Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Casim əl-Bədivi İranın Səudiyyə Ərəbistanına məxsus "Vıdyən" tankerini Hörmüz boğazından keçərkən hədəfə almasını kəskin şəkildə pisləyib.
Hafta.az xəbər verir ki, baş katib insidenti beynəlxalq hüququn və beynəlxalq dəniz nəqliyyatı marşrutlarının təhlükəsizliyinə dair qaydaların kobud şəkildə pozulması kimi qiymətləndirib.
Casim əl-Bədivinin sözlərinə görə, bu hadisə İranın bölgədə təhlükəsizliyi pozmağa, qlobal enerji təhlükəsizliyini sarsıtmağa və beynəlxalq ticarətə təhdid yaratmağa yönəlmiş siyasətinin davamı kimi qiymətləndirilir. O bildirib ki, bu cür addımlar beynəlxalq qanunlara, norma və razılaşmalara ziddir.
Baş katib, həmçinin Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlərin Səudiyyə Ərəbistanı ilə tam həmrəy olduğunu vurğulayıb və krallığın milli maraqlarını qorumaq məqsədilə həyata keçirdiyi bütün tədbirləri dəstəklədiklərini bəyan edib.