Elçin Mirzəbəyli: “Azərbaycan artıq daha geniş coğrafiyanın oyunçusudur”

14:13 14.10.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirakı həm beynəlxalq siyasətdə, həm də qlobal təhlükəsizlik sistemində Azərbaycanın artan rolunun parlaq göstəricisidir. Bu hadisə təkcə diplomatik jest deyil, eyni zamanda, Azərbaycanın regional güc mərkəzinə çevrildiyinin, balanslaşdırılmış və etibarlı tərəfdaş kimi qəbul olunduğunun təsdiqidir”.

Bunu Hafta.az-a açıqlamasında millət vəkili Elçin Mirzəbəyli bildirib. Onun sözlərinə görə, İlham Əliyevin sammitə dəvəti onu göstərir ki, Azərbaycan artıq təkcə Cənubi Qafqazın deyil, daha geniş coğrafiyanın, Yaxın Şərqin, Avrasiyanın və qlobal enerji təhlükəsizliyinin mühüm oyunçusudur.

Deputat qeyd edib ki, sözügedən tədbirdə iştirak Azərbaycanın son illərdə qazandığı strateji etimadın, sabitlik və rasional siyasət nümunəsinin nəticəsidir:

“İlham Əliyevin şəxsində Azərbaycan rəhbərliyi dünya siyasətində praqmatik diplomatiyanın və milli maraqlara əsaslanan çoxvektorlu kursun uğurlu modelini təqdim edir. Məhz bu yanaşma sayəsində Bakı həm Qərblə, həm də İslam dünyası ilə münasibətlərdə körpü rolunu oynayır. Yaxın Şərqdə davam edən münaqişələr, xüsusilə Fələstin məsələsi, humanitar böhran və enerji təhlükəsizliyi kimi problemlər fonunda Azərbaycanın təcrübəsi - 30 illik işğaldan sonra sülh və bərpa strategiyası digər ölkələr üçün də aktual nümunə kimi qiymətləndirilir.

Azərbaycanın Yaxın Şərq probleminin həllində rolu, ilk növbədə, sülhün təminində vasitəçi, sabitlik və inam yaradan tərəf kimi mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyev bir çox beynəlxalq platformalarda göstərib ki, Azərbaycanın mövqeyi ədalətli sülh və beynəlxalq hüququn üstünlüyü prinsiplərinə əsaslanır. Bu yanaşma, xüsusilə də regionda münaqişələrin diplomatik həllinə yönələn yeni modellərin axtarışında dəyərlidir. Azərbaycanın bərpa təcrübəsi, işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” proqramı, yaşıl enerji konsepsiyası, mədəni irsin dirçəldilməsi müharibələr nəticəsində dağıntılara məruz qalmış ərazilər üçün də praktik nümunə kimi təqdim oluna bilər”.

Deputat vurğulayıb ki, Sammit çərçivəsində keçirilən görüşlərdə İlham Əliyevin həm ikitərəfli, həm çoxtərəfli müstəvilərdə verdiyi mesajların mərkəzində ədalət, qarşılıqlı hörmət və milli suverenliyə əsaslanan beynəlxalq münasibətlər prinsipi dayanması Azərbaycanın qlobal proseslərə münasibətini əks etdirməklə yanaşı, inkişaf etməkdə olan dövlətlərin maraqlarını müdafiə edən ədalətli dünya nizamı ideyasına uyğun bir mövqedir:

“Azərbaycan artıq sübut edib ki, o, regional münaqişələrin aləti deyil, əksinə, dialoqun təşəbbüskarı, qarşıdurmaların neytrallaşdırıcısı və strateji sabitlik mənbəyidir. İlham Əliyevin Misirdəki sammitdə iştirakı həm də onu göstərir ki, Azərbaycanın geosiyasi çəkisi təkcə enerji resursları ilə deyil, siyasi rasionalizmi, humanist yanaşması və sülhyaratma təcrübəsi ilə ölçülür. Qlobal səviyyədə mürəkkəb güc balanslarının formalaşdığı bir vaxtda, bu iştirak həm Qafqazdan Yaxın Şərqə qədər uzanan sabitlik xəttinin təməlində Azərbaycanın yerini möhkəmləndirir, həm də yeni beynəlxalq konsensusun yaranmasında Bakının intellektual və diplomatik potensialını ön plana çıxarır”.