Əlillik dərəcəsinin müəyyənləşdirilməsi ilə bağlı yeni qanun yanvardan tətbiq olunacaq - Açıqlama

16:41 13.09.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Əlillik dərəcəsinin təyin olunması və müvafiq protokol üzrə yoxlanışların aparılması mütəmadi olaraq bu qrupdan olan insanların ciddi narahatlığına səbəb olur. Yenidən əlilliyin təyin olunması üçün müraciət edənlərin tibbi müayinələrə görə uzun növbə gözləməsi onların durumunu daha da ağırlaşdırır.

İnsan hüquqları üzrə müdafiəçi Sahib Məmmədov hesab edir ki, ölkədə əlilliyin təyin olunması ilə bağlı müzakirəyə çıxarılan yeni qaydalar problemi tamamilə həll etməsə də, prosesi bir xeyli asanlaşdıracaq:

“Yeni qaydalara görə orqanların funksional pozulma dərəcələri müəyyən olunur, hər dərəcənin özü də üç yerə bölünür və s. belə sinifləndirmə də daha obyektiv  qiymətləndirməyə imkan yaradır”.

Ekspertin fikrincə dünya təcrübələrinə əsaslanan qanunun özünü tam olaraq nə dərəcədə doğrultduğunu yalnız yanvar ayından sonra bilmək olar: 

“Yeni qaydalar hələ ki qüvvəyə minməyib. Nazirlər kabineti tərəfindən 2019-cu ildə hazırlanıb. Əlilliyi olan şəxslərin hüququları haqqında qanunda dəyişiklik edilsə də, qaydalar hələ təsdiq olunmayıb. Ola bilsin yaxın zamanlarda təsdiq edilsin. Hər bir halda əvvəlki ilə müqayisədə bir xeyli yenilik var. Yanvar ayının birindən tətbiqinə başlanması gözlənən bu qanunun özünü nə dərəcədə doğruldub doğrultmayacağı da həmin tarixdən sonra bəlli olacaq. Gözləntilər isə yüksəkdir. Fikrimcə yeni qydalar daha obyektiv qiymətləndirməyə imkan verəcək və beləcə əlilliyin dərəcələr üzrə təyini düzgün aparılacaq”.