Buna görə də hər halda bizi də maraqlandıran məhz bu olmalıdır. Ölkəmizdə 500 000 əhalinin peyvəndlənməsi xəstəliyin qarşısının alınması üçün çox azdır. Hər kəs bu prosesdə aktiv şəkildə iştirak etməlidir. Əhalinin azı 50 faizinin vaksinasiyasından sonra biz normal həyata qayıda bilərik”.

Yeri gəlmişkən, bir məqama da toxunmaq istərdik ki, Azərbaycanda ötən ayın 22-dən etibarən Sputnik V və “Astra Zeneka” vaksininin birgə tətbiqi sınağına start verildiyi deyilir. Bu iki peyvəndin birgə istifadəsi üçün sınaqlara ötən ayın 9-da icazə verilib.

N.Əzimli ötən günlərdə “Sputnik V” və “Astra Zeneca” vaksinlərinin birgə tətbiq edilməsi ilə bağlı ölkəmizdə 100 nəfər könüllü arasında keçiriləcək sınaqla bağlı heç bir məlumatının olmadığını da qeyd etdi.

Ardınca isə tibb elimləri doktoru, professor Aqil Qeybulla mövzuya münasibət bildirdi. Mütəxəssisin fikrincə, dünya ölkələrinin “Astra Zeneca” vaksinindən imtina etməsi üçün heç bir əsas yoxdur:

“Sadəcə olaraq bir məqamı nəzərə almaq lazımdır ki, bu vaksin 20 milyona yaxın insana vurulub. Ona görə də bu vaksinə qarşı hər hansı bir neqativ rəyi, ancaq ÜST verə bilər. Digər bütün şayiələr əsassızdır.  Azərbaycanda peyvənd olunan şəxslərdə virusa qarşı immunitet yaranması üçünsə, birinci vaksin olunduqdan sonra ikinci də edilmək şərti ilə immunitet yaranır. Kimdə bu müddət keçib, həmin şəxslərdə immunitet formalaşıb. Kollektiv immunitetin yaranması üçün 500 000 nəfərin peyvənd olunması çox azdır. Proses mütləq davam etdirilməlidir.

Qeyd edək ki, hazırda dünya mediasında “Astra Zeneca” vaksinindən istifadənin bir çox ölkələrdə dayandırılmasının “siyasi” səbəblərinin olduğu söz-söhbəti də dolaşmaqdadır. Elə son olaraq İtaliyanın Əczaçılıq İdarəsinin rəsmisi bu fikri önə sürmüşdü.